“Düzgün kliniki praktika” seminarı başa çatmışdır

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında İsrailin ölkəmizdəki səfirliyinin dəstəyi ilə bu ölkənin Ben-Qurion Universitetinin əməkdaşlarının keçirdiyi “Düzgün kliniki praktika” (Good Clinical Practice) adlı seminar keçirilib.

Klinikanın direktoru, professor Surxay Hadıyev tədbir iştirakçılarına seminar barədə məlumat verib. Bildirib ki, bu cür beynəlxalq tədbirlərin keçirilməsi klinik tədqiqatlar sahəsində çalışan alimlərin elmi fəaliyyətlərinin inkişafında böyük rol oynayacaq.

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulova qonaqları auditoriyaya təqdim edib, İsrailin ali təhsil ocaqları ilə elm və təhsil sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb.

Seminarın keçirilməsinə dəstək olan İsrailin ölkəmizdəki səfirliyinin nümayəndəsi, səfirin müavini cənab Amir Rom da əlavə edib ki, Azərbaycan – İsrail əməkdaşlığı tək bu istiqamətdə deyil, həmçinin gələcəkdə universitetlər arasında həkim-tələbə mübadiləsi sahəsində də inkişaf etdirilməlidir. Onun sözlərinə görə, Ben Qurion Universiteti və ATU arasındakı əməkdaşlıq Azərbaycanda anadan olmuş və hazırda İsraildə həmin universitetdə fəaliyyət göstərən doktor Aleks Geftlerin təşəbbüsü ilə başlayıb.

Seminar İsrailin Ber-Şeva şəhərində yerləşən Moşe Soroka adına Tibb Universiteti Elmi Araşdırmalar Mərkəzinin koordinatoru Aviva Qrosbard və Tibb Mərkəzinin administrasiyasının əməkdaşı Naomi Amixayın mühazirələri ilə davam edib. Onlar qeyd ediblər ki, bu tibb ocağı ölkədə ən böyük elmi və klinik mərkəzlərdən biridir. Hazırda burada tibbin müxtəlif istiqamətlərini əhatə edən 1000-dən artıq klinik tədqiqat aparılır.

Üç gün davam edən seminarda universitet əməkdaşları ilə birgə Səhiyyə Nazirliyi, Diaqnostika Mərkəzi və Psixi Sağlamlıq Mərkəzinin əməkdaşları da iştirak ediblər. 

Seminarın yekun mərasimində, İsrailin  ölkə-mizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Stav iştirak edib.

Tədbirdə ATU-nun Elmi işlər üzrə prorektoru Rauf Bəylərov, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Rəhimə Qabulova, beynəlxalq əlaqələr şöbəsinin müdiri Nadir Zeynalov, ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev və başqaları çıxış ediblər. Qeyd olunub ki, ATU ilə Ben Qurion Universitetinin birgə təşəbbüsü ilə keçirilən bu seminar klinik tədqiqatlar sahəsində çalışan alimlərin elmi fəaliyyətlərinin inkişafında mühüm rol oynayacaq, həmçinin, İsrail və Azərbaycan arasında münasibətlərin sıxlaşmasına da öz töhfəsini verəcək.

Mərasimin sonunda seminar iştirakçılarına müvafiq sertifikatlar təqdim olunub.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında