Bilik Fondu Bakı və Salyan məktəblilərini qardaşlaşdırdı

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu yarandığı vaxtdan gənc nəslin hərtərəfli inkişafına və dünyagörüşünün zənginləşməsinə stimul yaradan bir neçə layihə həyata keçirir. 2014-cü ilin sentyabrından start götürən “İl boyu bilik” proqramı çərçivəsində həyata keçirilən “Qardaşlaşmış məktəblər” layihəsi də belələrindəndir.

Layihənin əsas məqsədi müstəqil Azərbaycanın tərəqqisi, cəmiyyətimizin maariflənməsi işində yardımçı olmaq, yeniyetmə və gənclərin biliklərə yiyələnməsinə, ölkəmizin multikultural mühitinə, dini və etnik müxtəlifliyinə əyani şahid olmasına dəstək verməkdir. Həmçinin dövlətçilik, vətənsevərlik, tolerantlıq ideyalarının və ümummilli lider Heydər Əliyevin banisi olduğu azərbaycançılıq məfkurəsinin daha dərindən öyrənilməsi və yayılmasına, məktəblilərin ölkəmizin bütün guşələrində geniş vüsət alan quruculuq, abadlıq işləri ilə daha yaxından tanışlığına, bölgələrimizin tarixi, mədəniyyəti, məişəti və etnoqrafiyasına dair biliklərə yiyələnməsinə yardımçı olmaqdır.

Bu dəfə “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Bakının Suraxanı rayonundakı 275 nömrəli məktəbin şagirdləri Salyan məktəblilərinin qonağı olublar. Salyan Rayon İcra Hakimiyyəti və təhsil şöbəsinin rəhbər işçiləri, müəllim və şagirdlər, ictimaiyyət nümayəndələri qonaqları böyük sevinclə qarşılayıblar. Əvvəlcə hər iki məktəbin müəllim və şagird kollektivləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Daha sonra layihə iştirakçıları Salyan RİH başçısı   Sevindik Hətəmovla görüşüblər. İcra başçısı Bilik Fondunun maarifçilik sahəsində fəaliyyətini yaxından izlədiyini və çox bəyəndiyini deyib, həmçinin “Qardaşlaşmış məktəblər” layihəsinin gənclərin tərbiyəsində və dünyagörüşünün inkişafında böyük rol oynadığını vurğulayıb.

Sonra şəhər 7 nömrəli  texniki fənlər təmayüllü məktəb-liseydə suraxanılı məktəblilərlə salyanlı yaşıdları arasında Qardaşlaşma sazişi imzalanıb. “Bilik yarışında” iştirak edən şagirdlərə fondun hədiyyələri təqdim olunub.

Qonaqlar Heydər Əliyev Mərkəzinə, Dövlət Rəsm Qalereyasına, Cümə məscidi və Tarix Diyarşünaslıq Muzeyinə də baş çəkib, Salyan şəhərini Babazənən yaşayış massivinə birləşdirən körpü, Salyan-Pambıq” ASC, Olimpiya İdman Kompleksi və Şirvan Milli Parkı ilə tanış olublar.

Salyan şəhər 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin direktoru Arzu Daşpoladova belə layihələrin məktəblilərin inkişafında müstəsna rolu olduğunu deyib.

Salyan məktəblisi Elmir Əhmədov təhsil aldığı orta məktəbin “Qardaşlaşmış məktəblər” layihəsinə qatılmasını uğurlu addım kimi qiymətləndirib: “Layihə haqqında eşitmişdim, çox maraqlı olduğunu bilirdim. Sevinirəm ki, bu gün artıq mən də “Qardaşlaşmış məktəblər” ailəsinin bir üzvüyəm. Bakılı dostlarımızla gözəl günlər keçirdik. Bundan sonra da dostluğumuzu möhkəmləndirəcəyik”.

Suraxanı məktəbinin direktoru Elmira İsmayılova Salyan ictimaiyyətinin, həmçinin şagirdlərin isti münasibətindən və səmimi qarşılanmadan məmnunluğunu ifadə edib: “Bilik Fondunun təşkilatçılığı ilə şagirdlərimiz qardaşlaşdı, bu, həm də bizim məktəblərimiz arasında dostluğun təməli oldu. Əminəm ki bundan sonra da birgə tədbirlər, “dəyirmi masa”lar, bir-birindən maraqlı disputlar keçirəcəyik”.

Suraxanı məktəblisi Təranə Səmədova da layihəyə böyük həvəslə qatıldığını deyib: “Eşidəndə ki, bizim məktəb də “Qardaşlaşmış məktəblər” layihəsinə qoşulur, çox sevindim. Tezliklə dostlarımızı Bakıda – öz doğma məktəbimizdə qarşılamaqdan məmnun olaram”.

Bilik Fondunun informasiya təminatı sektorundan bildirmişlər ki, layihə çərçivəsində artıq paytaxtda və rayonlarda olan 50-dək məktəb qardaşlaşma sazişi imzalayıb. Azərbaycanın bütün bölgələri, Türkiyə və Rusiya məktəbləri də layihəyə cəlb olunub.

Aparılan müşahidələr göstərir ki, qardaşlaşan məktəblilər arasında yaxın dostluq əlaqələri davam edir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında