Lənkəran müəllimlərinin konfransı

 “Təhsil sahəsində qazanılan uğurlarla kifayətlənmək olmaz”. Bu fikir Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində rayon müəllimlərinin ötən dərs ilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan konfransında dəfələrlə vurğulanıb.

Təhsil şöbəsinin müdiri Şahənə Əhmədovanın hesabat məruzəsində uğur və problemlərdən, təhsilin inkişafı üzrə Dövlət strategiyasından irəli gələn vəzifələrdən bəhs olunub. Qeyd edilib ki, son on iki ildə Lənkəranda 36 məktəb binası, dörd məktəb üçün əlavə korpus tikilib. Dörd  təhsil ocağı yüksək səviyyədə təmir olunub. Təkcə keçən il şəhər 2 nömrəli tam orta məktəbinin 1200 yerlik binası əsaslı təmir edilib, 10 məktəb üçün - şəhər 8 nömrəli, Bəliton, Separadi, Xanbulan, Yuxarı Nüvədi, Tükəvilə kənd tam orta, Qurunba, Daşdalıqjar, Tütəpeştə və Şağlaser kənd ümumi orta məktəbləri üçün yeni binalar inşa olunub. Bu il 180 yerlik Darquba kənd tam orta məktəbi üçün tikilən bina yeni dərs ilində istifadəyə veriləcək. 

Lənkəranda məktəblərin latın qrafikalı əlifba ilə çap olunan bədii, elmi ədəbiyyatla, habelə pulsuz dərsliklərlə təminatı sahəsində işlər davam etdirilib. Təkcə yeni dərs ili ərəfəsində 330 adda 82 min 323 ədəd dərslik, 197 adda 7350 ədəd bədii ədəbiyyat gətirilərək məktəblərə çatdırılıb. Keçən tədris ilində məktəbləri bitirən 1869 məzundan 910 nəfəri universitetlərə  qəbul üçün  sənədlərini təqdim edib. Onlardan 403 nəfəri, əvvəlki illərin məzunları ilə birlikdə 436 nəfəri ali məktəblərə qəbul olunub. Qəbul imtahanlarında 51 nəfər 500-dən yuxarı, 25 nəfəri 600-dən yuxarı bal toplayıb.

Şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun təhsil işçilərini yeni dərs ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Son illər respublikamızda, o cümlədən rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, habelə Heydər Əliyev Fondunun xidmətlərindən ətraflı bəhs edib.

Məruzə ətrafında müzakirələrdə  Xarici dillər təmayüllü gimnaziyanın direktoru, Əməkdar müəllim Mənsur Ağayev, 690 balla Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olan məzun Lalə Cəfərli, valideyn Rasim Bağırzadə çıxış ediblər. Təhsil Nazirliyinin məsul işçisi Mirbaba Babayev yeni dərs ilində qarşıda duran vəzifələrdən danışıb.

Konfransda qarşıdakı dərs ilinə hazırlıq, təhsilin keyfiyyətinin daha da yüksəldilməsinin zəruriliyi, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından daha səmərəli istifadə olunması, istedadlı şagirdlərlə işin səmərəli təşkili və digər aktual məsələlər ətraflı müzakirə olunub.

Sonra bu il 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan məzunlara qiymətli hədiyyələr təqdim edilib. Ötən il Prezident İlham Əliyevin sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi diplomları şəhər 4 nömrəli məktəb-liseyin müəllimi Gülzar Əliyevaya və Vilvan kənd tam orta məktəbinin müəllimi İlhamə Rəhimovaya, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi diplomu şəhər 4 nömrəli məktəb-liseyin direktoru Yeganə Əsgərovaya təqdim olunub.

Konfransın sonunda iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında