Mayk Hardi Azərbaycan Turizm və Menecment Universitetinin fəxri doktorudur

Azərbaycan Turizm və Menecment Universitetində keçirilən tədbirdə universitetin rektoru İlham Mədətov bildirib ki, bu ali məktəbin ilk fəxri doktoru adı 6 il əvvəl BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaiyə verilib. İndi isə “Bakı prosesi”nin və Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının akademik məsləhətçisi, professor Mayk Hardiyə ATMU-nun 3-cü fəxri doktoru adının verilməsi mərasimi keçirilib.

İngiltərənin Koventri Universitetinin Etimad, Sülh və Sosial Münasibətlər Mərkəzinin icraçı direktoru, professor Mayk Hardinin həyat və fəaliyyəti barədə məlumat verən rektor İ.Mədətov qeyd edib ki, 1995-ci ildən etibarən Mayk Hardi Britaniya Şurasının mədəniyyətlərarası dialoq, gənclərin məşğuliyyəti (cəlb olunması) və qlobal strateji əməkdaşlıq üzrə Qlobal Proqramının məsul rəhbəridir. Mayk Hardi əvvəlki illərdə Lids Metropolitan Universitetində iqtisadiyyat və sosial siyasət kafedrasının rəhbəri və Mərkəzi Lankaşir Universitetində beynəlxalq biznes professoru olub.  Britaniya Şurasında təcrübəli menecer kimi formalaşan Mayk Hardi Dünya Bankı İnstitutu, Birləşmiş Krallığın Beynəlxalq İnkişaf Departamenti və Birləşmiş Millətlərin Sivilizasiyalar Alyansı ilə korporativ əlaqələr yaradıb. 1997--2004-cü illərdə Mayk Hardi Fələstin Rifah Assosiasiyası ilə birgə Dünya Bankı tərəfindən maliyyələşən “Fələstin ərazilərində qeyri-hökumət təşkilatlarına dəstək” layihəsinə rəhbərlik edib. Onun digər mühüm xidmətlərinə Birləşmiş Krallıq adına 1995-ci ildə Kamerunda dövlət idarəçiliyi islahatı proqramları, 1997-ci ildə Sibirdə Avropa İttifaqı texniki dəstək proqramları, 2012-ci ildə Keniyada Seçkiqabağı Gərginlik Monitorinqi (Nayrobi Universiteti ilə birgə) kimi işlər də daxildir.

Mayk Hardi Birləşmiş Millətlərin Sivilizasiyalar Alyansında fəallığı ilə fərqlənib və 2011-ci ilin dekabrında keçirilən Doha Forumunda müxtəlifliyin idarə olunmasında ali təhsilin rolu mövzusunda aktiv əlaqələndirmə sessiyasının moderatoru olub. Koventri Universitetinin “Etimad, Transformasiyalar və Sülh” Tədqiqat Mərkəzinin rəhbər komandasının üzvüdür.  Mayk Hardi 2001-ci ildə Yaxın Şərqdə fəaliyyətinə görə OBE (Order of the British Empire) mükafatı ilə təltif edilib və 2010-cu ilin iyununda mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq fəaliyyətinə görə, Böyük Britaniya Kraliçası tərəfindən mükafata layiq görülüb.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək, Mayk Hardini ATMU-nun fəxri doktoru adına layiq görülməsi münasibətilə ilə təbrik edib. Nazir ölkəmizin dünyada mədəniyyətlərarası dialoqun və multikulturalizmin təşviqi sahəsində mühüm rolundan danışıb. Deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib və xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. O, diqqətə çatdırıb ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı prosesi” təşəbbüsü irəli sürülüb. “Bakı prosesi” çərçivəsində 2011, 2013, 2015 və 2017-ci illərdə dörd dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ölkəmizdə yüksək səviyyədə təşkil edilib.

Ölkəmiz uzun illərdir ki, dinlərarası dözümsüzlüyün gücləndiyi dünyada mədəniyyətlərarası dialoqu təşviq edir, multikulturalizm siyasətini uğurla həyata keçirir. Bu prosesdə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də təşkilatçı ölkə olan Azərbaycana dəstək verirlər. Xarici ekspertlər arasında professor Mayk Hardinin rolunu xüsusilə qeyd etmək lazımdır.

Bildirilib ki, Mayk Hardi 2012-ci ildən bəri “Bakı prosesi”nin və Dünya Mədəniyyətlərarası Dialoq Forumlarının akademik məsləhətçisidir. O, 2013, 2015 və 2017-ci illərdə Bakıda keçirilmiş Dünya Mədəniyyətlərarası Dialoq forumlarının konseptual sənədlərinin hazırlanmasında və forumun beynəlxalq işçi qrupunun üzvü kimi UNESCO və BMT-nin baş qərargahlarında keçirilmiş təqdimatlarında əsas çıxışçı kimi iştirak edib. Alim “Bakı Posesi”nə və ölkəmizin mədəniyyətlərarası dialoq siyasətinə dair beynəlxalq mətbuatda dəfələrlə yazılar dərc etdirib. Hazırda Mayk Hardi geniş beynəlxalq akademik ictimaiyyət, siyasət və hökumət təmsilçiləri üçün “Bakı prosesi”nin 10 illiyinə həsr olunmuş kitab üzərində işləyir.

Mayk Hardiyə ATMU-nun fəxri doktoru diplomu təqdim olunduqdan sonra o, çıxış edərək Azərbaycanın dünyada multikulturalizmə verdiyi dəyərli töhfələrdən danışıb, ölkəmizdə bu sahədə atılan addımları yüksək qiymətləndirib. Ona ATMU-nun fəxri doktoru adının verilməsindən qürurlandığını deyən qonaq göstərilən yüksək etimada görə öz təşəkkürünü bildirib. Bu ali təhsil ocağının professor-müəllim heyətinin və tələbələrin peşəkar vərdişlərə yiyələnmələri üçün bilik və çoxillik peşə təcrübəsini əsirgəməyəcəyini və hər zaman Azərbaycanın və ATMU-nun yaxın dostu olacağını deyib.

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında