Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi qeyd olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri 2017-ci il yanvarın 14-də “Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb və yubileylə bağlı Tədbirlər Planını təsdiq edib. Yubiley ərəfəsində Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsi üçün yeni bina inşa olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, noyabrın 10-da Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, tədris korpusunda yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 2 mərtəbədən ibarət olan İqtisad korpusunda 5-i elek-tron lövhəli, 1-i elektron kürsülü olmaqla 24 auditoriya, kompüter sinfi, kitabxana, arxiv, dekanlıq və kafedralar üçün otaqlar yerləşir. Kompüter sinfində 31 kompüter quraşdırılaraq internetə qoşulub. Dekanlıq və kafedra otaqları da kompüterlərlə təchiz edilib. Binada elektron təhsilin tətbiqi üçün müasir infrastruktur yaradılıb. Müasir interyeri ilə diqqəti cəlb edən geniş auditoriyalarda proyektorlar, kompüter dəstləri, elektron lövhələr və elektron kürsülər quraşdırılıb, sürətli internetə çıxış təmin edilib.

İqtisad fakültəsində “İqtisadiyyat”, “Mühasibat uçotu və audit”, “Dünya iqtisadiyyatı” və “Menecment” ixtisasları üzrə ali təhsilli kadrlar hazırlanır, “İqtisadiyyat”, “Mühasibat uçotu və maliyyə”, “Dünya iqtisadiyyatı və Menecment” kafedraları fəaliyyət göstərir.

Həmin gün Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Universitetinin 50 illiyi ilə əlaqədar tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yubiley tədbirində çıxış edərək deyib: Bu gün Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyini qeyd edirik. Naxçıvan Dövlət Universiteti ötən 50 ildə böyük inkişaf yolu keçib. Ali təhsil ocağının milli təhsil müəssisəsinə çevrilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1972-ci ildə ulu öndərimizin himayəsi ilə Azərbaycan Pedaqoji İnstitutu Naxçıvan filialının bazasında müstəqil institut yaradılmış, sonradan isə həmin institut universitetə çevrilmişdir. “Çox xoşbəxtəm ki, mən bu universitetin yaranmasının təməlini qoyanlardan biri və onun təşəbbüskarıyam... Böyük iftixar hissi keçirirəm ki, əsasını qoyduğumuz bu gözəl təhsil ocağı indi böyük şöhrətə malikdir... Naxçıvan təhsili, məktəbi mənim üçün əzizdir. Naxçıvan Dövlət Universiteti isə Naxçıvan təhsilinin zirvəsidir” – deyən ümummilli liderimizin tövsiyələri əsas götürülərək burada quruculuq tədbirləri görülmüş, müasir təhsil infrastrukturu yaradılmışdır. Həyata keçirilən tədbirlərin bariz nümunəsidir ki, bu gün – universitetin yubiley günündə də Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsi üçün müasir tələblərə uyğun yeni tədris korpusu istifadəyə verildi.

Ali Məclisin sədri Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi və yeni tədris korpusunun istifadəyə verilməsi münasibəti ilə universitetin bütün professor-müəllim heyətini və tələbələri, tədbir iştirakçılarını təbrik edərək deyib: Ölkə Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafı və insan kapitalının formalaşdırılması sahəsində müəyyənləşdirdiyi tədbirlərə uyğun olaraq bu gün Naxçıvan Dövlət Universiteti də yeni inkişaf mərhələsinə qədəm qoyub. Muxtar respublikada aparılan quruculuq işləri bu universiteti də əhatə etmiş, son illər tədris korpusları, kitabxana, konservatoriya, Sosial Xidmət Mərkəzi, xəstəxana, Olimpiya İdman Mərkəzi, Baytarlıq Təbabəti və Tələbə evi istifadəyə verilmiş, böyük bir ərazidə müasir “Universitet şəhərciyi” salınmışdır. Naxçıvan Dövlət Universitetində informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq olunmuş, elektron idarəetmə və tədris sistemi istifadəyə verilmiş, kadr hazırlığına diqqət artırılmış, yeni fakültələr və ixtisaslar açılmışdır. 1967-ci ildə 3 ixtisas və 103 tələbə ilə fəaliyyətə başlayan universitetdə hazırda 6 minə yaxın tələbə təhsil alır. 58 ixtisas üzrə bakalavr, 68 ixtisas üzrə magistr, 35 ixtisas üzrə doktorant hazırlığı aparılır. Universitetdə dissertasiya şurasının fəaliyyət göstərməsi muxtar respublikada ali təhsillə yanaşı, elmi potensialın da inkişafına əhəmiyyətli təsir göstərmişdir.

Ali Məclisin sədri deyib: Bu gün qətiyyətlə demək olar ki, Naxçıvan Dövlət Universitetinin keçdiyi yol zəngin maarifçilik ənənələrinə malik olan Naxçıvan Muxtar Respublikasında təhsilin yeni inkişaf tarixidir. Universitet muxtar respublikada ali təhsil sisteminin inkişafı ilə yanaşı, milli şüurun formalaşmasında, gənclərin vətənpərvərlik tərbiyəsində də mühüm xidmətlər göstərmiş, burada peşəkar milli kadrlar hazırlanmışdır. Artıq Naxçıvan Dövlət Universitetinin məzunları Azərbaycanda milli dövlət quruculuğunun müxtəlif sahələrində çalışır, sosial-iqtisadi inkişafa öz töhfələrini verirlər. Ölkə Prezidenti cənab İlham Əliyev Naxçıvan Dövlət Universitetinin fəaliyyəti haqqında demişdir: “Naxçıvan Dövlət Universiteti böyük və şərəfli yol keçmişdir. Mən şadam ki, universitet çox sürətlə inkişaf edir, burada çox böyük işlər görülür. Universitet dünyanın aparıcı ali məktəbləri ilə çox yaxşı işgüzar əlaqələr yarada bilibdir. Burada müxtəlif ölkələrdən tələbələr oxuyur. Bu da onu göstərir ki, Naxçıvan Dövlət Universitetinin nüfuzu dünyada kifayət qədər yüksək səviyyədədir”.

Ali Məclisin sədri Azərbaycanda ali təhsilli ixtisaslı kadrların hazırlanması sahəsindəki səmərəli fəaliyyətinə, eləcə də elmin və təhsilin inkişafındakı xidmətlərinə görə Naxçıvan Dövlət Universitetinin kollektivinə təşəkkür edib.

“Naxçıvan Dövlət Universitetinin ötən 50 ildə qazandığı təcrübə, elmi potensial və yaradılan tədris imkanları bizim sərvətimizdir”, - deyən Ali Məclisin sədri bu sərvətdən səmərəli istifadə edilərək ölkəmizin və xalqımızın bu günü və sabahı üçün layiqli vətəndaşlar hazırlanacağına əminliyini bildirib, universitetin kollektivini bir daha yubiley münasibəti ilə təbrik edib.

Sonra tədbirdə Azərbaycan Respublikasının medal və fəxri adlarına, Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülənlərə müvafiq təltif və mükafatların təqdimatı olub.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 oktyabr tarixli sərəncamları ilə Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi münasibətilə və təhsilin inkişafındakı xidmətlərinə görə universitetin əməkdaşlarından 7-si “Tərəqqi” medalı, 8-i isə Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adı ilə təltif olunub. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2017-ci il 1 noyabr tarixli sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi ilə əlaqədar olaraq muxtar respublikada təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə universitetin müəllimlərindən 16-sı Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi”, 1-i “Əməkdar mədəniyyət işçisi”, 1-i isə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarına layiq görülüb.

Ali Məclisin sədri təltif olunanlara medal və fəxri adların döş nişanını və vəsiqələrini, eləcə də Naxçıvan Dövlət Universitetində fərqlənən 10 müəllim və 8 tələbəyə noutbuk, 24 tələbəyə isə planşet təqdim edib.

Təltif olunan müəllimlərdən İsmayıl Zeynalov, Allahverdi Hüseynov, Əbülfəz Məmmədov, Akif Əliyev və Məmməd Əliyev əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıq ediblər.

Universitetin Müalicə işi ixtisası üzrə üçüncü kurs tələbəsi, Türkiyə vətəndaşı Şehriban Sarıhan minnətdarlıq edərək deyib:  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”. Birlik, bərabərlik, dostluq və qardaşlıq münasibətləri hər iki ölkədən olan gənclərin dəyərlərimizə sədaqət ruhunda tərbiyəsinə imkan verir.  Biz gənclər Azərbaycanın bayrağını öz bayrağımız, sevincini öz sevincimiz kimi qəbul edirik. Naxçıvanda təhsil almağımız üçün yaradılan şərait və göstərilən diqqət isə məsuliyyətimizi daha da artırır. Bütün bunlar tələbə-gənclər tərəfindən böyük razılıqla qarşılanır.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi münasibətilə təbriklərini çatdıraraq deyib: Zəngin və şərəfli inkişaf yolu keçən Naxçıvan Dövlət Universiteti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyalarına köklənmiş dövlətçilik universitetidir. 5 min illik tarixi olan Naxçıvanda elmin və təhsilin inkişafı sahəsində görülən işlər Naxçıvan Dövlət Universitetinin timsalında daha aydın görünür. Ali Məclisin sədrinin diqqət və qayğısı nəticəsində universitetdə böyük quruculuq işləri aparılıb, tədris müasir tələblərə uyğun qurulub, yeni fakültələr və ixtisaslar açılıb. Artıq Naxçıvan Dövlət Universiteti elmin, tədrisin və mədəniyyətin inteqrasiyasını özündə birləşdirən mötəbər ali təhsil ocağıdır. Universitet ölkəmizdə ixtisaslı kadrlara olan tələbatın ödənilməsi sahəsində səmərəli fəaliyyət göstərir. Bu gün Naxçıvan Dövlət Universitetinin məzunları dövlətçilik təfəkkürü və Azərbaycançılıq məfkurəsi ilə zənginləşmiş yeni nəsildir.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinə həsr olunmuş sənədli televiziya filminə baxış olub.

Sonra Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında konsert proqramı olub.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında