UNEC DAAD-ın regionda ən böyük layihəsinə start verib

Noyabrın 29-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsinin açılışı olub.

Dörd ili əhatə edəcək layihə UNEC-lə Almaniyanın Siegen Universitetinin tərəfdaşlığı və Alman Akademik Mübadilə Xidməti (DAAD) baş ofisinin maliyyə dəstəyi ilə həyata keçiriləcək.

Layihəyə uyğun olaraq, Almaniya və Azərbaycanda yay və qış məktəblərinin təşkili, maliyyə, biznes planlaşdırılması, sahibkarlıq, innovasiya menecmenti, loqistika, e-kommersiya, risklərin idarə olunması və s. mövzularda təlimlərin keçirilməsi, hər iki universitetin professor-müəllim və inzibati heyətinin iştirakı ilə Bakıda və Siegendə seminarların aparılması nəzərdə tutulur. Eyni zamanda, hər il 4 doktorantın bir aylıq tədqiqat təcrübəsində iştirakı, gənc alimlər arasında “Biznes plan” müsabiqəsinin təşkili, “Məsləhətçi Maliyyə Klubları”nın yaradılması da layihə çərçivəsində həyata keçiriləcək. Klub tələbə, magistr və doktorantların məsləhətçi kimi formalaşmasına, eləcə də Almaniya və Azərbaycanın müxtəlif şirkətlərində təcrübə keçməsinə şərait yaradacaq.

Layihənin UNEC-də təşkil olunan açılış mərasimində Siegen Universitetinin müəllim və 11 tələbəsi ilə birlikdə İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri,  DAAD-ın Bakıdakı Məlumat Mərkəzinin rəhbəri, Alman-Azərbaycan Ticarət Palatasının sədri, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) proqram rəhbəri, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi, Odlar Yurdu Universitetinin rektoru, Almaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Erasmus+ milli ofisinin nümayəndəsi də iştirak ediblər.

Tədbirdə UNEC rektoru, professor Ədalət Muradov hər iki universitet arasında əlaqələrin davamlı inkişaf etdiyini, müəllim-tələbə mübadiləsinin həyata keçirildiyini bildirib. UNEC-lə Siegen Universiteti arasında yay və qış məktəbinin uğurlu təşkilindən söz açan rektor, 4 illik layihənin hər iki universitet arasında yeni bir mərhələnin başlanğıcı olduğunu vurğulayıb. Ə.Muradov layihənin Azərbaycanda sahibkarlıq və biznes təhsilinin təkmilləşdirilməsi sahəsində mühüm rol oynayacağını da bildirib. O, layihənin UNEC tələbələrinin əmək bazarına daha yaxşı hazırlanması baxımından əhəmiyyətini, eləcə də onlarda yeni iş yerləri yaratmaq təcrübəsi formalaşdıracağını qeyd edib. Ə.Muradov birgə magistratura proqramının həyata keçiriləcəyini layihənin ən mühüm töhfələrindən biri olacağını bildirib.

Alman Akademik Mübadilə Xidmətinin Bakıdakı Məlumat Mərkəzinin rəhbəri xanım Ştefani Düfo bu tipli layihənin Azərbaycanda ilk dəfə həyata keçirildiyini və  bunun DAAD tərəfindən regionda maliyyələşdirilən ən böyük layihə olduğunu qeyd edib. O, layihənin hər iki universitetlə yanaşı, həm də Almaniya və Azərbaycan ali təhsil sistemini bir-birinə yaxınlaşdıracağını bildirib.

Siegen Universiteti rektorunun beynəlxalq strateji əməkdaşlıq üzrə müşaviri doktor Ulrix Eberdhat hər iki ali təhsil müəssisəsi arasındakı əməkdaşlığın tarixindən bəhs edib. Layihənin universitetlər arasında qarşılıqlı faydalı əməkdaşlığın məntiqi nəticəsi olduğunu diqqətə çatdırıb.

Sonra Siegen Universitetinin departament rəhbəri, professor Petra Muq layihənin məzmunu, məqsədi, həyata keçiriləcək tədbirlər, eləcə də layihənin reallaşdırılması və maliyyələşdirilməsi mexanizmi barədə ətraflı məlumat verib. Layihənin hazırlanması və icrasına göstərdiyi dəstəyə görə UNEC rəhbərliyinə və digər tərəfdaşlara minnətdarlığını bildirib.

Tədbirdə tələbələrin layihə ilə bağlı sualları cavablandırılıb. Sonda Siegen Universitetinin qış məktəbində təhsil alan UNEC tələbələrinə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihəyə uyğun olaraq, oktyabrın 26-da Siegen Universitetində UNEC-in 9 nəfərlik nümayəndə heyətinin də təmsil olunduğu rəsmi açılış mərasimi keçirilib. Layihənin işçi qrupunun ilk iclasında layihənin idarə edilməsi məsələləri, 4 il ərzində həyata keçiriləcək tədbirlər, gələcəkdə kurrikulumların uzlaşdırılması və digər texniki-təşkilati məsələlər müzakirə edilib. UNEC-in gənc müəllimləri və doktorantları Siegen Universitetinin müvafiq departamentlərini təmsil edən professorlarla görüşüb və gələcəkdə Almaniyada tədqiqat aparmaq istədikləri mövzular üzrə müzakirələr aparıblar.

Elnarə Ömərova


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında