Elmimizin fədaisi

Hələ XIII yüzilliyin əvvəllərində orta əsrlər Azərbaycan elmini dünya elmi səviyyəsinə qaldıran, onu öz zəkası ilə işıqlandıran görkəmli alim Nəsirəddin Tusi alimləri elmi biliklərinin çoxluğu ilə yanaşı, əməllərinin faydası, əxlaqlarının saflığı və özlərinin xeyirxahlığı ilə də sınamağın lazım olduğunu xüsusi vurğulayırdı. Bu günlərdə 90 yaşı tamam olan Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Teymur Əmiraslan oğlu Bünyadov da yalnız Vətən tarixşünaslığında layiqli yeri olan dəyərli elmi əsərləri ilə deyil, faydalılığı, saf əxlaqı, xeyirxah əməlləri ilə ad çıxaran ləyaqətli ziyalı kimi tanınmışdır. Ömrünün müdriklik zirvəsinə çatan bu dəyərli insan maddi və mənəvi mədəniyyətimizi öyrənən Azərbaycan etnoqrafiya elminin yaradıcılarından biri, Vətən tarixinin və arxeologiyasının inkişafında xüsusi xidmətləri olan tədqiqatçı alimdir. Həyat onu çox sınaqlardan keçirmişdir. Uşaqlıqdan zəmanənin acılı-şirinli məqamlarını dadmış, çətinliklərə, bəzən də haqsızlıqlara dözmüş, onlara sinə gərmiş və nəhayət, keşməkeşli həyatın ağır imtahanlarından alnıaçıq, üzüağ çıxmağı bacarmışdır.

1928-ci il yanvarın 20-də Qazaxın II Şıxlı kəndində dünyaya göz açan Teymur Bünyadovun taleyində xalqımızın XX əsrdə üzləşdiyi qanlı repressiya illəri ağır izlər buraxmışdır. Atası Əmiraslan Nazar oğlu 1938-ci ildə “xalq düşməni” damğası ilə güllələnmişdir. Səkkiz yaşında olarkən anasını itirmiş uşaq üçün bu yeni ailə faciəsi nə qədər ağır olsa da, həyatın enişli-yoxuşlu, daşlı-kəsəkli yolu onu sarsıtmamış, iradəsi, əzmkarlığı ilə bütün çətinliklərin öhdəsindən gəlməyə özündə qüvvə tapmış, hətta orta məktəbi qızıl medalla bitirmişdi. 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsilini davam etdirən və onu uğurla başa vuran Teymur Bünyadov bununla kifayətlənməmiş, az sonra Moskvada SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasına daxil olmuşdur. 1955-ci ildə məşhur qafqazşünas alim, Lenin mükafatı laureatı Yevgeni Krupnovun rəhbərliyi altında elə həmin institutda “Tunc dövründə Azərbaycanda əkinçilik və maldarlıq” mövzusunda yazdığı tarix üzrə namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Müdafiədə iştirak edən qafqazşünas alimlər dissertasiya işinə yüksək qiymət vermiş, bu mövzuda tədqiqat əsərinin təkcə Azərbaycanda deyil, hətta bütün Qafqazda ilk dəfə qələmə alındığını və tarixşünaslıq baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etmişlər. Öz tədqiqatı ilə Qafqazın əkinçilik mədəniyyətinin vətənlərindən olduğunu sübut edən gənc alim üçün təcrübəli həmkarlarının verdiyi bu yüksək qiymət, sözsüz ki, böyük uğur idi.

 1955-ci ilin mayında həyatının Moskva dövrünü başa vurub, Vətənə dönən Teymur Bünyadov sonrakı elmi fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda, 1993-cü ildən isə yeni təşkil olunmuş Arxeologiya və Etnoqrafiya İnstitutunda davam etdirmişdir. Hələ
1968-ci ildə “Azərbaycanın qədim və orta əsrlərdə təsərrüfat həyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə etməklə, o, arxeologiya və etnoqrafiya elmləri sahəsində respublikada ilk tarix elmləri doktoru alimlik dərəcəsi almış və 1970-ci ildə professor adına layiq görülmüşdü. Həyatını elmlə bağlayan bu zəhmətkeş alim üçün sonrakı illər də uğurlu olmuşdur. 1989-cu ildə Teymur müəllim Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Azərbaycan arxeologiya və etnoqrafiya elminə aid 35 monoqrafiyanın, 800-dən artıq məqalənin müəllifi olan akademik Teymur Bünyadovun əsərləri təkcə respublikamızda deyil, onun hüdudlarından uzaqlarda – Türkiyə, İran, Rusiya, Ukrayna, Norveç kimi ölkələrdə də çap edilmişdir.

Teymur Bünyadovun 1960-cı ildə çap olunmuş irihəcmli ümumiləşdirilmiş “Azərbaycan arxeologiyası oçerkləri” adlı kitabında, hər şeydən əvvəl, arxeologiya elminin tarixi, məqsəd və vəzifələri şərh edilir. Respublikada həmin mövzuda ilk dəfə qələmə alınan bu monoqrafiyada Azərbaycan xalqının dünyanın ən qədim və mədəni xalqlarından biri olduğu sübuta yetirilmişdir. Əsər mütəxəssislərin bu gün də müraciət etdiyi kitablardandır.

Qədim və orta əsrlər Azərbaycanında kənd təsərrüfatının tarixinə dair mövzunu uğurla tədqiq edən Teymur Bünyadov 1964-cü ildə “Azərbaycanda əkinçiliyin inkişaf tarixinə dair”, 1969-cu ildə isə “Azərbaycanda maldarlığın inkişaf tarixindən” monoqrafiyalarını çap etdirmişdir. Akademikin doktorluq dissertasiyasının mövzusunu əhatə edən hər iki əsər haqqında Moskvada nüfuzlu “Sovetskaya arxeologiya” və “Sovetskaya etnoqrafiya” jurnallarında görkəmli alimlər R.Munçayevin, Ş.Quliyevin, A.Trofimovanın müsbət rəyləri dərc edilmiş, həmin əsərlərin Azərbaycan tarixinin araşdırılmasında mühüm rolu göstərilmişdir.

Alimin yazdığı qiymətli əsərlərdən biri də 1975-ci ildə işıq üzü görmüş “Əsrlərdən gələn səslər”dir. Əsər o qədər təsirli qələmə alınmışdır ki, onu həyəcansız oxumaq olmur. Burada zəngin adət-ənənələrimizlə yanaşı, xalqımızın musiqi irsi ilk dəfə tarixi-etnoqrafik baxımdan tədqiqata cəlb olunmuşdur. Onu da qeyd etməliyik ki, Teymur müəllimin bu mövzuda topladığı zəngin etnoqrafik və folklor materialları onu tədqiqatı davam etdirməyə sövq etmiş və o, 1993-cü ildə həcmi, əhatə dairəsi və daha dərin məzmunu ilə əvvəlkindən fərqli, lakin eyni adlı – “Əsrlərdən gələn səslər” kitabı ilə oxucularını sevindirə bilmişdir.

İctimai elmlər sahəsində mühüm hadisə sayılan, 2007-ci ildə isə böyük tirajla çap edilən üçcildlik “Azərbaycan etnoqrafiyası” fundamental əsərinin təşkilatçısı, baş redaktoru və iki cildə yaxınının müəllifi Teymur Bünyadovdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli sərəncamına əsasən nəşr olunan bu üçcildlikdə Azərbaycan xalqının təsərrüfat həyatı, maddi və mənəvi mədəniyyəti, sənətkarlığı, ailə məişəti və s. bu kimi məsələlər öz əksini və elmi həllini tapmışdır.

Teymur müəllimin son dövr fəaliyyəti də çox maraqlıdır: onun bilavasitə rəhbərliyi ilə üçcildlik “Qəbələ tarixi”, “Qəbələ etnoqrafiyası” və “Qəbələ folkloru” kitabları rus və ingilis dillərinə tərcümə edilərək, yüksək tirajla çap olunmuşdur. Bu yaxınlarda SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı ilə keçirilən Qəbələnin arxeologiyası ilə bağlı beynəlxalq konfransda onun Qəbələnin tarixi haqqında çıxışı da bu sahədə gördüyü işlər kimi minnətdarlıqla qarşılanmışdır.

Akademik Teymur Bünyadov bir sıra elmi konfransların iştirakçısı olmuş, bu konfranslarda Azərbaycanın arxeologiya və etnoqrafiya elmlərini layiqincə təmsil etmişdir. Hələ gənc yaşında, 1960-cı ildə, o, şərqşünasların Moskvada keçirilən XXV Beynəlxalq konqresində, 1964-cü ildə antropologiya və etnoqrafiya elmləri üzrə Moskva VII Beynəlxalq konqresində, 1971-ci ildə arxeoloq və etnoqrafların Tiflisdə keçirilən ümumittifaq sessiyasında, 1990-cı ildə İstanbulda keçirilən Birinci Millətlərarası Azərbaycan-türk qurultayında, 2004-cü ildə Moskvada məşhur qafqazşünas alim Y.İ.Krupnovun 100 illiyinə həsr edilmiş elmi sessiyada, 2007-ci ildə Parisdə keçirilən “Azərbaycanın xalça sənəti” adlı Beynəlxalq konfransda və digər elmi forumlarda etdiyi dərin məzmunlu çıxışları ilə dünya alimlərinin böyük marağına səbəb olmuşdur.

Azərbaycanın bütün bölgələrini qarış-qarış gəzən, topladığı etnoqrafik materialları özünəməxsus dəst-xətlə yazıya alan xalqşünas akademikin “Ana Kürüm”, “Qızıl qaya”, “Mərd qalalar, sərt qayalar”, “Zirvəqala” kimi əsərlərində Vətənin müxtəlif guşələrinin tarixi, mədəniyyəti, etnoqrafiyası haqqında maraqlı məlumatlar toplanmışdır.

Akademik Teymur Bünyadov yalnız tarixçi-etnoqraf alim deyil, həm də folklorşünas, nasir və şairdir, ürəyi saza, sözə bağlı insandır. 1991-ci ildə yüksək tirajla nəşr edilən, bütöv bir nəslin sovet hakimiyyətinin ilk illərindən tutmuş – İkinci dünya müharibəsindən sonrakı illərədək davam edən acı taleli həyatından xəbər verən “Göz yaşları” romanı, eləcə də sonrakı illərdə çapdan çıxan “Xan çinar kölgəsində”, “Anam birdi, Vətən tək”, “Başı çalmalı dağlar”, “Ana laylası – beşik nəğməsi” adlı dördcildlik bayatılar kitabları dəyərli alimin bu sahədə yüksək istedad sahibi olduğunu təsdiq edir. Xüsusilə qəlb oxşayan, xalq deyimi incilərinin ruhunu özündə yaşadan, bir neçə sətirlik şeirlə sevgidən, həsrətdən, sevinc və ya kədərdən doğan fikri ifadə edən bayatıları oxucuların böyük sevgisi ilə qarşılanmışdır. Bu əsərlərdə xalqımızın zəngin mənəvi dünyası ilə yanaşı düçar edildiyi ədalətsiz müharibənin ağrıları, vətənsevər oğul və qızların döyüş əzmi işıqlandırılır.

Bütün bunlarla yanaşı, qəlbi Vətən eşqi ilə döyünən qeyrətli alim-yazıçı gənclərə mərdlik, mübarizlik və döyüşkənlik ruhu aşılamaq məqsədilə xalqımızın qəhrəmanlıq tarixindən bəhs edən “Qız var oğuldan qeyrətli”, “Cavanşir”, “Atropat”, “Babək”, “Şəmsəddin Eldəniz” və başqa bu kimi elmi-kütləvi əsərlərini çap etdirmiş, dəfələrlə cəbhə bölgələrində əsgərlər qarşısında çıxış etmişdir.

Akademik Teymur Bünyadovun xüsusilə gənc nəsil üçün qələmə aldığı, özünün zəngin həyat təcrübəsinin, dərin biliyinin məhsulu olan “Dedim ki, yadigar qalsın” və çapa hazırladığı “El bir olsa, dağ oynadar yerindən” kitabları da bu baxımdan olduqca oxunaqlı və əhəmiyyətlidir. Bu əhəmiyyət həmin əsərlərin tərbiyəvi, ibrətamiz, hikmət dolu məzmunundan, mənəvi zənginliyə səsləyən müdrik kəlamlardan irəli gəlir.

Teymur Bünyadov təkcə elmi və bədii yaradıcılıqla deyil, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Uzun illər o, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Slavyan Universitetində böyük həvəslə “Azərbaycan tarixi”, “Qədim dünya tarixi” və “Arxeologiya” fənlərindən mühazirələr oxumuşdur. Azərbaycanda tarixi etnoqrafiya məktəbini yaratmış xalqşünas alimin etnoqraf kadrlarının hazırlanmasında da gərgin, məqsədyönlü əməyi olmuşdur. Onun rəhbərliyi altında 10 elmlər doktoru, 35-dən çox tarix üzrə fəlsəfə doktoru yetişmişdir.

Azərbaycan etnoqrafiya elminin, mənəvi dəyərlərimizin təbliğində, geniş yayılmasında Teymur Bünyadovun Azərbaycan radiosu və televiziyasında təşkil etdiyi verilişlər olduqca təqdirəlayiqdir. O, iki ildən artıq müddətdə Azərbaycan Dövlət Televiziyasında böyük maraqla izlənən “Əsrlərdən gələn səslər” adlı verilişin ssenari müəllifi və aparıcısı olmuşdur. “Kölgələr sürünür” bədii filminin ekran həyatı qazanmasında da elmi məsləhətçi kimi Teymur Bünyadovun xidməti böyükdür.

Akademik Teymur Bünyadov həm də ictimai-siyasi xadimdir. O, 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmiş, Elm və Təhsil Məsələləri Daimi Komissiyasının sədri, eyni zamanda, Azərbaycan-İrlandiya parlamentlərarası komissiyasının sədri olmuşdur.

1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Teymur Bünyadov prezident seçkiləri kampaniyalarında ümummilli lider Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin vəkili kimi çıxış etmiş, Qarabağ, Gəncəbasar, Qazax-Ağstafa, Lənkəran və Şirvan bölgələrində geniş təbliğat işi aparmışdır. Teymur Bünyadov uzun illər AMEA Humanitar və İctimai Elmlər bölməsinin akademik-katibinin müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvü, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında özəl təhsil müəssisələrinin fəaliyyətini tənzimləmək məqsədilə yaradılan Dövlət Ali Ekspert Komissiyasının üzvü, Türkiyə-Azərbaycan Millətlərarası Komissiyasının və Respublika Ziyalılar Cəmiyyətinin üzvü olmuşdur.

Bununla yanaşı, akademik Teymur Bünyadov Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, Qafqaz Müsəlmanları İdarəsi Elmi- Dini Şurasının üzvü, Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının “Arxeologiya” və “Etnoqrafiya” ixtisasları üzrə dissertasiyaların müdafiəsi şurasının sədri və Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının tarix problemləri üzrə elmi şuranın üzvü, “AMEA-nın Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası)”, “Tarix və onun problemləri”, “İpək yolu”, “Təkamül”, “Müasir mədəniyyətşünaslıq”, “Qarapapaqlar” və başqa jurnalların redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərir.

Elm məbədimiz Elmlər Akademiyasına qədəm basdığı ilk vaxtdan etibarən alim və vətəndaş məfhumlarını özündə birləşdirən, həyata açıq gözlə baxan, baş verən hadisələrin nəbzini tutmağı bacaran bir şəxsiyyət kimi tanınan akademik Teymur Bünyadov elmi, pedaqoji və ictimai-siyasi fəaliyyətinin nəticəsi olaraq 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmiş, 2008-ci ildə Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, AMEA-nın tarix üzrə Bakıxanov adına mükafatın ilk laureatı olmuşdur.

Teymur müəllim yalnız respublikada deyil, onun hüdudlarından çox-çox uzaqlarda tanınan alim və ziyalıdır, gəncləri vətənpərvərliyə ruhlandıran vətəncanlı, torpaqcanlı şəxsiyyətdir, el-oba, yurd sevgili könül adamı, qəlb sahibidir. Ömrünün ixtiyar və müdrik çağında da elmi axtarışları davam etdirən, öz ağsaqqallıq missiyasını böyük məsuliyyətlə icra edən qəlbicavan böyük insana sağlam ömür, həmişə qazandığı uğurların davamlı olmasını arzulayırıq.

Nailə VƏLİXANLI,
akademik, Əməkdar elm xadimi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında