Ali məktəb müəllimlərinin I Forumu

Mayın 19-da “SABAHın müəllimi” adlı ali məktəb müəllimlərinin I forumu keçirilib.

Forumun keçirilməsinin əsas məqsədi ali təhsil müəssisələri müəllimlərinin bilik, bacarıq və metodika ilə bağlı fikir mübadiləsi aparması və ali təhsilin müasir trendlərinin müzakirə olunmasıdır.

Forum Təhsil Nazirliyinin SABAH qrupları, Azərbaycan Dövlət Pedaqoji Universiteti və “Microsoft” şirkətinin birgə təşkilatçılığı ilə keçirilib.

Təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, forumda nazir müavini Ceyhun Bayramov, ali təhsil müəssisələrinin rektor və prorektorları, eləcə də İsrailin Təhsil Nazirliyinin, “Microsoft”, “British Council”, Alman Akademik Mübadilə Xidməti təşkilatlarının (DAAD) rəsmiləri iştirak ediblər.

 Tədbirdə əvvəlcə SABAH müəllimlərinin fəaliyyəti haqqında film nümayiş olunub.

SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə tədbiri açaraq, SABAH qrupları barədə məlumat verib və forumun işinə uğurlar arzulayıb.

Təhsil nazirinin müavini Ceyhun Bayramov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, müasir dünyanın yeni çağırışlarına və yüksək biliyə malik cəmiyyətin qurulması məqsədilə ali təhsil müəssisələrində yaradılmış SABAH qruplarının gənclər üçün yeni imkanlar açdığını bildirib.

Nazir müavini forumun “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ni rəhbər tutmaqla, müəllimləri qlobal meyillərə uyğun şəkildə yeni texnologiyaların inkişafına töhfə verməyə təşviq etmək, müəllimlərə dəstək olmaq məqsədi ilə keçirildiyini nəzərə çatdırıb.

SABAH qruplarında təhsilin inkişafı üçün görülən tədbirlərin əhəmiyyətindən, müəllimlərin davamlı elmi inkişafının aktuallığından danışan Ceyhun Bayramov bildirib ki, son üç il ərzində SABAH qruplarında tədris aparmaq üçün müraciət etmiş namizədlərin sayı 4 dəfə artıb. 2014-2015-ci tədris ilində tədris aparmaq üçün müraciət etmiş müəllimlərin sayı 450 olduğu halda, 2016-2017-ci tədris ili üçün bu rəqəm 1790 olub.

Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, “Microsoft” Korporasiyasının MDB ölkələri üzrə baş direktoru Ronald Binkofski, İsrailin Təhsil Nazirliyinin rəsmisi İris Zur çıxış ediblər.

Forum işini “Təhsildə beynəlxalq trendlər və imkanlar” paneli üzrə davam etdirib. Panel sessiyada “Microsoft Azərbaycan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov, “British Council” təşkilatının Azərbaycan üzrə rəhbəri Elizabet Uayt, “ADA” Universitetinin təhsil fakültəsinin dekanı Vəfa Kazdal, DAAD-nin təhsil üzrə müşaviri Hikmət Kamallı və “Thomson Reuters” agentliyinin Azərbaycanda elmi informasiya resursları üzrə eksperti Aygün Babazadə çıxış ediblər.

Daha sonra isə “Müasir trend və çağırışlar” adlı növbəti panel sessiya üzrə müzakirələr aparılıb.

SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılıb. SABAH layihəsinin əsas məqsədi ali təhsildə  keyfiyyətin yüksəldilməsi,  yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir.

Hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni və 600-dən artıq professor-müəllim heyətini əhatə edir. Bu tədris ilində 740-dan artıq SABAH tələbəsi məzun olacaq.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında