M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü

Aprelin 8-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında  “Açıq qapı” günü keçirilib.

Universitetdə “Açıq qapı” gününün keçirilməsi abituriyentləri və valideynləri tədris prosesi, filiala qəbul qaydaları ilə tanış etmək, onları filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisad və fizika fakültələrində bakalavr və magistrlərin hazırlanması barədə ətraflı məlumatlandırmaq məqsədi daşıyır.

Bu dəfə də “Açıq qapı” gününə qatılmaq istəyən abituriyentlərin sayı əvvəlkilər kimi çox olub. Universitetin foyesində abituriyentləri maraqlandıran informasiya, ədəbiyyat, təhsil sisteminə və qəbul qaydalarına həsr olunmuş kitabçalardan ibarət stendlər təqdim edilib.

M.V.Lomonosov adına MDU-nun Bakı filialının elmi işlər üzrə prorektoru Azad Tağızadə abituriyentləri və valideynləri düzgün seçimdə - bu ali məktəbi seçməkdə təbrik edib. Vurğulayıb ki, Bakı filialının məzunlarına postsovet məkanında yeganə olan, dünyanın ən yaxşı 100 universiteti sırasında yer alan, bəzi qaydalara görə isə hətta 30 universitet sırasına daxil olan M.V.Lomonosov adına MDU-nun  diplomları verilir. Beləliklə, filialın tələbələri Bakını tərk etmədən Moskva Dövlət Universitetinin diplomlarını əldə edirlər. Bu diplomlar bütün dünyada tanınır.

Filialın direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor, mexanika-riyaziyyat fakültəsinin ümumi topologiya və həndəsə kafedrasının müdiri Yuri Sadovniçi bildirib ki, M.V.Lomonosov adına MDU-nun Bakı filialı Azərbaycan Prezidentinin Fərmanına müvafiq olaraq 2008-ci ildə yaradılıb. Əvvəlcə burada üç fakültə - tətbiqi riyaziyyat, kimya və filologiya fakültələri fəaliyyət göstərib. Sonra universitetin təhsil sahəsinin genişləndirilməsi ilə əlaqədar psixologiya, iqtisad və fizika fakültələri açılıb.

Y.Sadovniçi universitetdə baş verən yeniliklər barədə danışaraq deyib: “M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın təşəbbüsü ilə 2012-ci ildə çox gözəl kampus inşa edilib. Tələbələrin dərin biliklərə yiyələnməsi, istirahəti və yaşaması üçün burada hər cür şərait yaradılıb. Kampusda çox zəngin kitabxana, müasir laboratoriyalar var, tələbələr geniş auditoriyalarda dərs keçirlər, burada yataqxanalar, idman meydançaları var. Filialda tədris əvvəlcə dörd il ərzində bakalavriat proqramı üzrə aparılır, sonra arzu edənlər təhsillərini iki il müddətinə magistraturada davam etdirə bilərlər. Fənləri əsasən MDU-nun professor və müəllimləri tədris edirlər. Tələbələr sonda Moskva məzunlarının aldıqları diplomdan heç nə ilə fərqlənməyən diploma sahib olurlar. Filialda oxumaq çətindir, lakin buranı bitirib diplom aldıqdan sonra praktika göstərir ki, işə düzəlməklə problem yaranmır. MDU-nun diplomu bütün dünyada tanındığına görə universitetimizin məzunları işə düzəlmək, təhsillərini xarici ölkələrin nüfuzlu ali məktəblərində davam etdirmək üçün yaxşı imkan qazanırlar”.

Bu il qəbul qaydalarının əsasən dəyişilmədiyini qeyd edən Y.Sadovniçi deyib ki, qəbulda iki yenilik edilib. Bunlardan biri imtahanın keçirilmə vaxtıdır. Bu il qəbul imtahanı avqustda deyil, iyulun əvvəlində keçiriləcək. İkincisi isə imtahanların ardıcıllığıdır. Birinci əsas fəndən imtahan veriləcək, sonra ifadə yazılacaq, hansı fakültədə üç imtahan nəzərdə tutulubsa, onların arasında müvafiq üçüncü imtahan olacaq. Filialın tədris fəaliyyəti innovasiya texnologiyaları və metodlarından istifadə edilməklə praktiki olaraq M.V.Lomonosov adına MDU-nun tədris planları və proqramları əsasında həyata keçirilir.

Qəbul komissiyasının məsul katibi Denis İlyutko qəbul qaydaları haqqında ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, bu barədə bütün məlumat filialın http://msu.az/ saytında yerləşdirilib. Əgər məlumat kifayət etməzsə, http://www.msu.ru/ saytına, habelə filialın [email protected] elektron ünvanına müraciət etmək olar. Bu il filial bakalavr və magistr proqramı üzrə qəbul keçirir. Filialda altı fakültə ilə yanaşı, filologiya fakültəsinin bazasında “Rus dili və ədəbiyyatı” və “Roman-german filologiyası” (ingilis, fransız, italyan, ispan dilləri və ədəbiyyatı) bölmələri fəaliyyət göstərir. İqtisadiyyat fakültəsində iqtisadiyyat və menecment bölmələri var. Magistraturaya qəbul filologiya, riyaziyyat və kompüter elmləri, kimya, psixologiya və iqtisadiyyat (beynəlxalq biznes) üzrə aparılır. Filialda qəbul imtahanları və təhsil rus dilindədir. Bundan əvvəl Azərbaycan Respublikasında büdcə hesabına ali təhsil almış vətəndaşlar istisna edilməklə, Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil pulsuzdur.

Filiala qəbul imtahanına buraxılmaq üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən birinci (yaz) imtahanda iştirak etmək lazımdır. Bu zaman istənilən ixtisas qrupu üzrə 300 və ya daha çox bal toplamaq tələb olunur.

Denis İlyutko deyib: “2017-ci ildən birinci kursa qəbul barədə ərizə elektron formada, elektron rəqəmsal imza (ERİ) – FİN kod əsasında verilə bilər. Ərizə forması http://msu.az/ saytında və ya DİM-in saytında http://dim.gov.az/ doldurula bilər. Elektron sənəd qəbulunun iyunun 1-dən iyulun 5-dək aparılması nəzərdə tutulur. Bununla bağlı MDU-nun Bakı filialının http://msu.az/ saytını izləmək tövsiyə edilir. Qəbul imtahanları iyulun 6-dan  12-dək keçiriləcək”.

MDU-nun mexanika-riyaziyyat fakültəsinin professoru, fizika–riyaziyyat elmləri doktoru, MDU-nun tətbiqi riyaziyyat fakültəsinin tədris-elm işlərinə məsul Anatoli Kombarov qeyd edib ki, filiala gələn professorların sayı dosentlərdən çoxdur. “MDU-nun mexanika-riyaziyyat fakültəsinin reytinqi dünyada digər ali məktəblərin müvafiq fakültələrindən xeyli yüksək, hətta bütövlükdə MDU-nun reytinqindən yüksəkdir. Filialda tədrisi çox görkəmli riyaziyyatçılar aparır. Məsələn, filial fəaliyyətə başlayandan burada MDU-nun qaz dinamikası fakültəsinin professoru Aleksandr Vasilyeviç Zvyaqin dərs deyir. O, M.V.Lomonosov mükafatı, Rusiya Dövlət Mükafatı laureatıdır, habelə “Boeing” şirkətinn Moskva filialında mühazirə oxuyur. Fakültədə təhsil almaq çox çətindir. İmtahan sessiyasında imtahanı yenidən verənlər, hətta ikinci ilə qalanlar da olur. Lakin fakültəni bitirənlərin işə düzəlməsi baxımından biz birinci yerdəyik. Azərbaycanda müxtəlif sahələrdə, eləcə də xaricdə işləyən məzunlarımız var. Məzunlarımızdan Mətanət Qafarlı Türkiyədə aspiranturaya qəbul olunub və Türkiyə hökuməti ona əcnəbi tələbə olaraq ən yüksək təqaüd ayırıb”, - deyə Anatoli Kombarov qeyd edib.   

Rus ədəbiyyatı tarixi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Vladimir Katayev vurğulayıb ki, “Açıq qapı” gününə toplaşanların sayı Azərbaycanda rus dilinin yaşadığını və bu dilə tələbat olduğunu göstərir. “XX əsrin görkəmli riyaziyyatçısı, akademik Andrey Kolmoqorov çıxışlarından birində deyib ki, filologiyanı gələcəyin elmi hesab etmək olar”, - xatırladan Vladimir Katayev hələ internet olmayan dövrdə klassiklərin zəngin məzmunlu əsərlərinin özündə böyük informasiya ehtiva etdiyini diqqətə çatdırıb. O, MDU-nun filologiya fakültəsinin tarixindən, buranın görkəmli məzunlarından söz açaraq vurğulayıb ki, Bakı filialında fəaliyyət göstərən fakültəyə də tələbat var. “Filialın filologiya fakültəsinin məzunları sırasında burada işləyən müəllim də, KİV-də çalışan jurnalist də var. Məzunların əksəriyyəti magistraturada təhsillərini davam etdirirlər. Habelə Strasburqda magistratura təhsili alan məzunumuz olub. Orucova Ülviyyə isə Barselonada doktoranturada təhsil alır. Əlbəttə, filiala qəbulda müsabiqə böyükdür, lakin təhsil keyfiyyətlidir. Burada filologiya sahəsində fundamental tədris aparılır”, - deyə Vladimir Katayev bildirib.   

Kimya fakültəsi dekanının elmi işlər üzrə müavini, radiokimya kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru Stepan Kalmıkov diqqətə çatdırıb ki, kimyanı, fizikanı, biologiyanı peşəkar bilən adamlar gələcəyin, elmi tərəqqinin konturlarını müəyyən edən şəxslərdir. “Kimya fakültəsinin öz ənənələri var. Filialda ilk gündən kimya fakültəsinin fəaliyyət göstərməsi Azərbaycan Respublikası rəhbərliyinin düzgün seçimi idi. Çünki neftlə bağlı olan nə varsa, bu həm də neftin emalı ilə bağlıdır. Fakültədə neft kimyası, üzvi kimya, fiziki kimya istiqamətlərində tədris aparılır. MDU-nun kimya fakültəsi ən yaxşı elmi-təhsil müəssisəsidir. Bu fakültə ən yaxşı akademik sistemlərlə, institutlarla uğurla rəqabət apara bilər. M.V.Lomonosov adına MDU-nun rəhbərliyinin köməyi, habelə filialın kimya fakültəsinin öz gəliri sayəsində bu fakültə ən müasir avadanlıqla təchiz edilib. Fakültənin məzunlarına istər dövlət müəssisələrində, istərsə də özəl sektorda, eləcə də xaricdə böyük tələbat var”, - deyə Stepan Kalmıkov qeyd edib.         

MDU-nun fizika fakültəsinin ümumi fizika kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, fizika fakültəsinin tədris-elm işinin əlaqələndirilməsinə məsul Aleksandr Saletski diqqətə çatdırıb ki, Bakı filialı MDU-nun fizika fakültəsinin fəaliyyət göstərdiyi yeganə filialıdır. O deyib: “Filialda fakültənin yaradılmasına və burada MDU-nun tam proqramının tədrisinə bəziləri şübhə ilə yanaşsalar da, biz bunu yaratdıq və tədris prosesi də tam proqram üzrə gedir. Fizika təcrübi elm olduğundan tələbələr müasir avadanlıqla işləməlidirlər. Bu baxımdan filialda ən müasir avadanlıq var”. 

İqtisad elmləri namizədi, iqtisad fakültəsinin tədris-elm işinin əlaqələndirilməsinə məsul Ceyhun Hüseynov diqqətə çatdırıb ki, iqtisadiyyat fakültəsi filialda nisbətən yeni olsa da, keçən il iqtisadçı, menecment ixtisası üzrə öz buraxılışını həyata keçirib. Məzunların yarısı burada keçən il açılan magistraturada menecment istiqaməti üzrə təhsillərini davam etdirirlər. Ceyhun Hüseynov iqtisad elmlərinə tələbatdan danışıb, fakültədə fundamental tədris aparıldığını vurğulayıb, bakalavr və magistratura təhsili haqqında ətraflı məlumat verib.

Ümumi psixologiya kafedrasının dosenti, psixologiya fakültəsinin tədris-elm işinin əlaqələndirilməsinə məsul Leonid Babanin filialda tədrisin yüksək səviyyədə təşkilindən, bu sahənin mütəxəssislərinin fəaliyyətindən danışıb, filialda müvafiq ixtisasın tədrisi üçün hər cür şərait yaradıldığını qeyd edib.

Çıxış edənlər tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar. Tədbirin rəsmi hissəsindən sonra gələcək abituriyentlər və onların valideynləri tələbə kampusuna baş çəkiblər.

Beləliklə, MDU-nun Bakı filialının filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələri öz qapılarını qonaqlarının üzünə açıblar. Hər kəs 2017-ci ildə filiala qəbul qaydaları, burada tədris prosesi ilə yaxından tanış olmaq imkanı qazanıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında