Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi barədə müzakirələr aparılıb

İyulun 10-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda konfrans keçirilib.

Tədbirdə Prezident Administrasiyasının, dövlət orqanlarının, yerli icra hakimiyyəti və məhkəmə orqanlarının, qeyri-hökumət təşkilatlarının rəhbər vəzifəli şəxsləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

DİM-in Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilovun moderatorluğu ilə keçirilən konfransda iştirakçılara dövlət qulluğu sahəsində son islahatlar və yeniliklər, o cümlədən dövlət qulluğuna dair qanunvericilikdə edilmiş dəyişikliklər barədə məlumat verilib, dövlət qulluğu sahəsində qanunvericiliyin tətbiqi zamanı yaranan problemlər və onların həlli sahəsində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi barədə müzakirələr aparılıb.

Tədbirdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğuna dair qanunvericiliyin, o cümlədən etik davranış qaydalarının düzgün tətbiqinin təmin edilməsi və pozuntu hallarının aradan qaldırılması üzrə mərkəz tərəfindən görüləcək tədbirlərlə bağlı məlumat verib. Diqqətə çatdırılıb ki, DİM tərəfindən qanunvericiliyin icrası vəziyyəti mütəmadi öyrəniləcək. Pozuntu halları müəyyən edildikdə, həmin pozuntuların aradan qaldırılması üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat veriləcək. Həmçinin yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat veriləcək və təqdim olunacaq illik hesabata daxil ediləcək. Pozuntuya yol vermiş məsul şəxslər inzibati məsuliyyətə cəlb olunacaqlar.

Qanunvericiliyə edilən dəyişikliklərdən istifadə edərək normativ hüquqi bazanın yaradılmasının vacibliyini vurğulayan M.Abbaszadə deyib: “Dövlət qulluğuna qəbul prosesi daha çevik həyata keçirilməlidir. Hər bir insana imkan verilməlidir ki, öz karyerasını dövlət qulluğunda qura bilsin. Belə bir sosial lift yaratmaq bizim borcumuzdur. DİM-in məqsədi istedadlı gəncləri dövlət qulluğuna cəlb etmək, imtahan prosesini daha çevik aparmaqdır”.

Prezident Administrasiyasının dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri Yusif Hüseynov bildirib ki, dövlət orqanları tərəfindən dövlət qulluğuna qəbulla bağlı qanunvericiliyin tətbiqi zamanı səmərəliliyin artırılması vacib məsələlərdən biridir. Dövlət orqanları dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi işini düzgün təşkil etməlidir. Qiymətləndirmənin nəticəsindən asılı olaraq dövlət qulluqçularının ixtisasartırması ilə bağlı yeni tələblər qoyulmalıdır. Dövlət qulluqçularının həvəsləndirilməsinə də diqqət yetirilməlidir. Dövlət orqanlarında kadr potensialından düzgün və səmərəli istifadə edilməsi, qabiliyyətli dövlət qulluqçularının irəli çəkilməsi, komanda fəaliyyəti, qərar vermək qabiliyyəti və bu kimi məsələlərin həllində dövlət orqanlarının təkmilləşdirmələr aparmasına ehtiyac var.

 Y.Hüseynov diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizdə dövlət qulluğu sahəsində islahatlar aparılıb, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması üçün müvafiq istiqamətdə münasibətləri tənzimləyən qanunvericilik bazası yaradılıb.

Sektor müdiri vurğulayıb ki, Azərbaycanda dövlət qulluğuna qəbul və bu sahədə fəaliyyətin davam etdirilməsi üçün qanunvericilikdə dəyişiklik edilib. Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi zamanı vahid yanaşma həyata keçirildikdə DİM tərəfindən mütəmadi olaraq metodiki vəsaitin hazırlanması dövlət orqanlarının müvafiq struktur bölmələrini, bütövlükdə isə dövlət orqanlarının işini bu sahədə təkmilləşdirə bilər.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev qeyd edib ki, Konstitusiyaya edilən son dəyişikliklər idarəetmə sistemində islahatlar tələb edir. O deyib: “İstər tələbə qəbulu, istərsə də dövlət qulluğu strateji işdir. Yarandığı gündən cəmiyyətlə sıx işləyən DİM ən şəffaf dövlət qurumlarındandır. Şəffaflıq bundan sonra da əsas prinsiplərimizdən biri olacaq və belə də davam edəcək. Əvvəllər dövlət qulluğunda vakansiyalar bəzi hallarda ya gizlədilirdi, ya da gecikdirilirdi. Ümid edirəm ki, bundan sonra bu məsələlər qaydasına düşəcək, proseslərin həyata keçirilməsi təmin olunacaq”.

Sonra DİM-in əməkdaşları “Dövlət qulluğu qanunvericiliyinə edilmiş dəyişikliklər və dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi məsələləri”, “Azərbaycan Respublikasında dövlət qulluqçularının reyestrinin aparılması qaydaları”, “Dövlət qulluğu üzrə elektron xidmətlər və vəzifələrin idarə edilməsi sistemi” mövzularında təqdimatla çıxış ediblər. Onlar “Dövlət qulluğu haqqında” Qanuna edilmiş son əlavə və dəyişikliklər, dövlət qulluğuna yeni qəbul qaydaları, sertifikasiya prosesi, dövlət xidmətlərinin çatdırılması, antikorrupsiya təşəbbüsləri, dövlət qulluqçularının reyestrinin aparılması qaydaları, bu zaman yaranan problemlər və onların həlli istiqamətində görüləcək işlər, dövlət qulluğuna qəbul ilə bağlı elektron imtahanların təşkilində tətbiq ediləcək yeniliklər barədə məlumat veriblər.

DİM-in hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov təqdimatında dövlət qulluğuna qəbulda və inzibati vəzifələrin tutulmasında edilmiş  dəyişikliklər və qanunvericiliyin tətbiqi üzrə yol verilən pozuntular, həmin pozuntuların aradan qaldırılması üzrə mərkəzin fəaliyyətindən danışıb. Bildirilib ki, qanunvericilikdə edilmiş əsas dəyişiklik dövlət qulluğuna qəbul sisteminin əhatə dairəsinin genişləndirilməsi olub. Belə ki, əgər bundan əvvəl müsabiqə ilə qəbul yalnız 5-7-ci təsnifata daxil olan inzibati vəzifələrə şamil olunurdusa, artıq yeni dəyişikliklərə əsasən dövlət qulluğuna qəbul 1-7-ci təsnifat inzibati vəzifələr üzrə aparılacaq. Yəni dövlət qulluğunda yüksək vəzifə (dövlət orqanında xidmət rəisi, aparat rəhbəri, şöbə müdiri vəzifələri) tutmaq istəyən şəxslər də müsabiqədən keçməli olacaqlar. Dövlət qulluğuna qəbulda edilən digər mühüm dəyişiklik sertifikasiya sisteminin tətbiqi olub. Belə ki, müsabiqənin test mərhələsindən uğurla keçən namizədə müvafiq sertifikat təqdim ediləcək. Beş il qüvvədə qalacaq bu sənəd namizədə bu müddət ərzində vakant vəzifələr üzrə elan edilən müsahibələrdə iştirak etməyə imkan verəcək.

V.Əsgərov vakant vəzifələrin tutulması üçün daxili müsahibə keçirildikdə və daxili müsahibə nəticəsində vakant vəzifə tutulmadığı halda, həmin vəzifənin 30 gün müddətində ümumi müsahibəyə çıxarılması və ümumi müsahibə yolu ilə  tutulmadığı halda isə mütləq qaydada müsabiqəyə çıxarılması barədə qanunvericilikdə edilmiş dəyişikliklər barədə məlumat verib. Qeyd edilib ki, bugünədək vakant vəzifələrin ümumi müsahibəyə və ya müsabiqəyə çıxarılması məcburi olmadığı halda, yeni qaydalarla artıq bu məcburi norma olaraq müəyyən edilib.

Konfransda, həmçinin DİM və Litva Dövlət Katibliyi tərəfindən birgə həyata keçirilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda dövlət qulluğu islahatlarının davam etdirilməsinə dəstək” layihəsinin icra vəziyyəti, gələcək planlar barədə də iştirakçılara məlumat verilib.

Sonda dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi ilə bağlı verilən suallar DİM-in əməkdaşları tərəfindən cavablandırılıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında