Şah İsmayıl Xətainin anadan olmasının 530 illik yubileyi münasibətilə respublika elmi konfransı

Dünən AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində xalqımızın ictimai-siyasi və mədəni həyatında müstəsna xidmətlər göstərmiş dövlət xadimi, sərkərdə və şair Şah İsmayıl Xətainin anadan olmasının 530 illiyinə həsr edilən “Xətainin qılıncı və qələmi” mövzusunda respublika konfransı keçirilib.

Konfransı açan muzeyin direktoru, akademik Rafael Hüseynov Şah İsmayıl Xətainin həyat və fəaliyyətindən danışıb, onun yaddaşlara millət, dövlət quruculuğu sahəsində bir neçə mühüm strateji istiqaməti qovuşduran qüdrətli sərkərdə, dövlət xadimi və şair kimi həkk edildiyini qeyd edib. Bildirilib ki, Şah İsmayıl Xətai Azərbaycan tarixinin və dövlətçiliyinin müstəsna simalarından, görkəmli şəxsiyyətlərindən olub. Xətaiyə həsr olunan ilk böyük tədbir onun anadan olmasının 500 illik yubileyi münasibətilə1987-ci ildə Bakıda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilib. Görkəmli alim və klassiklərimizin xatirəsinin hər zaman anılmasının vacibliyini vurğulayan muzeyin direktoru hər beş ildən bir Ədəbiyyat Muzeyinin təşəbbüsü ilə Xətainin yubiley və ildönümlərinin qeyd olunduğunu diqqətə çatdırıb. O, Xətai şəxsiyyətinin, irsinin xalqa təqdim edilməsində akademik Həmid Araslının, professor Əzizağa Məmmədovun və digər görkəmli alimlərin rolunu xüsusi qeyd edib.

Rafael Hüseynov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin son illərdə görkəmli dövlət xadimi Şah İsmayıl Xətaiyə həsr etdiyi “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi”, “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti” kitabları barədə danışaraq deyib:

“Akademik Ramiz Mehdiyev elm adamı olmaqla yanaşı, həm də ölkənin ali idarəçilik strukturunda böyük təcrübəyə malik görkəmli dövlət xadimi, respublikamızın idarəçiliyini təmin edən əsas simalardan birdir. Onun qələmindən çıxan hər yazıya yalnız elmi məhsul kimi yox, həm də siyasi siqləti, siyasi mənası olan əsər kimi yanaşmaq lazımdır. Akademik R.Mehdiyevin Xətai şəxsiyyəti və yaradıcılığına müraciət etməsi, görkəmli şəxsiyyəti müasir Azərbaycan dövlətçiliyi kontekstində təhlil etməsi onu göstərir ki, bu gün dövlətimizin apardığı siyasətin içərisində də Şah İsmayıl Xətaiyə ehtiyac var. Çünki Xətai Azərbaycanda mərkəzləşdirilmiş dövlət anlayışının təfəkkürdə oturuşmasında əməyi olan insandır.

Konfransda professorlar Şəfəq Əlibəyli, Paşa Kərimov, Şahin Fazil Şah İsmayıl Xətainin həyat və yaradıcılığı barədə məruzələrlə çıxış edib, onu tarixi mənbələrin və qaynaqların da təsdiq etdiyi kimi, görkəmli şəxsiyyət, dövlət xadimi, sərkərdə, şair kimi xarakterizə ediblər.

Sonra konfrans “Şah İsmayıl Xətainin ədəbi irsi və orta əsrlər Azərbaycan ədəbiyyatının problemləri”, “Şah İsmayıl Xətai dövründə və orta əsrlər Azərbaycanında ana dili və terminologiya problemləri”, “Səfəvilər dönəmi Azərbaycan xarici siyasətinin başlıca istiqamətləri və orta əsrlər Azərbaycan diplomatiyasının problemləri” və digər bölmələrdə işini davam etdirib.

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında