Azərbaycan Dövlət Dəniz Akademiyası peşəkar kadr hazırlığına diqqəti artırır

Ölkəmizin  gələcək inkişafı bu  gün hazırlanan  kadrların keyfiyyətindən çox asılıdır. Təhsil sahəsində son illər  həyata keçirilən davamlı islahatlar da bu problemin həllinə yönəldilmişdir. Söz yox ki, bu  gün yüksək səviyyəli  dənizçi kadrların hazırlanmasına da  diqqətin artırılması dövrün tələbi kimi qarşıya  qoyulmuşdur. Azərbaycan Dövlət Dəniz Akademiyasının  son dövrlər həyata  keçirdiyi tədbirlər  bu sahədə  kadr hazırlığının keyfiyyətcə yeni mərhələyə qədəm  qoymasından xəbər  verir.

Azərbaycanda dənizçilik təhsilinin tarixi XIX əsrin sonlarından başlasa da, dövlət müstəqilliyimizi əldə etdiyimiz dövrdən inkişafının yeni mərhələsinə qədəm qoydu.

Müasir Azərbaycanın qurucusu, respublikamızda – dəniz ölkəsində yüksək ixtisaslı dənizçi kadrlar hazırlayan ali təhsil müəssisəsinin yaradılmasının  nə qədər önəmli olduğunu çox gözəl bilən uzaqgörən ölkə rəhbəri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Dəniz Akademiyasının yaradılması barədə sərəncam imzalamaqla bu sahəyə də öz töhfəsini vermiş oldu.

Beləliklə, ulu öndər Heydər Əliyevin tapşırığına əsasən, Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi təkcə Xəzər Dəniz Gəmiçiliyi üçün deyil, dünya sularında üzən yüksək ixtisaslı dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı.  1995-ci ilin may ayında ulu öndər Heydər Əliyevin Azərbaycanı dünyaya tanıtması siyasətinin davamı kimi, Azərbaycan Beynəlxalq Dəniz Təşkilatına üzv qəbul olundu. Azərbaycan bu konvensiyaya qoşulduqdan sonra Dənizçilik Akademiyası ilk gündən BDT-nin “Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməsi haqqında” 1978-ci ildə qəbul edilmiş Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq fəaliyyətini qurmuşdur. Bu məqsədlə bütün ixtisaslar üzrə baza təhsil proqramları, tədris planları və təhsilin dövlət standartları hazırlanmış və müvafiq qaydada təsdiq edilərək, BDT tərəfindən qəbul edilmişdir.

Diplom və sertifikatları beynəlxalq səviyyədə tanınan akademiyanın fəaliyyətinə yüksək ixtisaslı dənizçi kadrların hazırlanması, həm də  ixtisaslarının artırılması və yenidən hazırlanması istiqamətləri daxildir.

 Akademiyada Nazirlər Kabinetinin 2000-ci il 8 may tarixli qərarı ilə Dənizçilərin Hazırlanması və Sertifikatlandırılması Mərkəzi yaradılmışdır. Mərkəzin nəzdində  Sıravi heyət mütəxəssisləri hazırlama şöbəsi (Dənizçilik məktəbi) də fəaliyyət göstərir. Burada dənizçilik idarələrinin tələbatına uyğun orta ixtisaslı kadrlar hazırlanır.

2002-ci ilin oktyabrında akademiya dənizçi mütəxəssislərin hazırlanması sahəsində keyfiyyətin menecmenti sistemi üzrə İSO 9001-2000 Beynəlxalq standartına uyğun sertifikata layiq görülmüş , 2010-cu il fevralın 1-dən isə akademiyada İSO 9001-2008 keyfiyyət menecment sistemi tətbiq edilmişdir. Diplomu dünyanın 167 ölkəsi tərəfindən tanınan akademiya bu gün Beynəlxalq Dənizçilik Ali Məktəbləri Assosiasiyasının üzvü, Xəzəryanı Dövlətlərin Ali Məktəbləri Assosiasiyasının fəal iştirakçısı və 16 xarici ölkə dənizçilik ali məktəbləri ilə birbaşa əməkdaşlıq edən ali təhsil müəssisəsidir.

“Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil sistemi gündən-günə inkişaf edir. Hər il tikilən yeni-yeni məktəblər, ali təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, aparılan islahatlar təhsildə keyfiyyət dəyişikliklərinə səbəb olmaqla bərabər, elmin və tədrisin inkişafı üçün geniş imkanlar yaradır.

Öz profilinə görə regionda yeganə təhsil müəssisəsi olan Azərbaycan Dövlət Dəniz Akademiyası da bu qayğı və diqqətin bəhrəsini görüb. Akademiya tarixində ilk dəfə olaraq Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli sərəncamı ilə akademiyaya yeni rəhbər təyin olundu.  Yeni rəhbərliyin həyata keçirdiyi köklü struktur dəyişiklikləri, məqsədyönlü kadr siyasəti burada tədris prosesini daha yüksək səviyyədə qurmaq imkanı yaradıb. “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin daim yüksək ixtisaslı kadrlara olan ehtiyacının ödənilməsi keyfiyyətə üstünlük verilməsi şərtilə reallaşır. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əsas kadr sütünu olan ADDA bu təşkilatın və onun sədri Rauf Vəliyevin daim diqqət və qayğısı ilə əhatə olunub. Bu diqqət və qayğının nəticəsidir ki, bütün ADDA işçiləri pulsuz naharla təmin olunur və akademiyanın professor-müəllim heyətinin əməkhaqları bir neçə dəfə artırılmışdır.

Azərbaycan Dövlət Dəniz Akademiyasında dənizçilik ixtisasları üzrə təhsilin bütün pillələrində (bakalavr, magistr, doktorantura) yüksək səviyyədə müasir standartlara cavab verən  tədris prosesi qurulmuşdur.

 Hazırda ADDA-da 3 fakültə və 7 kafedra fəaliyyət göstərir. Akademiyada  1300-ə yaxın tələbə təhsil alır ki, onların da tədrisi, təlim-tərbiyəsi ilə 8 professor, 31 dosent, 64 baş müəllim və 50 assistent müəllim məşğul olur. Akademiyada ümumilikdə 5 ixtisas–“Gəmiqayırma və gəmi təmiri mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, “Dəniz naviqasiyası mühəndisliyi”, “Elektrik mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə təhsil almaq imkanı var.

2015-2016-cı tədris ili üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi qəbul imtahanlarından uğurla keçən 194 abituriyentdən 77 nəfər 300 baldan, 21 nəfər 400 baldan, 2 nəfər isə 500 baldan yuxarı nəticə göstərib. Onlardan 82 nəfər dövlət sifarişi, 112 nəfər isə ödənişli əsaslarla təhsil alır. Bu gün Dəniz Akademiyasında təkcə ölkə gəncləri deyil, Türkiyə, Gürcüstan, Qazaxıstandan gələn tələbələr də təhsil alırlar.

Xəzər Gəmiçiliyinin donanması yeni və müasir gəmilər hesabına zənginləşdikcə, akademiyanın tədris prosesi də yeni trenajorlarla təmin edilir və laboratoriya şəbəkəsi genişlənir. Akademiyada tədrisin dünya standartlarına cavab verməsi məqsədilə mühüm tədbirlər həyata keçirilir. Son bir ildə Beynəlxalq Konvensiyanın B-1/12 bölməsinin tələblərinə cavab verən “Engine room simulator ERS-4000", “NT-4000”, “TQS” və “NS-3000” trenajorları alınaraq tədris prosesində istifadə edilir. Eyni zamanda, akademiyanın tələbələrinin istifadəsində olan “Radar”, “Naviqasiya”, “Elektron xəritə çəkmə”, “GMDSS” trenajorları buna misaldır. Akademiyada müasir tədrisi təmin edən vasitələrdən biri də “tədris gəmisi”dir. Tədris gəmisi kimi ADDA tələbələrinin ixtiyarına verilən “General Əsədov” adına sərnişin gəmisində, digər müasir dünya standartlarına cavab verən gəmilərdə, Bakı Gəmiqayırma Zavodunda tələbələrimiz həm ixtisas fənlərini, həm də istehsalat təcrübəsini keçirlər.

Yüksək ixtisaslı dənizçi mütəxəssislər hazırlamaq üçün akademiya özünün maddi-texniki potensialını daim modernləşdirir, auditoriya, laboratoriya, tədris kabinələrini ən müasir texniki-təlim vasitələri ilə zənginləşdirir. Tədrisin təkmilləşdirilməsi, onun elm və istehsalatla əlaqələrinin möhkəmləndirilməsi prosesi daim diqqət mərkəzindədir. Professor-müəllim və tələbə heyətinin səmərəli fəaliyyəti üçün akademiyada hər cür şərait yaradılmışdır. Belə ki, burada təhsil alan tələbələr tam təmirli, pulsuz yataqxana, gündə iki dəfə yemək, yaz-qış  geyimlərilə tam təmin olunurlar. Respublikada ilk dəfə olaraq akademiyada həm tələbələr, həm də işçilər üçün ödənişsiz ingilis və rus dili kursları təşkil edilmişdir ki, bu da onların dil bilik və bacarıqlarıın inkişaf etdirilməsində geniş imkanlar yaradır. ADDA-da yüksək bal toplayan və əlaçı tələbələrdən ibarət  2  SABAH qrupu da yaradılmışdır.

Ən önəmli yeniliklərdən biri də ilk dəfə olaraq bu il birinci kurs tələbələrinə mühazirə materiallarının mətbəədə çap olunaraq pulsuz paylanmasıdır. Akademiyanın yataqxanası bu il əsaslı təmir olunaraq tələbələrin ixtiyarına verilmişdir. Onların tələbatını ödəyən,  Azərbaycan, rus və ingilis dillərində çoxsaylı dənizçilik peşəsinə aid kitablarla təmin olunmuş informasiya-resurs mərkəzi,  poliklinika, yeməkxana, idman zalları, hovuz vardır.  Gənc nəslin mənəvi-estetik səviyyəsinin yüksəldilməsi, ictimai mövqeyinin formalaşması, onlara yüksək vətənpərvərlik, humanistlik hissinin aşılanması prosesinin tənzimlənməsi məqsədilə Azərbaycan Dövlət Dəniz Akademiyası ölkədə  fəaliyyət göstərən 26 dövlət teatrı və bu şəbəkəyə daxil olan digər  mədəniyyət obyektləri ilə  müqavilələr bağlayaraq tələbələrin müntəzəm olaraq müxtəlif mədəniyyət ocaqlarına ziyarətini təşkil edir. Buna misal olaraq gənclərimizin dövlətçiliyimiz və onun tarixinə dərindən yiyələnmələri məqsədilə tarix dərslərinin canlı olaraq muzeylərdə keçirilməsini, Azərbaycanın görkəmli ziyalıları ilə görüşlərin təşkil edilməsini göstərmək olar.

Dövlət gənclər siyasətinin prioritet istiqamətlərini rəhbər tutaraq akademiyada Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar Komitəsi fəaliyyət göstərir.  Bu fəaliyyətin təsdiqi kimi 26-27 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyilə respublikamızın əksər ali məktəblərinin iştirakı ilə ADDA-da keçirilən ümumrespublika ali məktəblərarası “Dil-karyeraya gedən yol”  müsabiqəsini qeyd etmək yerinə düşərdi. Beləcə, ikinci dəfə eyniadlı müsabiqəyə ev sahibliyi edən ADDA respublikamızın tələbə gənclərinə öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı yaratdı.

Bu gün hərtərəfli dövlət qayğısı ilə əhatə edilən Azərbaycan gəncliyinin bir hissəsi olan  ADDA tələbələri ulu öndərin gənclər siyasətinə  sadiqliyini bildirir və gələcəkdə ölkəmizə öz töhfələrini  vermək əzmindədirlər.

M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında