“Azərbaycan–Avstriya Turizm Proqramı”nın 10 illik yubileyi qeyd olunub

“JW Marriot Absheron” otelində  “Azərbaycan–Avstriya Turizm Proqramı”nın (AATP) 10 illik yubileyi münasibətilə “Azərbaycan–Avstriya Turizm Proqramı Azərbaycanda ilk ikili diplom proqramı təcrübəsi: nailiyyətlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

      Azərbaycan Turizm və Menecment Universitetinin rektoru səlahiyyətlərini icra edən siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Aslanov çıxış edərək konfransın proqramı haqqında iştirakçılara ətraflı məlumat verib. Çıxışında universiteti ikili diplomla başa vuranlardan söz açaraq bildirib ki, sözügedən proqram üzrə indiyədək 143 bakalavr və 13 magistr olmaqla 156 azərbaycanlı gənc hər iki universitetin diplomunu alıb. Onlar hazırda beynəlxalq tələblərə cavab verən əmək bazarlarında layiqincə təmsil olunurlar.

      Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin “Azərbaycan turizm sektorunda keyfiyyətin kadr təminatı” mövzusunda məruzəsi dinlənilib. Nazir proqramın önəmindən danışaraq bildirib ki, proqram üzrə məzun olmuş tələbələr Azərbaycan turizm sənayesinə öz töhfələrini verməkdədir. Onlar universitetdə aldıqları təhsil və təcrübəni çalışdıqları sahədə bacarıqla tətbiq edirlər. O, çıxışında məzunların məhz belə keyfiyyətlərini nəzərə alaraq bu proqram üzrə təhsil alan tələbələrin sayının artırılması vacibliyini diqqətə çatdırıb. Ə. Qarayev dövlət başçısı tərəfindən turizm sahəsinə yüksək diqqət və qayğı göstərildiyini xüsusi vurğulayıb və bu qayğı nəticəsində yaxın gələcəkdə turizm peşə məktəblərinin sayının çoxaldılmasınin nəzərdə tutulduğunu  deyib.

      Nazir ölkəmizin turizm potensialından və Azərbaycana xarici dövlətlərin turizm marağından danışaraq bildirib ki, bu ilin ilk üç ayında ölkəmizə gələn turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,9 faiz artım olub. 3 ayda ölkəmizə 544 min xarici turist səfər edib. Azərbaycan turizminin ölkənin ümumi daxili məhsulunda (ÜDM) 4 faiz paya malik olduğunu diqqətə çatdıran Ə.Qarayev qeyd edib ki,  2025-ci ilədək Azərbaycan turizminin ÜDM-nin 8 faizini təşkil edəcəyi gözlənilir.

    Konfransda təhsil naziri Mikayıl Cabbarovun “Azərbaycanda ali təhsildə beynəlxalq proqramların tətbiqi: nəticələr və perspektivlər” mövzusunda çıxışı maraqla qarşılanıb. Ölkəmizdə təhsil sisteminin hərtərəfli inkişafından danışan nazir bildirib ki, müasir dövrdə qloballaşan dünyanın tələblərinə uyğun təhsil sisteminin formalaşdırılması əsas amildir. O, təhsil sahəsində tətbiq edilən proqramlardan, həyata keçirilən layihələrdən söz açaraq deyib: “Təhsil sistemimiz iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun səviyyəyə qaldırılmalıdır. Hazırda ölkəmizin ali təhsil müəssisələrində Avropa Komissiyasının TEMPUS, ERASMUS plyus, HORİZON və digər təhsil proqramları çərçivəsində müxtəlif layihələr həyata keçirilir. Bu layihələrin hər birinin məqsədləri vardır. Deyə bilərəm ki, bunlardan Azərbaycanın bir neçə ali təhsil müəssisəsi ilə Avropa ali təhsil müəssisələri arasında ikili diplom proqramlarının işlənilməsinə aid layihələr xüsusi yer tutur. Azərbaycan Turizm və Menecment Universitetinin Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə birgə ikili diplomlarının işlənməsi sahəsində atılan addımlarını və turizm sahəsində kadr hazırlığı istiqamətində verdiyi töhfəni biz təqdirəlayiq hesab edirik. Bugünkü beynəlxalq konfransı son on il ərzində iki universitet arasında olan əməkdaşlığın bəhrəsi olaraq qiymətləndirmək olar”.

       Avstriyanın İMC Tətbiqi Elmlər Universitetinin prezidenti Hans Boyer “Avstriya universitetlərində ikili diplom proqramları və AATP təcrübəsi” adlı məruzəsində müasir təhsil sisteminin inkişaf istiqamətlərinə toxunub. O, rəhbəri olduğu ali təhsil ocağında turizmin tədrisinə həsr olunmuş təqdimatla çıxış edib. Təqdimatdan sonra tədbir çərçivəsində AATP üzrə təhsil alan 156 tələbə ilə görüş keçirilib, maraq doğuran mövzular müzakirə olunub.

     Azərbaycan–Avstriya Turizm Proqramı”nın 10 illik yubileyi münasibətilə keçirilən konfransın sonunda ikili diplom məzunlarına hədiyyələr təqdim olunub.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında