“Bulvar Otel”də tələbələrin məzun günü

Azərbaycan Tibb Universiteti tələbələrinin “Bulvar otel”də təşkil edilən məzun günündə Dövlət himni səsləndirildikdən sonra universitetin rektoru, professor Gəray Gəraybəyli təntənəli mərasimi açaraq, bu əlamətdar gün münasibətilə məzunları və onların valideynlərini təbrik edib.

Rektor universitetin professor-müəllim heyəti adından gələcəyin həkimlərinə tutduqları bu müqəddəs yolda uğurlar arzulayaraq deyib: “Bu gün, sözün əsl mənasında, bayrama yığışmışıq. İndi məzun olan tələbələr düz 6 il öncə tələbə adı qazanan, nə qədər həyəcanlı və sevincli idilərsə, bu gün də qaynar həyatın ağuşuna atılarkən eyni hissi keçirirlər. Onlar 6 il burada tələbəlik həyatı yaşayıb, auditoriyalarda, xəstəxanalarda tibb elminə yiyələniblər, cərrahiyyə əməliyyatlarını canlı izləyiblər. Bu gün məzunlar universiteti tərk edərək, həkim ordusu sıralarına qoşulurlar. Həkimlik həm çətin, həm də çox məsuliyyətli və şərəfli peşədir. Bu yolda hamınıza uğular arzulayıram. İnanıram ki, siz gələcəkdə böyük alim, tanınmış həkim olacaqsınız, təhsil aldığınız universitetin, sizə bilik verən müəllimlərinizin ümidlərini doğruldacaqsınız”.

Milli Məclisin səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov da məzunları təbrik edib. Bildirib ki, bu təhsil ocağı məzun gününə toplaşanların hər biri üçün doğma məkandır.

Daha sonra çıxış edən pediatr-allerqoloq, professor Amaliya Əyyubova təhsillərini başa vuraraq həkim adı qazanan gənclərə Azərbaycan xalqının sağlamlığının keşiyində şərəf və ləyaqətlə dayanmağı tövsiyə və arzu edib.

Mərasimdə valideynlər adından çıxış edən həkim İlham Kazımov təhsil ocağının professor-müəllim heyətinə təşəkkür edib, məzunların gələcək peşə fəaliyyətində həkim adının müqəddəsliyini öz əməlləri ilə doğruldacaqlarına inandığını söyləyib.

Qeyd edək ki, bu il Azərbaycan Tibb Universitetini bitirən 1057 məzundan 316 nəfər I müalicə-profilaktika fakültəsinin tələbəsidir. Onlardan 36 nəfər fərqlənmə diplomuna layiq görülüb, 6 nəfər xarici ölkə vətəndaşı və 274 nəfər yerli tələbədir. II müalicə – profilaktika fakültəsi üzrə 318 nəfər (28 nəfər fərqlənmə ilə), stomatologiya fakültəsi üzrə 126 nəfər (31 xarici) məzun olub. Tibbi profilaktika fakültəsini bitirən 77 tələbənin 10 nəfəri fərqlənmə diplomuna layiq görülüb. Əczaçılıq fakültəsi üzrə 104 nəfər (1 fərqlənmə), hərbi tibb fakültəsi üzrə 83 nəfər hərbi həkim, 33 nəfər hərbi feldşer məzun olub.

Mərasim maraqlı konsert proqramı ilə başa çatıb.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında