Səbail məktəbləri yeni dərs ilini uğurlarla qarşılayır

 Səbail Rayon İcra Hakimiyyətində keçirilən toplantıda ötən dərs ilinin yekunları, qarşıda duran vəzifələr geniş müzakirə olunmuş, qəbul imtahanlarında yüksək nəticələr göstərən məzunlara rayon ictimaiyyətinin təbrik və hədiyyələri çatdırılmışdır.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkədə təhsilin modernləşdirilməsi  ilə bağlı aparılan uğurlu dövlət siyasətindən,  son illərdə bu yöndə görülən genişmiqyaslı  işlərdən, Prezident  İlham Əliyevin və birinci xanım, Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban Əliyevanın sahənin problemlərinin sürətli həllinə göstərdikləri ardıcıl diqqət və qayğıdan danışmışdır. O qeyd etmişdir ki, Bakı şəhərinin mərkəzi rayonu olan Səbaildə təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti daim diqqət mərkəzindədir.

Bildirilmişdir ki, RİH-in ciddi nəzarəti altında ərazidəki 5 ali, 17 orta və 18 məktəbəqədər təhsil müəssisəsində yeni dərs ilinə hərtərəfli hazırlıq görülmüş, yay mövsumundə məktəblərdə zəruri təmir işləri aparılmışdır. Ümumiyyətlə, son illərdə rayondakı əksər təhsil müəssisələri əsaslı təmir olunmuşdur. Ötən tədris ilində dövlət proqramına uyğun olaraq 190 saylı orta məktəb əsaslı təmir edilmişdir.

Müzakirələrdə görülən işlərlə yanaşı, təhsil müəssisələrinin qazandığı uğurlardan da danışılmışdır. RİH Başçısı Aparatı ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimovun məlumatında göstərilmişdir ki, ötən tədris ilində rayonun orta məktəblərini 1462 nəfər bitirmiş, 8 məzun qızıl və 1 gənc gümüş medala layiq görülmüşdür.  Ali və orta ixtisas  məktəblərinə qəbul imtahanlarında səbailli abituriyentlərdən 1023-i tələbə adı qazanmışdır. Onların 173-ü  500-dən, 79-u 600-dən, 25-i isə 650-dən yuxarı bal toplamışdır. 118 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşdur.

132--134 saylı Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova, 236 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim Xanlar İmaməliyev, məzunlar və valideynlər adından çıxış edənlər rayonun təhsil müəssisələrində yaradılan yüksək şəraitə və sahənin yeniləşdirilməsinə göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Sonda qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara Azərbaycan və dünya ədəbiyyatı korifeylərinin nəfis çap  olunmuş əsərləri, ulu öndər Heydər Əliyevin həyat və mübarizəsinə həsr olunmuş kitablar və Səbail Rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunmuşdur.

Həmin gün 600-dən çox bal toplamış Səbail məzunları üçün Yaxt Klubda gənclər balı təşkil olunmuşdur.

 T. Rüstəmov, 
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında