UNEC Türkiyənin nüfuzlu universitetləri ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Türkiyənin ali təhsil müəssisələrinin rəhbərləri və professor-müəllim heyəti ilə görüşmüşdür.

Gazi Universiteti, Bilkənt Universiteti, Hacettepe Universiteti, Orta Doğu Texniki Universiteti (ODTÜ) və TOBB İqtisadiyyat və Texnologiya Universitet rəhbərləri ilə görüşlər zamanı tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi , ikili diplom proqramlarının təşkili, “Gənc müəllim” və “Gənc professor” layihələri, gənc doktorların hazırlanmasına dəstək verilməsi, “ERASMUS+” proqramında birgə iştirak və digər məsələlər ətrafında müzakirələr aparılmış, sənədlər imzalanmışdır.

Türkiyənin tanınmış ali məktəblərindən olan Gazi Universitetində keçirilən görüşdə iki universitet arasındakı gələcək əməkdaşlığın istiqamətləri müəyyən edilmişdir. Professor Ədalət Muradov Gazi Universitetinin Elmi Şurası qarşısında çıxış etmişdir. Daha sonra hər iki universitetin rektorları – professor Ədalət Muradov və professor Süleyman Büyükberber əməkdaşlıq protokolu imzalamışlar. Sənədə əsasən, UNEC-in “Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi”ndə Gazi Universiteti ilə birlikdə ilk mərhələdə “biznesin idarəedilməsi” ixtisasında magistratura pilləsində ikili diplom proqramının təşkil edilməsi, tələbə və müəllim mübadiləsinin genişləndirilməsi və “ERASMUS+” proqramında birgə əməkdaşlığın həyata keçirilməsi mümkün olacaqdır.

Türkiyənin ən böyük və modern universitet kitabxanasına malik olan Bilkənt Universitetinin rektoru, professor Abdullah Atalar ilə keçirilən görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə edilmişdir. İmzalanan protokola əsasən, MBA üzrə ikili diplom proqramının təşkilinə, kitabxana sisteminin UNEC-də qurulmasına müvafiq dəstək veriləcəkdir.

Akademik reytinqinə görə, Türkiyə universitetləri arasında 1-ci yerdə olan Hacettepe Universitetinin rektoru, professor Murat Tuncerlə görüş zamanı əməkdaşlıq əlaqələri qiymətləndirilmiş və gələcək əlaqələrin daha da genişləndirilməsi məqsədilə çoxaspektli əməkdaşlıq protokolu imzalanmışdır. Sənəd “maliyyə” və “səhiyyə menecmenti” ixtisasları üzrə magistratura pilləsində ikili diplom proqramlarının təşkili, tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, kitabxana-informasiya sisteminin modernləşdirilməsinə dəstək verilməsi, “Gənc müəllim” və “Gənc professor” layihəsi iştirakçılarına araşdırma və elmi məsləhətçilik dəstəyinin verilməsi, “ERASMUS+” proqramlarında birgə əməkdaşlığın edilməsini özündə ehtiva edir.

Orta Doğu Texniki Universitetində keçirilən görüşdə imzalanan protokola əsasən, UNEC-in məzunlar assosiasiyasının qurulmasında bu ali məktəbin  təcrübəsindən istifadə edilməsi, Mevlana proqramından geniş istifadə etməklə tələbə və müəllim mübadiləsinin təşkili, oktyabrın 7-8-də Avropa Birliyi ilə birgə  keçiriləcək “Avropa tədqiqat məkanında türk universitetləri” adlı konfransa UNEC nümayəndə heyətinin dəvət edilməsi və birgə tədqiqat layihələrinin həyata keçirilməsi, gənc müəllimlərin təcrübə keçməsinə şərait yaradılması nəzərdə tutulmuşdur.

Türkiyənin güclü akademik heyətinin çalışdığı və geniş imkanlara malik ali təhsil müəssisələrindən biri olan TOBB İqtisadiyyat və Texnologiya Universitetinə edilən ziyarət çərçivəsində rektor, professor Adem Şahinlə görüş baş tutmuşdur. İki universitet arasında gələcək əməkdaşlığın təməlini təşkil edəcək əməkdaşlıq protokoluna TOBB-un “Beynəlxalq sahibkarlıq” proqramlarının birinin də UNEC ilə ortaq təşkil edilməsi, iqtisadiyyat və biznes bölmələri, həmçinin də MBA üzrə tələbə və müəllim mübadiləsinin təşkili, UNEC-dəki islahatlara TOBB ETÜ tərəfindən texniki və metodiki dəstəyin verilməsi, “Gənc müəllim” və “Gənc professor” layihələrinə kömək göstərilməsi, “ERASMUS+” proqramında birgə iştirak məsələləri daxil edilmişdir.

Səfər çərçivəsində UNEC rektorunun Türkiyə Respublikası Ali Təhsil Şurasının (YÖK) sədri, professor Yekta Saraç və sədr müavini, professor Mehmet Şişmanla görüşü zamanı iki ölkə universitetləri arasındakı əməkdaşlıq əlaqələri,  o cümlədən Türkəyənin digər  ali təhsil ocaqları ilə əlaqələrinin inkişafı məsələləri müzakirə edilmişdir. Sədr Yekta Saraç UNEC-in Türkiyə universitetləri ilə əməkdaşlığını yüksək qiymətləndirərək, ikili diplom proqramlarına dəstək verəcəyini bildirmişdir.

Elnarə ÖMƏROVA


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında