Müasir təhsil: uğurlar, çağırışlar

Təhsil elə bir sahədir ki, onunla bağlı qayğılar hər birimizi ömür boyu müşayiət edir. Belə ki, doğma məktəblə hələ uşaqlıq illərindən başlanan “ünsiyyət” sonrakı dönəmlərdə artıq valideyn və baba-nənə statusunda davam edir.

Təhsil bizim cəmiyyətdə layiq olduğumuz yerə, məqama çatmağımıza şərait yaradır. Vaxtı fövtə verib zəif biliklər əldə etdikləri üçün özlərini ( bəzən haqlı və ya haqsız olaraq müəllimlərini-müəllif) qınayanlar da az deyil. Bütün hallarda hər kəs övladının özündən daha mükəmməl bilik alaraq  yüksək mərtəbələrə çatmasını arzulayır. Buna nail olanda sevinir, ola bilməyəndə isə, təbii ki, məyus olur.

Cəmiyyətdə ikinci elə bir sahə yoxdur ki, oradakı vəziyyət təhsildəki qədər hamı üçün  şəffaf və aşkar olsun. Bu gün hər bir məktəbdə nə baş verirsə, məsələn, müəllim obyektiv və ədalətlidirsə, imkanlı və ya imkansız ailələrin övladlarına fərq qoymursa, savadlıdırsa və ya savadlı deyilsə, bundan təkcə uşaqlar deyil, onların valideynləri, hətta baba-nənələr də xəbər tuturlar.

 Məktəbdə tədris prosesinin cəmiyyət üçün açıq, şəffaf olması, şübhəsiz, müsbət haldır. Hər halda təlim və tədris prosesindəki şəffaflıq haqsızlığın, neqativ halların qarşısını vaxtında almaqda kömək edir.  Son vaxtlar, insafən, məktəblərdən  təhsilin səviyyəsinin yüksəlməsi ilə bağlı xoş xəbərlər gəlməyə başlayıb. Mütəxəssislər də keyfiyyət dəyişikliklərinin baş verdiyini etiraf edirlər.

Milli təhsilimizdəki müsbət tendensiyalar üçün səciyyəvi nümunələrdən bir neçəsi barədə, qısa olsa da, söhbət açmaq istərdim. Çox ola bilər ki, belə müsbət, pozitiv halları siz də müşahidə edibsiniz. Yəqin ki, mənim kimi, buna sevinibsiniz. 

 

Ədalət öz yerini tutdu

Telman Qardaşovu uzun illərdir tanıyıram. Ucqar bir dağ rayonundandır, öz gücü, istedadı hesabına BDU-nun tətbiqi riyaziyyat fakültəsinə daxil olaraq oranı fərqlənmə diplomu ilə bitirib. Əyani aspiranturada saxlayıblar. Namizədlik dissertasiyasını çox tez və uğurla müdafiə edib.   Məktəbə, canlı tədris prosesinə sonsuz marağı onu pedaqoji sahəyə gətirib. 1990-cı ilin ortalarında ona gənc mütəxəssis kimi Yeni Günəşli qəsəbəsindəki 275 nömrəli tam orta ümumtəhsil məktəbinə rəhbərlik etməyi tapşırıblar. Etimadı doğruldub, məktəb tezliklə paytaxtın ən qabaqcıl təhsil ocaqlarından birinə çevrilib.

Ulu öndər Heydər Əliyev 2002-ci ildə məktəbdə yeni tədris ilinin açılış  mərasimində iştirak edib, gözəl, dərin məzmunlu nitq söyləyib. Telman müəllim deyir ki, həmin anlar onun həyatının ən xoşbəxt, unudulmaz anları idi. Dahi siyasətçinin tövsiyələri, əlbəttə, ona, eləcə də bütün kollektivə daha yaxşı işləmək üçün böyük bir stimul verib.

Lakin təqribən beş il əvvəl bir gün eşitdim ki, Telman müəllim öz ərizəsi ilə  vəzifədən çıxıb. Səbəbini soruşanlara deyib ki, yoxlamalardan yorulub: “Biri gedir, o biri gəlir. Hər birinin də yerə-göyə sığmayan iddiası, tələbləri var və sair”.

 

Təcrübəli pedaqoq bir müddət işsiz qaldı

Ara-sıra görüşürdük. Boynuna almasa da, hiss edirdim ki, təhsil prosesi, şagirdlər, məktəb üçün bərk darıxır. Onun təhsildən kənarda qalması, düzü, mənə də ağır gəlirdi. Amma yeni təhsil naziri Mikayıl Cabbarovun başladığı islahatları dərin maraqla izlədiyini hiss edirdim, bu sahədə baş verən yeniliklər onun da ürəyindən idi.

 Bu yaxınlarda Telman müəllimlə təsadüfən şəhərdə görüşdük. Baxışlarımdan əvvəllər tez-tez oxuduğu “hələ də təhsildən kənarda qalmısınız?”, – qınaq dolu sualımı duyub, gülümsəyərək dedi ki, yeni təhsil nazirinin təşəbbüsü ilə paytaxtdakı vakant məktəb direktorları vəzifələrini tutmaq üçün ötən ilin sonlarında keçirilən müsabiqədə iştirak edərək qaliblər sırasına çıxıb. Savadını, təcrübəsini, innovativ təşəbbüslərini nəzərə alaraq onu yenidən məktəb direktoru vəzifəsinə təyin ediblər.

 Hansı məktəbə göndərildiyini desə də məktəbin nömrəsini unutdum. Mənim üçün maraqlı və önəmli olan budur ki, belə səriştəli kadrlara indi qayğı və diqqət göstərilir.

 

Təhsildə diaqnostik qiymətləndirmə

“Diaqnostika” deyəndə adamın ilk ağlına gələn tibbi müayinə olur. Lakin təhsildə bu yolla pedaqoqların bilik və bacarıqlarını da müəyyən etməyə çalışırlar ki, birincisi, o, məhz savadına, bacarığına görə əmək haqqı alsın. Yəni səriştəlidirsə, şagirdlərə daha mükəmməl biliklər “ötürə” bilirsə, qazancı da müvafiq surətdə daha yüksək olsun.

İkincisi, birinci amildən heç də az əhəmiyyətli olmayanı budur ki, diaqnostik qiymətləndirmə üzrə test sınaq imtahanlarında az bal toplayan pedaqoqlar öz üzərlərində işləyib biliklərini artırsınlar ki, növbəti sınaq imtahanlarında daha yaxşı nəticələrə nail ola bilsinlər. Bu proses müəllimlər arasında “bilik bəhsləşməsi”nə də səbəb olur, axı heç bir pedaqoq heç vəchlə həmkarından geri qalmaq istəməz.

Aybəniz Atamoğlanova kimya fənnini uşaqlıq illərindən sevib. Özünü xəyallarında kimya müəllimi olan anası  kimi təsəvvür edib. Ali təhsil alıb, əvvəllər bölgələrdəki orta məktəblərin birində  çalışıb, son illər Yeni Günəşli qəsəbəsindəki 279 nömrəli tam orta ümumtəhsil məktəbində kimya fənnindən dərs deyir.

Aybəniz müəllimə ilk diqnostik imtahandan 40 mümkün baldan 27 bal toplayıb. O, ruhdan düşməyərək növbəti diaqnostik qiymətləndirmə imtahanına hazırlaşııb. Bu arada məlum olub ki, Təhsil Nazirliyi 20-30 bal toplayan pedaqoqlar üçün 120 saatlıq treninq kursları keçirir. İndi Aybəniz xanım həmin kursların birində iştirak edir. Treninq müəllimi də çox savadlı və təcrübəli pedaqoqdur, kimya üzrə fəlsəfə doktorudur, vaxtilə Sankt-Peterburqda təhsil alıb.

A.Atamoğlanova ümid edir ki, növbəti diaqnostik qiymətləndirmədə daha yüksək nəticə əldə edə biləcək. Həm özünə inamı artacaq, həm də əməkhaqqı. Onu razı salan həm də odur ki, nazirliyin əməkdaşları treninqlərin yüksək səviyyədə təşkil olunmasına çox ciddi yanaşırlar.

 

 Təmənnasız repetitorluq, yoxsa əsl fədakarlıq...

Milli təhsilimizdə son illər gedən proseslər barədə söz açarkən bölgələrimizdə müşahidə etdiyim hallardan da bir misal çəkmək fikrindəyəm. İbrahim Nadirov 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirəndən Siyəzən şəhər 1 nömrəli tam orta məktəbdə riyaziyyat fənnindən dərs deyir. Bu illər ərzində rayonun ən savadlı və istedadlı pedaqoqlarından biri kimi ad qazanıb.

Elə illər olub ki, onun rəhbərlik etdiyi sinfin məzunlarının az qala hamısı müxtəlif ali və orta ixtisas məktəblərinə daxil olub. Hazırda rəhbəri olduğu “9a” sinfi məktəb üzrə “İlin sinfi” fəxri adına layiq görülüb və bu sinfin şagirdlərinə böyük ümidləri var.

Elşad Babayev də həmin sinifdə oxuyur. Atası İlham Babayev rayonun nüfuzlu ziyalılarından sayılır. Son vaxtlar tez-tez məktəbə də baş çəkir, oğlunun dərsləri ilə yaxından maraqlanır. İbrahim müəllim valideynin bu diqqətindən çox razı qalır. Rayon rəhbərliyi də indi məktəbin, təhsilin qayğılarına daha həssas yanaşır. İbrahim müəllim hesab edir ki, cəmiyyət məktəbə lazımi diqqət göstərəndə  həm pedaqoqlar, həm də şagirdlər daha həvəslə və məsuliyyətlə çalışırlar.

İbrahim müəllim barədə ilk dəfə onun keçmiş şagirdi, hazırda Bakı Dövlət Universitetinin biologiya fakültəsinin gənc müəllimi olan Eynulla Musayevdən eşitmişəm. Eynulla müəllim yaxşı müəllimlərdən söz düşəndə dedi ki, İbrahim müəllim onlara riyaziyyat fənninin təkcə misal və düsturlarını öyrətməyib, həm də bu elmin ruhunu sevdirib.

E.Musayev sevimli müəllimi ilə bağlı “bir sirri” də açdı. Dedi ki, Siyəzən şəhərində çoxlarına bəllidir, qoy sizə də agah olsun ki, İbrahim müəllim kasıb, imkansız ailələrin uşaqlarını təmənnasız hazırlayır. Həmin uşaqların çoxu müxtəlif ali məktəblərdə bakalavr və ya magistr təhsili alıb. Aralarında elmlər doktorları və namizədləri də var.

İbrahim müəllimlə bu yaxınlarda Siyəzəndə görüşüb tanış olmuşam. Təhsil sahəsində müəllimin əsas simaya çevrilməsi, istedadlı, səriştəli pedaqoqlara daha geniş meydan açılması üçün görülən işləri çox bəyəndiyini dedi. Son illərdə məktəblərdə pedaqoqların dərs yüklərinin artırılmasını, onların müvafiq olaraq məsuliyyət və əməkhaqlarının yüksəldilməsini də təqdir etdi.

 

Strateji sahə

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu  ulu öndər Heydər Əliyev milli təhsilimizin inkişafına hər zaman böyük önəm verib. Hələ sovet hakimiyyəti illərində bilikli, savadlı kadrların hazırlanmasına dərin qayğı göstərib. Məhz ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə o illərdə minlərlə azərbaycanlı gənc müsabiqədənkənar imtahan yolu ilə keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərinə qəbul olunaraq mükəmməl bilik alıb. Dahi siyasətçinin “Mən müəllim peşəsindən daha şərəfli peşə tanımıram” sözləri bu gün də hər bir pedaqoqun qəlbini riqqətə gətirir!

Nə yaxşı, bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yeni dövrün reallıqları nəzərə alınmaqla, böyük uğurla davam və inkişaf etdirilir. Dövlətimizin başçısı hələ on il bundan əvvəl Davosda nüfuzlu beynəlxalq tədbirdəki çıxışında ölkəmizdə neft gəlirlərinin intellektual  kapitala çevrilməsi üçün gərəkli işlərin görüləcəyini bəyan edib. Bu istiqamətdə Azərbaycanda son illər, həqiqətən, böyük işlər görülüb.

Azərbaycan xalqı zəkalı, intellektual xalqdır, yeniliyə meyillidir. Təhsildə daha çox uğurlar qazanmağımız üçün böyük potensial mövcuddur. Dövlət də, xalq da bu məsələdə çox maraqlıdır. Sadəcə, ən optimal yolları müəyyən edib irəli getməyə çalışmaq lazımdır.

Azərbaycan təhsilində hazırda hörmətli təhsil naziri Mikayıl Cabbarovun ugurlu rəhbərliyi ilə ciddi keyfiyyət dəyişikliklərinə nail olunması üçün planlı, düşünülmüş şəkildə  görülən ardıcıl və davamlı işlər öz bəhrəsini verir. Bu da bir həqiqətdir ki, təhsilin davamlı uğurları hər bir cəmiyyətin birgə səyləri ilə mümkün ola bilər. Bütün cəmiyyət bu mühüm sahənin inkişafına lazımi diqqət, ona “çiyin verməli”, irəli aparmalıdır.

 

Son söz əvəzi

Milli təhsilimizdə aparılan uğurlu islahatların bəhrəsi hiss olunmağa başlayıb. Görünən budur ki, ilk uğurlara start verilib. Qoy bu ilk uğurlar daha da genişlənərək təhsilimizin tərəqqisi prosesində güclü, pozitiv tendensiyaya çevrilsin.

Hər bir ziyalı, hər bir vətəndaş bu taleyüklü işə dəstək olmalıdır. Millətimizin, dövlətimizin sürətli tərəqqisi naminə! Zatən tərəqqinin başqa yolu yoxdur. 

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında