Bakı Slavyan Universiteti beynəlxalq mükafata layiq görülüb

Bu gün Azərbaycanın bir  sıra ali məktəbləri beynəlxalq miqyasda kifayət  qədər  uğur qazanmışlar. Bu sırada 2000-ci ildə ulu öndərin xeyir-duası ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus  Dili və  Ədəbiyyatı İnstitutunun  bazasında yaradılmış Bakı Slavyan Universitetini xüsusi qeyd etməliyik. Əllidən çox elmlər doktoru-professorun, 200-dən çox fəlsəfə doktorunun, 200-dən yuxarı baş müəllim və müəllimin çalışdığı universitet, əslində, slavyan ölkələri, Şərqi Avropa və Balkan yarımadası ölkələri ilə Azərbaycan arasında dostluq və qardaşlıq körpüsü rolunu oynayır.

Bundan əlavə, BSU-nun xarici ölkə universitetlərindəki mərkəzlərində əcnəbi tələbələrə dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, tariximiz və s. öyrədilir. Necə deyərlər, universitet respublikamızın xaricdə tanıdılmasında, dostluq və qardaşlıq münasibətlərinin bərqərar olunmasında son dərəcə önəmli mədəni-diplomatik missiya yerinə yetirir.

BSU həm də xarici dövlətlərin Azərbaycanda mədəni mərkəzləri rolunu oynayır. Universitetdə 11 mədəni-tədris mərkəzi fəaliyyət göstərir ki, həmin mərkəzlərdə dünyanın bir sıra dövlət başçıları, məşhur siyasətçiləri, ictimai xadimləri, səfirlər və s. olmuş,  öz təəssüratlarını bölüşmüşlər.

Bütün bu nailiyyətlər dünyanın, beynəlxalq təşkilatların  BSU-ya artan diqqətində özünü aydın göstərir. Bu günlərdə BSU rəhbərliyinin və bütövlükdə universitetin eyni vaxtda üç nüfuzlu mükafata layiq görülməsini məhz bu uğurların nəticəsi hesab edə bilərik. Həmin  mükafatlar arasında Oksford Akademik İttifaqının Beynəlxalq Sokrat Komitəsi tərəfindən müəyyən edilmiş “Elm naminə” (“The Name in Science”) mükafatını xüsusi qeyd etməliyik. Beynəlxalq Sokrat Komitəsinin regional koordinatoru Mila Milton tərəfindən BSU-nun rektoru, professor Nurlana Əliyevaya ünvanlanmış məktubda deyilir: “Oksford şəhəri Akademik İttifaqı sizə müasir cəmiyyətdə elmi tədqiqatların nüfuzunun yüksəlməsində, elm və praktikanın yüksək inteqrasiyasının inkişafında şəxsi xidmətlərinizə və ümumiyyətlə, elmə verdiyiniz töhfələrə görə ehtiram və minnətdarlığını bildirir. Sizin uzun illər ərzində yüksək peşəkarlıq nümunəsi olan rəhbərliyiniz altında müəssisənin uğurlu və qüsursuz fəaliyyəti Avropa Biznes Assambleyası (Europe Business Assembly, E.B.A., Oxford, UK) Beynəlxalq Sokrat Komitəsinə imkan vermişdir ki, Bakı Slavyan Universitetinə “Ən yaxşı təhsil müəssisəsi” beynəlxalq mükafatını təqdim etsin”.

Məktubda daha sonra BSU-nun rektoru, professor Nurlana Əliyevanın fəaliyyətinə ayrıca diqqət yetirilir, onun çoxillik vicdanlı və qüsursuz əməyinin dünyanın intellekt elitası tərəfindən yüksək qiymətləndirildiyi bildirilir. Məktubda deyilir: “Sokrat adına Təqdimat Komitəsi sizi bütün bu xidmətlərinizə görə”Elm adına” (“The Name in Science”) fəxri mükafata təqdim etməyi zəruri hesab edir. “Elm adına”  (“The Name in Science”)    tituluna layiq görülmüş şəxs mavi lentdə üzərində  “Dünya elmini zənginləşdirməyə görə” yazılmış ordeni, Sokratın barelyefini, “Alimə eşq olsun”  yazılı xatirə lövhəsini, “The Name in Science”  diplomunu alır və  adı dünyanın görkəmli alimlərinin beynəlxalq reyestrinə daxil edilir. Bizim məqsədimiz sizin fəaliyyətinizi Avropada və dünyada yaymaq, beynəlxalq bazarda müəssisənizi hərəkətə gətirmək, həmçinin elmi tədqiqatların, yeni kəşf və nailiyyətlərin nəticələri barədə ictimaiyyətə məlumat verməkdir”. 

BSU-nun rektoru, professor N.Əliyeva  oktyabrın 6-7-də  Fransanın Kann şəhərində keçirələcək  İşgüzar Zəfərlər və European Awards Night Beynəlxalq  Festivalına  mükafatı qəbul etməyə dəvət olunub.

BSU-ya ikinci sevindirici  xəbər Çerniqov şəhərindən gəlib. Çerniqov Milli Texnologiya Universitetinin Elmi Şurasının qərarı ilə BSU-nun rektoru, professor  N.Əliyevaya elmi və ictimai fəaliyyətinə, ölkələrarası mədəni münasibətlərin inkişafına görə “Fəxri professor” adı verilib. Qeyd edək ki, bu ada universitetin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov da layiq görülüb. Onu da qeyd edək ki, BSU-nun təşkilatçılığı ilə Çerniqov Milli Texnologiya Universitetində Azərbaycan tədris-mədəniyyət mərkəzi və universitetin nəzdində Azərbaycan dili bazar günü məktəbi yaradılıb. Ümumiyyətlə, universitet Azərbaycan dövlətinin xarici siyasətinin həyata keçirilməsində bu gün bir diplomatik korpus rolunu oynayır,-- desək,  səhv etmərik.

BSU öz xarici əlaqələr dairəsini ildən-ilə deyil, aydan-aya, gündən-günə genişləndirir. Universitetin bu günlərdə UNESCO-nun diplomu ilə təltif edilməsi də bu uğurlu addımlar  sırasındadır. Bu münasibətlə  UNESCO  və bu təşkilatın Moldova Respublikası  üzrə Milli Komissiyasının BSU-nun rektorunun adına göndərilmiş  məktubunda deyilir: “BSU mədəniyyətlərarası dialoqun inkişafı, yeni nəslin milli dəyərlər və dünya mədəni irsi ilə ünsiyyətinin yaradılması sahəsində  aparıcı ali məktəblərdəndir. İnanırıq ki, BSU bu missiyasını bundan sonra daha böyük həvəs və təşəbbüskarlıqla davam etdirəcək”.

Professor Nurlana Əliyeva bunu təkcə BSU-nun deyil, Azərbaycan xalqının və milli  təhsilimizin uğuru hesab edir. 

 M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında