Bakı İdarəetmə və Texnologiya Kolleci ilə “BİTKol+OM” MMC arasında müqavilə imzalanıb

İyulun 10-da  Bakı İdarəetmə və Texnologiya Kolleci (BİTKol) ilə “BİTKol+OM” MMC arasında birgə fəaliyyət haqqında müqavilə imzalanıb.

AZƏRTAC xəbər verir ki, mərasimdə BİTKol-un direktoru Varis Allahverdiyev rəhbərlik etdiyi təhsil müəssisəsində görülən işlər və qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, ümumilikdə 22 ixtisas üzrə kadr hazırlayan kollecdə 14 ixtisas üzrə qəbul aparılır. Rus və Azərbaycan dilində tədris həyata keçirilən kollecdə əyani şöbədə 1649, qiyabi şöbədə 207 tələbə təhsil alır.

“Ümumilikdə bu tələbələrdən 835-i dövlət hesabına, digərləri ödənişli əsaslarla təhsil alır. Təhsil müəssisəsində tədris proqramları üzrə həyata keçirilən siyasət Təhsil Nazirliyinin birbaşa verdiyi təlimat və əmrlərə əsaslanır. Yəni dövlət hesabına maliyyələşən kollecin bütün fəaliyyəti dövlətin tələbləri çərçivəsindədir. “2016-2017-ci tədris ilinin əvvəlindən kollecdə başlayan ciddi struktur islahatları nəticəsində tədris ilinin sonuna doğru hazırkı səviyyəyə gəlib çıxa bilmişik. Təbii ki, keyfiyyətli təhsil verməklə yanaşı, kollecin maddi-texniki bazasını gücləndirməyi, əməkdaşların sosial şəraitini daha da yaxşılaşdırmağı da qarşımıza məqsəd qoymuşuq”, - deyə V.Allahverdiyev bildirib.

Mövcud qanunvericilik çərçivəsində Nazirlər Kabinetinin 2010-cu il tarixli qərarından çıxış edərək birgə fəaliyyət formatının seçildiyini qeyd edən direktor deyib: “Düzdür, bu formatın seçilməsi heç də asan başa gəlməyib. Kollec daxilində keçirilən pedaqoji iclaslarda bu barədə fikir bildirilib, müzakirələr gedib. Paralel olaraq Təhsil Nazirliyinin müxtəlif strukturları ilə danışıqlar aparılıb. Nəticədə birgə fəaliyyət, bu çərçivədə müştərək müəssisənin yaradılması istiqamətində işlərə start verilib. İrəli sürdüyümüz təhsil, təcrübə və texnologiya devizinə uyğun olaraq tədrisi günün tələbləri səviyyəsində qururuq. Bununla bərabər, müxtəlif ixtisaslar üzrə baza yaratmağı planlaşdırırıq. İnformasiya texnologiyaları, zərgərlik və bəzək əşyalarının hazırlanması ixtisasları üzrə kollecin bazası yaxşı səviyyədədir. Geyimlərin modernləşdirilməsi ilə bağlı da emalatxanamız var. Bu il kollecə verilən “Poliqrafiya istehsalının texnologiyası” sahəsində də tam bazanı yarada bilmişik. Mübadilə istisna olmaqla, bu sahə üzrə bütün proseslər kollecin poliqrafiya bazasında həyata keçiriləcək. İndi əsas məqsədimiz kollecdəki bütün ixtisaslar üzrə bu cür mükəmməl baza yaratmaqdır. Yəni tələbə kollecdə təhsil aldığı müddətdə ixtisası çərçivəsində bütün bilik və bacarıqlara, təcrübəyə yiyələnməli, peşəkar kadr kimi yetişməlidir”.

“BİTKol+OM” MMC-nin direktoru Oqtay İmaməliyev göstərilən etimada görə Təhsil Nazirliyinə, kollecin rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, birgə müəssisənin müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərməsi üçün lazımi tədbirlər görüləcək. O, əminliklə söyləyib ki, birgə müəssisə tələbələrin təcrübəsinin artırılmasına, peşəkar kadrların hazırlanmasına, gələcəkdə onların iş yerləri ilə təmin olunmasına, ən nəhayət, vətəndaşların bir qisminin sosial rifahının daha da yaxşılaşmasına xidmət edəcək.

Təhsil Nazirliyinin nümayəndəsi Sülhəddin Gözəlov belə bir tədbirin keçirilməsini müsbət hadisə kimi dəyərləndirib. O, mümkün normativ hüquqi sənədlər, qanunvericilik çərçivəsində orta ixtisas təhsil müəssisələrinin fəaliyyətinə müəyyən sərbəstliklərin verilməsi imkanının yaradılması ilə bağlı mühüm işlər getdiyini diqqətə çatdırıb. Nazirlik rəsmisi deyib: “Hər hansı təhsil müəssisəsinə müəyyən sərbəstliyin verilməsi onun məsuliyyətini daha da artırır. Bizim bugünkü fəaliyyətimiz dünənki kimi ola bilməz. Ali təhsil müəssisələrinin gəlirləri yalnız tələbələrin təhsil haqqından ibarət olmadığı kimi, orta ixtisas təhsil müəssisələri də maliyyə mənbələrini dayanıqlı etmək istiqamətində fəaliyyət ortaya qoymalıdır. Bu mənada artıq kolleclərin dünənki missiyası başa çatıb. Orta ixtisas təhsil müəssisələri yeni imkanlar, maliyyə mənbələri axtarmalı, bundan qaynaqlanaraq öz maliyyə durumunu yaxşılaşdırmalıdır. Hazırda imzalanma mərasiminə toplaşdığımız birgə fəaliyyət haqqında müqavilə də bu kontekstdə atılan uğurlu addımdır. Birgə fəaliyyətin yaradılması kollecdə təhsilin keyfiyyətini yaxşılaşdırmaqla, istehsalatla, əmək bazarı ilə əlaqə yaradır, sənayeni kollecə gətirir. Burada təhsil alan tələbə gələcəkdə haradasa işləmək üçün iş yeri axtarmayacaq, buradan birbaşa işə götürüləcək. Bununla da kollec öz tələbəsini peşəkar kadr kimi hazırlamaqla yanaşı, onu işlə də təmin etmiş olacaq. Burada kollecin maraqlarından biri də dayanıqlı maliyyə mənbəyinin yaradılmasıdır. Təhsil Nazirliyi tərəfindən Bakı İdarəetmə və Texnologiya Kollecində belə imkanların yaradılması təqdir olunur, dəstəklənir. Düşünürəm ki, belə layihələr davamlı olacaq”.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzov və Sənaye Pedaqoji Kollecinin direktoru Vidadi Orucov da çıxış edərək öz fikirlərini bildiriblər.

Sonra BİTKol-un direktoru Varis Allahverdiyev və “BİTKol+OM” MMC-nin direktoru Oqtay İmaməliyev tərəfindən birgə fəaliyyət haqqında müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə, tərəflər təhsil, texnologiya və bədən tərbiyəsi üzrə birgə proqramların təşkili, yeni texnologiyaların tətbiqi və müxtəlif layihələrin hazırlanması işlərində əməkdaşlıq edəcəklər.

Mərasim yekunlaşandan sonra qonaqlar kollecdəki şəraitlə, həmçinin birgə fəaliyyət üçün yaradılan poliqrafiya bazası ilə yaxından tanış olublar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında