“Vergilər” mövzusunda tələbə və magistrantlar arasında 11-ci olimpiadaya yekun vurulub

May ayının 5-də Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində ölkəmizin 17 ali məktəbinin 300-dən yuxarı tələbə və magistrantının iştirak etdiyi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda 11-ci olimpiadanın yekun mərhələsi keçirilib.

Vergilər nazirinin müşaviri, nazirliyin Vergi Ödəyicilərinə Xidmət və Şəffaf Vergi Partnyorluğu Departamentinin baş direktoru Ələkbər Məmmədov olimpiada iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb, olimpiadanın tələbə və magistrantların vergi sahəsində biliklərinin formalaşmasına böyük fayda verdiyini qeyd edib.

Sonra olimpiadanın yekun mərhələsinin iştirakçıları Tədris Mərkəzi tərəfindən hazırlanmış xüsusi test bazası əsasında vergilər sahəsində öz biliklərini yoxlayıblar. Yekun mərhələ üçün bakalavrlara vergi qanunvericiliyi fənni üzrə 50, magistrlərə isə vergi qanunvericiliyi fənni üzrə 50, vergi inzibatçılığı fənni üzrə 25 sual olmaqla ümumilikdə 75 sualdan ibarət olan fərdi test bazası hazırlanıb. Olimpiada onlayn rejimdə keçirilib.

Test başa çatdıqdan sonra qonaqlar Tədris Mərkəzi və orada yerləşən Vergi Muzeyi ilə tanış olub, dərs prosesinin gedişatını izləyiblər.

Nəticələr münsiflər heyətinin iştirakı və nəzarəti altında xüsusi kompüter proqramları vasitəsilə müəyyən edilib.

Olimpiadanın nəticələrinə yekun vuran Ə.Məmmədov bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən insan resurslarının inkişafına xüsusi diqqət yetirilir, qəbul edilən dövlət proqramlarında, milli strategiyalarda və fəaliyyət planlarında dövlət orqanlarının əməkdaşlarının potensialının inkişaf etdirilməsi əsas məsələlərdən biri kimi diqqət mərkəzində saxlanılır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da “bilik iqtisadiyyatına” keçidin əsaslarından biri olaraq insan kapitalının inkişafı ön plana çəkilir.  

Ənənəvi olaraq hər il keçirilən olimpiadanın təşkilində əsas məqsəd ali təhsil müəssisələrində təhsil alan tələbələrin vergi sahəsində biliklərinin artırılması, bilik səviyyəsi yüksək olan tələbələrin müəyyən edilməsi, gələcəkdə vergi sahəsi üzrə mütəxəssisərin yetişdirilməsi üçün zəmin yaradılmasından ibarətdir. Qeyd olunub ki, ulu öndərin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda olimpiadanın ilkin seçmə mərhələsi cari ilin aprel ayının 16-da Bakı şəhərinin ali məktəblərinin və Sumqayıt Dövlət Univerisitetinin tələbələri üçün Azərbaycan Dövlət İqtisad Universitetində və Azərbaycan Universitetində, Naxçıvan Muxtar Respublikası üzrə Naxçıvan Dövlət Universitetində, digər şəhərlər üzrə Mingəçevir Dövlət Universiteti və Gəncə Dövlət Universitetində, aprelin 17-də  isə Lənkəran Dövlət Universitetində keçirilib. Bu mərhələdə Bakı və Sumqayıt şəhərləri üzrə 193, Naxçıvan Muxtar Respublikasının ali məktəbləri üzrə 22, Lənkəran Dövlət Universitetindən 37, Gəncə Dövlət Universitetindən 32, Mingəçevir Dövlət Universitetindən isə 37 tələbə olmaqla, ümumilikdə 321 tələbə iştirak edib.

İmtahan şəffaf şəraitdə keçirilməklə nəzərdə tutulan mövzular əsasında Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən hazırlanmış 50 test sualı üzrə 90 dəqiqə davam edib və vaxtında başa çatdırılıb. İmtahanın gedişinə vergi orqanlarının məsul şəxsləri nəzarət edib və nəticələr qiymətləndirilmə üçün Vergilər Nazirliyinin Tədris Mərkəzinə verilib. Olimpiadanın ilkin mərhələsindən uğurla keçmiş 61 nəfər bakalavr və magistr yekun mərhələdə iştirak etmək hüququ qazanıb.

Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəhbəri Əli Həsənov bütün iştirakçılara minnətdarlığını bildirib, ən yüksək nəticə göstərmiş tələbə və magistrantların, həmçinin onların müəllimlərinin adlarını elan edərək qalibləri təbrik ediblər.

Tələbələr arasında Zeynalabdin Cəfərov (Naxçıvan Dövlət Universiteti) 1-ci, Muxtar Cəbrayılov (Azərbaycan Universiteti) 2-ci,  Pərvin Musayev (Sumqayıt Dövlət Universiteti) 3-cü,  magistrantlar arasında isə Qənbər Məmmədli (Naxçıvan Dövlət Universiteti) 1-ci, Əmmənsə Süleymanova (Naxçıvan Dövlət Universiteti) 2-ci,  Aqil Vəliyev (Naxçıvan Dövlət Universiteti) 3-cü yerlərə layiq görülüblər.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında