AMEA-nın Naxçıvan Bölməsi ulu öndər Heydər Əliyevin yadigarıdır

Bölgələrdə elmin inkişafına dair dövlət strategiyası uğurla həyata keçirilir

Regionlarda elmin inkişaf etdirilməsi böyük əhəmiyyətə malikdir. “Azərbaycan Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir. Biz onu qoruyub saxlamalıyıq”- deyə prinsipial mövqe ilə çıxış edən ulu öndər Heydər Əliyev akademiyanın elmi qurum olaraq inkişafına qayğı göstərərək bölgələrdə də elmi inkişaf etdirmək missiyasını diqqət mərkəzində saxdamışdır. Ümummilli lider “Naxçıvan Muxtar Respublikasında elmi-tədqiqat qurumlarının fəaliyyətinin gücləndirilməsi, mövcud elmi potensialdan istifadə olunmasının səmərəliliyinin artırılması, Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası və təbii sərvətlərinin öyrənilməsi üçün daha əlverişli şəraitin yaradılması” kimi vəzifələri qarşıya qoyaraq AMEA-nın Naxçıvan Bölməsinin təsis edilməsi istiqamətində müdrik addım atmışdır.

Bu elmi müəssisə isə öz növbəsində mühüm töhfələri ilə bölgədə elmin mərkəzinə çevrilmiş və elmi inkişafa stimul vermişdir.

Heydər Əliyevin AMEA Naxçıvan Bölməsini yaradan zaman qarşıya qoyduğu vəzifələrdən və aparıcı məqsədlərdən biri Naxçıvanda elmin və aparılan tədqiqatların muxtar respublikanın həm də geostrateji maraqlarına uyğun öyrənilməsini təmin etmək məsələsi idi. Ulu öndər Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə demişdir: “Vaxtilə Sovet İttifaqı yarananda, müttəfiq respublikalar yarananda, onların arasında sərhədlər qoyulanda Azərbaycan torpaqlarının bir qismi Ermənistana verilibdir və bunun nəticəsində də Naxçıvan Muxtar Respublikası ərazicə Azərbaycanın əsas torpağından aralı düşübdür. Bunların hamısı Naxçıvanın çox ətraflı öyrənilməsini tələb edir”. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında elmə göstərilən qayğı bir tərəfdən elmi inkişaf etdirmək məqsədi daşıyırsa, digər tərəfdən beynəlxalq əhəmiyyətə və xüsusi geostrateji imicə malik olan Naxçıvan Muxtar Respublikasının hərtərəfli öyrənilməsini, onun həm xalqın həyat səviyyəsinə fayda verən yeraltı və yerüstü sərvətlərinin öyrənilməsini, həm də milli mənafe və beynəlxalq tanıtma əhəmiyyəti kəsb edən tarixinin, ədəbiyyatının, mədəniyyətinin və digər sahələrinin tədqiq edilməsini başlıca zərurətə çevirir. Buna görə də razılıqla demək olar ki, AMEA Naxçıvan Bölməsinin sədri, görkəmli alim, akademik İsmayıl Hacıyevin də dediyi kimi, ölkədə elmin regional inkişafının bu mühüm istiqamətinin ilk növbədə blokada şəraitində olan Naxçıvanda həyata keçirilməsinin həm də dövlətçiliyimizin, ərazi bütövlüyümüzün möhkəmləndirilməsi baxımından da müstəsna əhəmiyyəti vardır.

Bu mənada Naxçıvanda elmin, ayrı-ayrı elm sahələrinin inkişaf etdirilməsi blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının strateji maraqlarına uyğun şəkildə öyrənilməsi və tanıdılması əhəmiyyəti kəsb edir. AMEA-nın Gəncə Bölməsinin yaradılması da məhz bu uzaqgörən qərarın müasir dövrdə ləyaqətli siyasi varis kimi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər Əliyevin  layiqli siyasi varisi, böyük siyasətçi İlham Əliyev Naxçıvan Muxtar Respublikasının timsalında elmin bölgələrdəki inkişaf məqsədi və strateji əhəmiyyətinə diqqət çəkərək deyir: “Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycandan qismən təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq məcburiyyətində qalan... Naxçıvanın tarixinin hələ tədqiq edilməyə ehtiyacı olan səhifələri açılmalı, bu diyarın tam dolğun, obyektiv tarixi xalqımıza, habelə dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, erməni siyasətçilərinin tarixi saxtalaşdırmaq cəhdlərinə tutarlı cavab verilməlidir”. Bu vəsilə ilə regionlarda yaradılan elmi müəssisələr müasir dövrümüzdə yeni tələblər və vəzifələr çərçivəsində Naxçıvan Muxtar Respublikası, habelə digər regionlarımızın tarixinin, mədəniyyətinin, ədəbiyyatının, təbii sərvətləri, flora və faunasının,

yeraltı və yerüstü təbii ehtiyatlarının və s. öyrənilməsinə uğurla xidmət göstərir. Bu baxımdan böyük uzaqgörənliklə yaradılmış AMEA Naxçıvan Bölməsi Naxçıvanın bir ordu qədər müdafiəsini təmin edən xüsusi əhəmiyyətə malik elmi nəticələrin ortaya çıxarılmasında nailiyyət qazanmışdır. Günümüzdə dövlətimizin qayğısı və uzaqgörənliklə AMEA-nın Gəncə Bölməsinin yaradılması haqqındakı qərar da dahi lider Heydər Əliyevin müdrik kursu ilə bölgələrdə elmin inkişafı strategiyasının və əlbəttə, Naxçıvan Bölməsinin yaradılmasından ötən müddət ərzində elmin bölgədə inkişaf təcrübəsinin özünü doğrultmasının əlaməti kimi razılıqla qarşılamaq olar.

Ümummilli lider Heydər Əliyev AMEA Naxçıvan Bölməsinin yaradılması məqsədindən bəhs edərkən demişdir: “Mən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında sərəncam imzalamışam... Bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin, populyar kitabların, yaxud başqa nəşrlərin hazırlanması məqsədi daşıyıram. Eyni zamanda, Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də indiyə qədər lazımi dərəcədə öyrənilməyib. Bunlara, mənim irəli sürdüyüm məsələnin öyrənilməsinə böyük ehtiyac var”. Çünki ulu öndər yenə bu barədə deyirdi: “Naxçıvanın hər daşı, hər qayası  tarixin canlı şahididir”. Bu baxımdan 7 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılan və Naxçıvanda  elmin mərkəzi və məbədgahına çevrilən AMEA-nın Naxçıvan Bölməsi özünün uğurlu inkişafı və ciddi nailiyyətləri ilə Azərbaycan xalqının böyük xilaskarı ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik elm siyasətinin qələbəsini təzahür etdirir.

Əminliklə demək olar ki, Naxçıvan Muxtar Respublikasında çoxsaylı elm və təhsil müəssisələri içərisində elmin inkişafı ağırlığını öz üzərinə götürən və stimullaşdırıcı rol oynayaraq Naxçıvanın hərtərəfli öyrənilməsində əsaslı iştirak edən elm müəssisəsi məhz Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsidir. AMEA Naxçıvan Bölməsinin digər elm və təhsil müəssisələrinin alimləri ilə birgə fəal çalışmaları Naxçıvanda müxtəlif elm sahələrinin inkişafı üçün mühüm addım olmuş, nəinki ayrı-ayrı elm sahələrinin inkişafına stimul yaratmış, həm də inkişaf səviyyəsinə görə müxtəlif elm sahələrində Naxçıvan məktəblərinin formalaşmasına da gətirib çıxarmışdır. Buna görə də Naxçıvandakı elmi nailiyyətləri nəzərə alan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə deyir: “Əminliklə deyə bilərəm ki, bu gün Naxçıvanda nəinki elm inkişaf edir, həm də elmi məktəblər yaranmaqdadır. Bu, böyük əlamətdar bir hadisədir. Çünki elmi məktəblər olmasa, elmi mühit olmasa elm inkişaf edə bilməz. Naxçıvanda isə belə bir elmi mühit formalaşıb və elmi məktəblər yaranmaqdadır. Bu, özü bir göstəricidir”.

Bütün bunlar da Naxçıvanda elmi mühitin ciddi inkişaf yolu keçdiyi və sanballı nailiyyətlər əldə etdiyinin rəsmi şəkildə etirafıdır. Ümumiyyətlə, indiyə qədərki müddətdə AMEA-nın Naxçıvan Bölməsi artıq formalaşmış elmi potensialı və ümumən Naxçıvanın elm adamlarının fəallığı ilə Naxçıvanın  tarixi, arxeologiyası, etnoqrafiyası, mədəniyyəti, ədəbiyyatı, dialekt və şivələri, təbii və bioloji ehtiyatları və sair sahələri dərin araşdırmalara cəlb etmişdir. Aparılan ciddi elmi tədqiqatlar Naxçıvanda ədəbiyyat, tarix, dilçilik, biologiya və başqa elm sahələrində məktəblərin formalaşmasına da uğurlu töhfələrini vermişdir.

Tarix elmi sahəsində naxçıvanlı alimlərin apardıqları tədqiqatlar, çap etdirilən çoxsaylı elmi  əsərlər Naxçıvan tarixçilik məktəbinin yaranmasını şərtləndirmişdir. Ciddi elmi tədqiqatlar nəinki tarix elminin inkişafına şərt olmuş, həmçinin tarix elminin müxtəlif sahələrinin - arxeologiya, etnoqrafiya, müasir tarix sahələrinin inkişafı üçün də stimul yaratmışdır.

Alimlərin ciddi  tədqiqatlarının nəticəsidir ki, Naxçıvanın tarixi və arxeologiyası sahəsində daha sanballı nəticələr əldə edilmiş, Naxçıvanın şəhər mədəniyyətini 5 min il bundan əvvələ hesablaya biləcək faktlar üzə çıxmış, ən qədim yaşayış məskənləri və əmək alətləri, məişət və sənətkarlıq əşyaları və sair aşkarlanaraq dünya elminə tanıdılmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, ulu öndərimizin böyük tarixi  məkan hesab etdiyi və həmişə vurğuladığı, alimlərə tövsiyə edərək bildirdiyi Gəmiqaya abidəsində alimlərimizin apardığı araşdırmalar, habelə Naxçıvandakı Ovçular təpəsi, Oğlanqala, Kültəpə və başqa ərazilərdə aparılmış arxeoloji qazıntılar zamanı elmi tapıntılarla Naxçıvanın tarixinə yeni səhifələr açılmışdır. Elmi inkişaf nəticəsində həm də bu elmin inkişafına qüvvələrini sərf edən AMEA-nın həqiqi üzvü, tarix üzrə elmlər doktoru, professor İsmayıl Hacıyev, AMEA-nın müxbir üzvü, tarix üzrə elmlər doktoru Vəli Baxşəliyev,  AMEA-nın müxbir üzvü, tarix üzrə elmlər doktoru Qadir Qədirzadə, AMEA-nın müxbir üzvü, tarix üzrə elmlər doktoru, professor Fəxrəddin Səfərli və başqa alimlər böyük şöhrət qazanmış, Naxçıvanda tarix elminin inkişafına mühüm töhfələr vermişlər. “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Qədim Şərur”, “Qədim Ordubad” “Naxçıvan və naxçıvanlılar”, “Naxçıvanın arxeologiyası”, “Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan”, “Naxçıvanın epiqrafik abidələri” və digər çoxsaylı bu kimi fundamental əsərlər Naxçıvan tarixçilik məktəbinin səciyyəvi cəhətlərini özündə təcəssüm etdirir.  Bütün bu araşdırmaların nəticəsi olaraq AMEA Naxçıvan Bölməsinin alimləri tərəfindən çap olunan tədqiqat əsərləri və monoqrafiyalar, habelə Ali Məclisin təşkilatçılığı ilə keçirilən

“Uluslararası qaynaqlarda Naxçıvan”, “Nuh Peyğəmbər, dünya tufanı və Naxçıvan”, “Naxçıvan: ulu yaşayış və şəhərsalma yeri kimi”, “Naxçıvan: ilkin şəhər və Duzdağ”, “Naxçıvanını muxtariyyəti tarixi nailiyyətdir” adlı beynəlxalq simpoziumlarını, habelə Nuh peyğəmbərin məzar yerinin tapılması və məzarüstü türbəsinin restavrasiya olunmasını bu sahədə əldə edilmiş ən böyük nailiyyətlərdən hesab etmək olar. Ali Məclis sədrinin sərəncamı ilə hazırlanan “Naxçıvan tarixi” çoxcildliyinin birinci və ikinci cildlərinin nəşr edilməsini Naxçıvanda elm adamlarının konkret uğurlu hesabatı kimi qiymətləndirmək olar. Bundan başqa, naxçıvanlı alimlərin və digər ölkələrdən - Amerika Birləşmiş Ştatları, Fransa, Türkiyə və başqa ölkələrdən qatılan elm adamlarının apardıqları ciddi tədqiqatların nəticəsi olaraq Naxçıvanda Duzdağ mədəniyyətinin aşkarlanmasını, dünyanın ən qədim duzçıxarma sənəti və mədəninin məhz Naxçıvanda olması faktının təsdiqini tapmasını düzgün elmi tədqiqatların nailiyyəti kimi razılıqla qeyd etmək olar. Naxçıvanda aparılan qazıntılar zamanı əldə olunan tarixi abidələrin qorunub saxlanması və təbliğ edilməsi istiqamətində AMEA Naxçıvan Bölməsində Arxeologiya və etnoqrafiya muzeyinin yaradılması da məhz yeni təcrübə və nailiyyət kimi qiymətləndirilə bilər. 

Naxçıvanda ədəbi mühit, folklor və ədəbi irsin toplanması, öyrənilməsi və nəşri baxımından ədəbiyyatşünaslıq və folklorşünaslıq elmlərinin diqqəti cəlb edən inkişaf yolu keçdiklərini razılıqla qeyd edə bilərik. Azərbaycan ədəbiyyatşünaslığı sahəsində müstəqillik illərində yaranan yeni məktəblərdən biri kimi Naxçıvan ədəbiyyatşünaslıq məktəbinin yaranmasını uğurlu inkişafın nəticəsi kimi qeyd etmək olar. Görkəmli elm adamı, AMEA-nın həqiqi üzvü İsa Həbibbəylinin bilavasitə rəhbərliyi altında Naxçıvanda çoxsaylı ədəbiyyatşünas alimlərin yetişdiyini və Naxçıvan ədəbiyyatşünaslıq məktəbinin formalaşdığını qeyd etmək lazımdır. Çoxsaylı tədqiqatların sayəsində görkəmli publisist, alim, poliqlot, naşir, Azərbaycanın ilk professorlarından biri, ictimai xadim Məhəmməd ağa Şahtaxtılının həyat və yaradıcılığı ilə bağlı əsaslı materialların əldə edilməsi və çapını, əsərlərinin nəşr edilməsini, böyük ustad Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı istiqamətində yeni tərcümeyi-hal və yaradıcılıq məhsullarının tapılmasını, yeni bədii əsərlərinin nəşr edilməsini, görkəmli pedaqoq-yazıçı Məhəmməd Tağı Sidqi, Məmməd Səid Ordubadi və digər şəxsiyyətlərlə bağlı maraqlı yeni materialların aşkar edilməsi nailiyyət kimi qiymətləndirilməlidir. Naxçıvan folklor mühiti ilə bağlı yeni elmi tədqiqatları aparılması, “Naxçıvan folklor antologiyası” kitabının 3 cilddə nəşr edilməsi, digər çoxsaylı elmi əsərlər də mühüm nailiyyətlər kimi diqqəti cəlb edir.  

Naxçıvanda özünəməxsus inkişafı təmin edən digər elm sahələri sırasında dilçilik, sənətşünaslıq və s. də vardır. Bunu da qeyd etmək lazımdır ki, elm sahələri arasında daha çox diqqəti cəlb edən və özünəməxsus nailiyyətlərlə səciyyələnən ictimai-humanitar elmlər aparıcı mövqedə gəlir. Dilçiliyin bir elm kimi inkişafını səciyyələndirən mühüm amillərdən biri bu sahədə AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev, filologiya elmləri doktoru, professor Sevindik Vəliyev, AMEA-nın müxbir üzvü Adil Bağırov, filologiya elmlər doktoru Akif İmanlı, filologiya elmləri doktoru Sədaqət Həsənova və başqa alimlərin dilçilik elmində tanınması, çoxsaylı dilçi kadrların formalaşması ilə bağlıdırsa, digər tərəfdən mövzu-problem məsələsi ilə bağlı əhatə dairəsi, habelə dilçilik elminin tərkibində onomalogiya elminin fərqlənməsi və ayrılması prosesini şərtləndirən xüsusi inkişaf məsələsi və s. faktlarla bağlıdır. Naxçıvan Muxtar Respublikasının dialekt və şivələri yeni müstəvidə, yeni səviyyədə və tələblər çərçivəsində məhz bu dövrdə öyrənilmiş, yeni toplama işləri aparılmış, daha təkmil dialekt sözlüyü hazırlanmışdır. Elə Naxçıvanla bağlı yer və yurd adlarının da öyrənilməsi bu mənada xüsusilə diqqətəlayiqdir.

Qeyd etmək lazımdır ki, digər elm sahələrində də əldə edilən uğurlar Naxçıvan Bölməsinin yaradılmasındakı uzaqgörən siyasəti bir daha başa düşməyə və onu alqışlamağa imkan verir. Naxçıvan Muxtar Respublikasında Ali Məclis sədrinin rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın və özəl sektorun inkişafı siyasəti elmə və elmi nəticələrə istinad etməklə bir tərəfdən elmlə iqtisadiyyatın, daha doğrusu, elmlə istehsalatın əlaqələndirilməsinə yol açmış, digər tərəfdən düzgün hesablanmış iqtisadi inkişafın elmə dayanıqlılığını təmin etmişdir. Bu baxımdan Naxçıvanın bioresursları ilə bağlı aparılan elmi tədqiqatları və nəticələri ən böyük töhfə hesab etmək olar.

Taxılçılığın inkişafı bölgəmiz üçün nə qədər əhəmiyyətlidirsə, o sahədə aparılan tədqiqatlar da bir o qədər genişmiqyaslıdır. Bu məqsədlə AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda taxıl sortları ilə bağlı aparılan tədqiqatlar və əldə edilən uğurlu nəticələr düzgün qurulmuş elmi istiqamətdən xəbər verir. Həmçinin biomüxtəlifliyin tədqiqi istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikada həyata keçirilən bir sıra dövlət proqramlarının, o cümlədən ərzaq ehtiyatı yaradılması, taxılçılığın, meyvəçilik və tərəvəzçiliyin inkişafı və başqa bu kimi proqramların gerçəkləşdirilməsi işinə də öz töhfələrini verməkdədir.

Haqqında bəhs olunan bu  elmi potensialın mövcudluğu hesabına Ali Məclis sədri Vasif Talıbovun birbaşa rəhbərliyi və sərəncamları ilə Naxçıvanın tarixi, mədəni və digər abidələri qeydə alınmış, pasportlaşdırılmış, bunun elmi yekunu olaraq “Naxçıvan abidələri” adlı sanballı, tamamilə yeni iki dildə (Azərbaycan və ingilis) ensiklopediya işıq üzü görmüşdür. Naxçıvan elm adamlarının qüvvəsi çərçivəsində iki cilddə “Naxçıvan ensiklopediyası”, “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvanın tarixi atlası”, “Naxçıvanın folklor antologiyası” (3 cilddə), “Azərbaycan xalçaları Naxçıvan qrupu”, “Naxçıvanın teatr salnaməsi”, Naxçıvanın flora və faunasına aid “Qırmızı kitab”lar, “Naxçıvanın arxeoloji abidələri”,  “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Qədim Şərur”, “Naxçıvan və naxçıvanlılar”, “Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan”, “Azərbaycan Respublikası şənlik-mərasim nəğmələri”, “Naxçıvan ağızları” (türk dilində), Ali Məclis sədrinin sərəncamı əsasında hazırlanan “Naxçıvan tarixi” çoxcildliyinin iki cildi və başqa qiymətli əsərlər işıq üzü görmüşdür. Bu gün məhz dövlətimizin elmə göstərdiyi qayğı nəticəsində elm adamlarımız böyük uğurlara imza atmışlar. AMEA Naxçıvan Bölməsinin elmi-texniki təminatı sahəsində yüksək uğurlara nail olunmuş, yeni avadanlıqlarla təchiz edilmiş laboratoriyalar yaradılmış, xüsusilə dünya kitabxanaları ilə bilavasitə keyfiyyətli əlaqəni təmin edən elektron kitabxana qurulmuşdur. Bölmə əməkdaşlarının informasiya-kommunikasiya texnologiyaları ilə tam təmin olunmuş rahat iş otaqları ilə təchiz olunması da artıq kosmik fəzalara yol alan Azərbaycan elminin gələcəyə inamla addımlamasının bir təzahürü kimi razılıq doğurur.

Ali Məclis sədri Vasif Talıbovun dediyi kimi, Azərbaycan elmi öz inkişafına və bugünkü səviyyəyə gəlib çatmasına görə ulu öndər Heydər Əliyevə borcludur. “İqtisadiyyat hansı vəziyyətdə olursa-olsun, elm inkişaf etməlidir” — deyən ümummilli liderimiz hər bir ölkənin və xalqın həyatında elmin müstəsna rolunu yüksək qiymətləndirmiş və elmin inkişafının strateji istiqamətlərini müəyyənləşdirmişdir. Bu baxımdan Azərbaycanda və onun hər bir bölgəsində elmin inkişafı məhz ümummilli liderimizin fəaliyyəti ilə yaxından bağlıdır və Vətənimizin bütün regionlarının elmi cəhətdən dəqiqlə öyrənilməsi, təbliği və xalqa fayda gətirmək strategiyasına uğurla xidmət edir.

Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin
böyük elmi işçisi, filologiya üzrə
fəlsəfə doktoru, dosent


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında