Bu il də Azərbaycanda dərslik problemi olmayacaq

Milli təhsil sisteminin təkmilləşdirilməsi, bu sahənin uzun illərdən bəri həllini gözləyən əsaslı problemlərinin çözümü istiqamətində  dövlətin həyata keçirdiyi konseptual tədbirlərin məntiqi nəticəsi olaraq son illərdə dərslik siyasətinə yeni yaradıcı baxış formalaşmışdır. Şübhəsiz, bu da ilk növbədə müasir dövrdə dərsliklərin milli təhsil və tədris sistemindəki həlledici rolu ilə şərtlənir.

Dərsliklərin yüksək səviyyədə hazırlanması, məzmunca, formaca yeniləşdirilməsi, müasir təhsil standartlarına, milli kurikuluma cavab verməsi şagirdlərin bilik və bacarıqlarının, dünyagörüşünün, yaradıcı təfəkkürünün inkişafı, habelə onların kamil insan, layiqli vətəndaş kimi formalaşması baxımından son dərəcə mühüm amillərdir.

Bu, aydın məsələdir ki,  dərslik siyasəti vasitəsilə cəmiyyətin iqtisadi, mədəni və sosial inkişafının həlledici qüvvəsi olan şəxsiyyətin formalaşdırılmasının əsası qoyulur. Bütün bunlar isə özlüyündə dərslik siyasətini müstəqil Azərbaycan üçün mühüm ideoloji-siyasi və sosial-mədəni mahiyyət kəsb edən məsələyə çevirmişdir.

Xüsusi vurğulamaq lazımdır ki, ümummilli lider Heydər Əliyevin milli təhsil sisteminin müasir tələblərə cavab vermək istiqamətində ilk konseptual addımlarından biri məhz dərslik siyasəti, tədris ədəbiyyatının çapı ilə bağlı olmuşdur. Ulu öndər göstərirdi ki, yeni dövrdə, xüsusən də humanitar sahə üzrə nəşr edilən dərsliklərin dövlətin, xalqın mənafeyinə, milli və ümumbəşəri dəyərlərə adekvatlığı, məzmun, forma və tərtibat baxımından yeniləşdirilməsi qlobal əhəmiyyətli məsələdir. “İndi dərs alan uşaqlar gərək mütləq və mütləq bizim yeni dərsliklər əsasında oxusunlar” deyən böyük strateq bu sahədə aparılan işləri daim nəzarətdə saxlamış, xüsusən də Azərbaycan dili, ədəbiyyatı, tarixi, coğrafiyası dərsliklərinin milli maraq və mənafelərə uyğun tərtibatını təhsil sisteminin müstəsna əhəmiyyətli vəzifəsi kimi önə çəkmişdir. Eyni zamanda, Azərbaycan təhsilinin və elminin perspektiv uğurlarının xeyli dərəcədə dərsliklərin yazılma səviyyəsindən asılı olduğunu vurğulamışdır.

Bu siyasəti ötən illərdə yeni dövrün tələblərinə uyğun davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də dərsliklərin nəşri işinə milli təhsil sisteminin modernləşməsi tədbirlərinin tərkib hissəsi kimi yanaşır. Bu siyasətin əsas mahiyyəti respublikanın ümumtəhsil məktəblərinin bütün şagirdlərinin dərsliklərlə pulsuz təmini, habelə onların hazırlanmasında, qiymətləndirilməsində, təsdiqində və nəşrində Azərbaycanın milli mənafeyinin gözlənilməsi, alimlərin, mütəxəssislərin, müəlliflərin, müəllimlərin, valideynlərin rəyinin nəzərə alınması, bu prosesdə sağlam rəqabətin təmin olunmasından ibarətdir. Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş bu siyasət eyni zamanda məktəblilərə müasir standartlara uyğun bilik, bacarıq və vərdişləri əxz etmək, Vətəninə, xalqına, onun adət-ənənələrinə sadiq olan, milli və bəşəri dəyərlər zəminində formalaşan, fiziki-mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır, demokratik düşüncəli vətəndaş yetişdirməkdir. Dərslik siyasəti həyata keçirilərkən Azərbaycan Respublikasının Konstitusiyası, “Təhsil haqqında” qanun və digər normativ-hüquqi sənədlər, qanunvericilik aktları əsas götürülür.

Mütəxəssislərin fikrincə, dərsliklərdə şagirdlərin Azərbaycan xalqının milli-mənəvi və mədəni dəyərləri ruhunda tərbiyəsinə, ailəsini, xalqını, Vətənini sevməsinə, insan hüquqlarına, bəşəri dəyərlərə hörmətlə yanaşmasına çağıran ideyalar geniş əksini tapmalı, onların yaş psixologiyası, fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır. Eyni zamanda, dünyəvilik prinsipinə riayət edilməli, elmin, texnikanın və mədəniyyətin müasir nailiyyətləri haqqında yoxlanılması mümkün olan, səlahiyyətli mənbələrdən götürülmüş məlumatlar göstərilməlidir. İllüstrasiyalar yığcam və mövzulara uyğun olmalı, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, ölkənin qoşulduğu beynəlxalq hüquqi aktlara zidd olan fikirlərə yer verilməməlidir. Dərsliklərdə milli, dini, irqi, cinsi və siyasi ayrı-seçkiliyi təbliğ edən ideyalar, mübahisə doğuran məlumatlar olmamalıdır, onların kurikuluma uyğunluğu, şagirdlərə müstəqil tədqiqatçılıq və yaradıcılıq vərdişləri aşılaması, məntiqi təfəkkürü inkişaf etdirməsi, tətbiqi xarakter daşıyaraq inteqrativ xüsusiyyətə malik olması başlıca tələblərdəndir.

Bu gün Azərbaycanda dərslik siyasətinin müasirləşdirilməsi prosesi milli kurikulumla sıx şəkildə bağlıdır. Ümumilikdə, 2004-cü ildən başlanan məzmun dəyişiklikləri təlim-tədris prosesinin sistemli planlaşdırılmasını əks etdirən milli kurikulum islahatları adı altında aparılır.

Son  vaxtlar  müasir tələblərə cavab verən yeni  dərsliklərin  hazırlanması və nəşrinə diqqət artmışdır. Təhsil naziri Mikayıl  Cabbarov müsahibələrinin birində  demişdir: “Dərsliklərimiz daha keyfiyyətli olmalıdır. Amma biz dərslik hazırlanması üçün müraciət edən insanlar arasında fənn mütəxəssislərini görmək istəyərdik. Onlar bu işlə əlaqədar müraciət etmirlər. Bu problemdir və biz görürük ki, ali təhsil müəssisələrinin müvafiq fənn kafedralarında mütəxəssislər, peşəkarlar toplaşıb. Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarında mütəxəssislər fəaliyyət göstərir. Amma biz universitetlərin adlarını dərsliklərin hazırlanması üçün elan olunan tender iştirakçları arasında görmürük. Bu ali təhsil müəssisələrinə yönəldilmiş bir tənqiddir. Çünki iqtisadi nöqteyi-nəzərdən də bu, həmin universitetlər üçün faydalı işdir. Dövlət bu işə görə xeyli vəsait ödəyir. Dərsliklərin məzmununun hazırlanması üçün xərclənən vəsait universitetlərin iqtisadi vəziyyətini də yaxşılaşdıra bilər. Onlar bu vəsati həmin müəllimlərə əlavə qonorar kimi ödəyə bilərlər. Keyfiyyətli dərsliklərin hazırlanması hər bir təhsil sistemi üçün prioritet məsələdir. Xüsusilə də informasiya cəmiyyətində yaşadığımız indiki dövrdə biliklərin məzmunca köhnəlmə intensivliyi artdıqca, bütün keyfiyyət meyarlarına uyğun gələn dərslik nümunələrinin hazırlanması aktuallaşır. Artıq təhsilalan 20-30 il bundan əvvəlki kimi ancaq dərslik vasitəsilə bilik əldə etmir. Bu gün bilik qazanmağın məkan və zaman ölçüləri dəyişdiyindən dərsliklər də bu rəqabətə dözümlü ola bilməlidirlər”.

Təhsil Nazirliyindən verilən məlumata  görə ötən illərdə olduğu kimi bu il də Azərbaycan məktəblərində dərslik problemi olmayacaq. 2015-2016-cı tədris ilinə ölkənin ümumtəhsil məktəblərinin IV,VI və VIII  sinifləri üçün dövlət vəsaiti hesabına 141 adda 4 milyon  95 min 370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. Bundan IV və VI siniflər üçün 71 adda 2 milyon 33  min 290 nüsxə dərslik və müəllim üçün metodik vəsait artıq yerlərə çatdırılıb.VIII siniflər üçün hazırlanmış 70 adda (2062080 nüsxə) yeni dərslik və müəllim üçün metodik vəsaitin isə yerlərə göndərilməsi prosesi davam edir.

Bundan əlavə, bir il öncədən 2016-2017-ci tədris ilinə ümumtəhsil məktəblərinin IX sinifləri üçün kurikulum əsasında 70 adda dərslik və müəllim üçün metodik vəsaitin hazırlanmasına (nəşrinə) dair 22 lot üzrə açıq tender elan olunub. Müsabiqənin oktyabrın sonunda yekunlaşdırılması nəzərdə tutulur.

Yeni dərs ilinin  başlamasına  cox az vaxt  qalıb. Güman edirik ki,  nəşr olunan yeni dərsliklər  vaxtında məktəblərə çatdırılacaq  və bu sahədə heç bir  problem yaranmayacaq.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında