Bakı Slavyan Universitetində Azərbaycan-Bolqarıstan diplomatik əlaqələrinin qurulmasının 25 illiyi qeyd olunub

İyunun 1-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan ilə Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş tədbir keçirilib.

BSU-dan AZƏRTAC-a bildiriblər ki, müvafiq qurumların nümayəndələrinin, alimlərin, Milli Məclis deputatlarının, ABŞ, Macarıstan, Polşa, Ukrayna, Belarus və digər ölkələrin Bakıdakı səfirlərinin iştirak etdikləri tədbir Azərbaycan və Bolqarıstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva Azərbaycan ilə Bolqarıstan arasındakı diplomatik münasibətlərin əhəmiyyətini vurğulayıb. Rektor əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu münasibətlərin Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildiyini, xalqlarımızın bir-birinə yaxınlaşması sahəsində ardıcıl olaraq ciddi addımlar atıldığını diqqətə çatdırıb.

 N.Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bolqarıstan Respublikasının ayrı-ayrı şəhərlərində həyata keçirilən mədəni quruculuq işlərindən danışıb. 

Rektor, eyni zamanda, Bakı Slavyan Universiteti ilə Bolqarıstanın ayrı-ayrı ali məktəbləri arasındakı əlaqələrdən bəhs edib, BSU nümayəndə heyətinin mart ayında Bolqarıstana səfərini xatırladıb.

Bolqarıstanın Azərbaycandakı səfiri xanım Maya Xristova ölkələrimiz arasındakı əlaqələrdən danışıb. Səfir Azərbaycan xalqının tolerant, multikultural dəyərlərə xüsusi önəm verən bir xalq olduğunu qeyd edib.

 Azərbaycanda bolqar dili və ədəbiyyatı üzrə kifayət qədər hazırlıqlı mütəxəssis yetişdiyini və Bolqarıstanda Azərbaycan mədəniyyətini, tarixini, dilini, ədəbiyyatını öyrənən mütəxəssislər hazırlandığını söyləyən xanım Maya Xristova bu sahədə əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə ümidvar olduğunu vurğulayıb.

Bolqarıstanın energetika nazirinin müavini Yaço Stankov isə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı roldan bəhs edib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin II Avropa İdarəsinin rəis müavini Qismət Gözəlov ölkələrimiz arasındakı iqtisadi, mədəni məsələlər və Avropanın enerji təchizatı layihələrində Azərbaycanın iştirakı barədə danışıb.

Tədbir bədii hissə ilə davam edib. BSU tələbələri və universitet nəzdindəki Məktəb-Lisey Kompleksinin şagirdləri Azərbaycan və bolqar dillərində şeirlər və mahnılar ifa ediblər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında