Abşeron təhsili yeni dərs ilinə hazırdır

Abşeron rayonunun təhsil işçiləri ötən dərs ilinin yekunları və yeni  dərs ilinə hazırlıqla bağlı növbəti konfranslarını keçirdilər. İştirakçılar  ulu öndərin abidəsi önünə tər çiçək dəstələri qoyaraq xatirəsini yad etdilər. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın, Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədovun və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə Heydər Əliyev  Mərkəzində keçirilən konfrans dövlət himninin səsləndirilməsi ilə başlandı.

Geniş məruzə edən rayon təhsil şöbəsinin müdiri Kamran Rzayev görülmüş işlər barədə ətraflı məlumat verərək xüsusi vurğuladı ki, ötən tədris ilində təlim-tərbiyə müəssisələrində çoxlu işlər görülmüş, uğurlu nəticələr əldə edilmiş,   məktəblərdə təlim-tərbiyənin  keyfiyyəti  yüksəldilmiş,  məktəb-ictimaiyyət-valideyn münasibətləri xeyli yaxşılaşdırılmış, təlim-tərbiyə işlərində  demokratikləşmə, humanistləşmə və fərdiləşmə prinsiplərinə geniş yer  verilmişdir.

Ölkə Prezidentinin sərəncamı ilə keçən dərs ilində qazandıqları uğurlara görə Masazır kənd 1 nömrəli tam orta məktəbin müəllimi Bilqeyis Quliyeva və Mehdiabad qəsəbə 2 nömrəli tam orta məktəbin müəllimi Vüsalə Məmmədova “İlin ən yaxşı müəllimi” müsabiqəsinin, Xırdalan şəhər 2 nömrəli və Masazır kənd 2 nömrəli tam orta məktəbləri  isə  “İlin məktəbi” müsabiqəsinin qalibi olmuşlar.

O qeyd etdi ki, 2014-2015-ci dərs ilinin nəticələrinə görə, Abşeron rayonu respublikanın ən yaxşı 10 rayonu sırasındadır. Bu il ali məktəblərə sənəd vermiş 1302 məzunun 877-si (67,36 faiz və yaxud əvvəlki illə müqayisədə 92 nəfər çox)  tələbə adını qazanmışdır. Ali məktəblərə qəbul olmuş məzunların 108-i 500-600 arası (əvvəlkindən 27 nəfər çox), 43-ü isə 600-dən yuxarı (əvvəlkindən 10 nəfər çox) bal toplamışdır. Rayon üzrə  ilk dəfə olaraq ən yüksək – 700 balla ali məktəb tələbəsi adını qazanan Xırdalan şəhər 3 nömrəli tam orta məktəb-liseyin məzunu Əli İsgəndərovu iştirakçılar gurultulu alqışlarla salamladılar.

Qeyd olundu ki, tərtib olunmuş cədvəl və proqrama uyğun olaraq rayonun qabaqcıl müəllimləri ulu öndərin irsini öyrətmək məqsədilə Heydər Əliyev Mərkəzində XI sinif şagirdlərinə dərslər keçmişlər.

Bundan əlavə, tədris müəssisələrində 20 Yanvar faciəsi, Xocalı soyqrımı, 8 Mart Beynəlxalq Qadınlar bayramı, Novruz bayramı, 31 mart Azərbaycanlıların Soyqrımı Gününə həsr edilmiş tədbirlər keçirilmişdir. Konfrans iştirakçılarının diqqətinə çatdırıldı ki, rayon məktəblərinin kitabxanalarına indiyə qədər 137 adda 117 min 350 ədəd pulsuz dərslik verilmiş, şagirdlərin dərsliklərlə təminatı məsələsi  həll olunmuşdur.

 Bu dövrdə şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və fiziki hazırlığı da diqqət mərkəzində olmuşdur. Sərbəst güləşçi Hacı Əliyev 2014-cü ildə  Finlandiyada keçirilmiş Avropa çempionatında, Almaniyada və Bolqarıstanda keçirilmiş beynəlxalq turnirlərdə birinci yeri tutaraq qızıl medallara  layiq görülmüşdür. 2015-ci ilin iyun ayında Bakıda keçirilmiş Avropa Oyunlarında III yeri tutaraq bürünc medal almışdır. O, dünyanın ən yaxşı güləşçisi” titulunu qazanmışdır və Beynəlxalq Güləş Federasiyasının reytinq cədvəlində birinci yerdədir.  Digər güləşçi  Türkan Nəsirova 2014-cü ildə Bolqarıstanda keçirilmiş yeniyetmələrin Avropa birinciliyində qızıl medal qazanmış, 2015-ci ildə İstanbulda keçirilmiş Gənclərin Avropa birinciliyində III yeri tutmuş, Braziliyada keçirilmiş dünya çempionatında isə qızıl medal alaraq dünya çempionu olmuşdur. Həmin yarışda digər abşeronlu güləşçi Asif Hüseynov isə III yeri tutaraq bürünc medal almışdır.

Güləşçilərin qazandıqları uğurlara görə Uşaq Gənclər İdman Məktəbinin direktoru Mais Məsimov  və məşqçi Tural Əliyev “Əməkdar məşqçi” adını almışlar.

Məktəbəqədər tərbiyənin inkişafı istiqamətdə rayonda bir sıra işlər görülmüşdür. Fəaliyyət göstərən uşaq bağçaları əsaslı və cari təmir edilmiş, təkcə hesabat ilində Xırdalan şəhərində 6 qruplu, Məhəmmədi kəndində 8 qruplu, Ceyranbatan qəsəbəsində 6 qruplu və Masazır kəndində 6 qruplu uşaq bağçası uşaqların istifadəsinə verilmişdir.

2013-2014-cü və 2014-2015-ci  dərs  illəri  üzrə şagird  artımı dinamikasının  təhlili  göstərir ki, Abşeronda  yeni  yaşayış  məntəqələrinin salınması nəticəsində  rayonda xeyli şagird artımı  olmuşdur. Təkcə  bir  tədris  ilində iki böyük   məktəbin şagird kontingentinə bərabər – 4176 nəfər  şagird  artmı olmuşdur. Aparılmış təhlil göstərir ki, rayon üzrə məktəblərdə şagird sıxlığı sabit saxlanılmaqla yeni dərs ilində 162 sinifdə 4073  nəfər şagird artımı  olacaq.

Şagird artımı  nəticəsində məktəblərdə sıxlıq yüksəlmişdir.  Bu sıxlığı aradan qaldırmaq məqsədilə Xırdalan şəhər 10 №-li , Mehdiabad 4№-li, Xırdalan 1,4 və 7 saylı tam orta  məktəblərdə əlavə tədris  korpusları  istifadəyə verillmişdir. Nəticədə şagird sıxlığıq əsasən aradan qaldırılmışdır. Dövlət proqramına uyğun olaraq bu işlər rayonda hazırda da davam etdirilir,  şagirdlərə keyfiyyətli təlim-tərbiyə verilməsi üçün maksimum şərait yaradılır.

 Qeyd olundu ki, bu gün rayon rəhbərliyinin yaxından köməkliyi ilə təlim-tərbiyə müəssisələrində genişmiqyaslı təmir-tikinti işləri aparılır.

Çıxış edən təhsil müəssisələrinin rəhbərləri də görülmüş işlər barədə danışdılar, yaradılmış şəraitdən məmnunluqlarını ifadə etdilər.

Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov  təhsilin inkişafı istiqamətində respublikada həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdi.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova yeni tədris ili münasibəti ilə rayonun təhsil işçilərini təbrik etdi, onlara müqəddəs müəllimlik peşəsini daha da əzmlə təmsil etmək yolunda uğurlar arzuladı. Dövlət başçısı İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi xüsusi diqqət və qayğı sayəsində son on ildə Abşeronda bütün sahələr üzrə misilsiz tərəqqinin yaşandığını bildirən rayon rəhbəri təhsilin inkişafına geniş meydan açan xeyli mühüm əhəmiyyətli layihələrin də həyata keçirildiyini xüsusi vurğuladı. On il ərzində  rayona rəhbərlik etmiş, işgüzarlığı  ilə abşeronluların dərin rəğbətini qazanmış Zakir Fərəcovun fəaliyyətini,  rayonun inkişafındakı müstəsna rolunu minnətdarlıq duyğuları ilə xatırlatdı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı kimi yeni vəzifəsində ona uğurlar arzuladı. Qətiyyətlə vurğuladı ki, on il ərzində Abşeron rayonunda dinamik xarakter almış inkişaf prosesi bundan sonra da davam etdiriləcək.

Daha sonra yüksək bal toplamış məzunlara qiymətli hədiyyələr verən rayon rəhbəri onların gələcəkdə Abşeron rayonunun tərəqqisində fəal rol oynamalarını tövsiyə etdi.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında