Tələbələr arasında keçirilmiş bədii yaradıcılıq festivalının və XII Respublika Universiadasının qalibləri mükafatlandırılıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş bədii yaradıcılıq festivalının və ali məktəb tələbələrinin XII Respublika Universiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, ali məktəb tələbələri arasında yaradıcılıq festivalı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi və Təhsil Nazirliyinin birgə qərarı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə hər il keçirilir.

Tədbirdə çıxış edən ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib ki, əsas məqsəd tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir. O bildirib ki, tələbələr bu festivala xüsusi maraq göstərirlər, ona görə də son illərdə festivalda iştirak edənlərin sayı daha da artıb. Festivalın keçirilməsi və qaliblərin müəyyən edilməsi Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin rəhbərliyi ilə xalq artistləri, əməkdar mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən həyata keçirilib. Festival 11 nominasiya üzrə keçirilib və yekun konsert Azərbaycan Dövlət Musiqili Teatrında bütün ali məktəbləri əhatə etməklə təşkil olunub.

Diqqətə çatdırılıb ki, universiada yarışları isə respublika və beynəlxalq dərəcəli hakimlərin rəhbərliyi ilə keçirilib. Məlumdur ki, universiada dünyada Olimpiya Oyunlarından sonra ikinci möhtəşəm idman yarışıdır. Universiadanın keçirilməsində məqsəd tələbə gəncləri bu yarışlara hazırlamaq, həm də onları kütləvi surətdə bədən tərbiyəsinə və idmana cəlb etmək, fiziki hazırlıqlarını möhkəmləndirməkdir. Eyni zamanda, bu yarışın qalibi olmuş bəzi tələbələr 2015-ci ilin iyul ayında Koreya Respublikasında keçiriləcək XXVIII Ümumdünya Yay Universiadasında iştirak edəcəklər.

Qeyd olunub ki, XII Respublika Universiadasında 22 ali təhsil müəssisəsinin tələbələri iştirak ediblər. Yarışlar idmanın 10 növü üzrə qadınlar və kişilər arasında keçirilib. Bunlar şahmat, dama, cüdo, sərbəst güləş, yunan-Roma güləşi, voleybol, basketbol, həndbol, badminton və stolüstü tennis idman növləridir. Yarışlarda ümumilikdə 938 nəfər tələbə idmançı iştirak edib.

Səttar Mehbalıyev bildirib ki, bu gün Azərbaycan mədəniyyəti davamlı inkişaf yolu keçir və bütün dünyada təbliğ olunur. Heç şübhəsiz, bu inkişafın əsasında ümummilli lider Heydər Əliyevin ideyaları dayanır. Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin himayədarı idi. O, mədəniyyətin və incəsənətin inkişafı ilə yanaşı, tarixi mədəni irsimizin qorunub saxlanmasına və təbliğinə də diqqətlə yanaşırdı. Məhz onun diqqət və qayğısı Azərbaycan mədəniyyətinin və incəsənətinin davamlı inkişafının əsasını təşkil edib. Bu gün qürur hissi ilə bildiririk ki, ulu öndərin Azərbaycanın gələcək inkişafı ilə bağlı arzuları onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin məntiqi nəticəsidir ki, Azərbaycan dünya ölkələrinin hesablaşdığı güclü dövlətə çevrilib. Son illərdə müstəqil Azərbaycan dövləti bütün sahələrdə olduğu kimi, mədəniyyətin tərəqqisi sahəsində də əsaslı nailiyyətlər əldə edib və özünün yeni inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə mədəniyyətimiz, incəsənətimiz daha da inkişaf edib, dövlət başçısının müvafiq fərman və sərəncamları bu inkişafa güclü stimul yaradıb. Son illərdə mədəniyyət xadimlərimiz nəinki Azərbaycanda, eyni zamanda, bütün dünya ölkələrində keçirilən mühüm tədbirlərdə fəal iştirak edərək ölkəmizi ləyaqətlə təmsil edirlər. ulu öndərin mədəniyyət siyasətinin reallaşması işində bu gün onun adını şərəflə daşıyan Heydər Əliyev Fondunun böyük xidmətləri var. Həmkarlar ittifaqları olaraq biz çalışırıq ki, gənclərə dəstək olaq, onların sağlam böyüməsi və ölkəmiz üçün layiqli vətəndaş kimi formalaşması istiqamətində əlimizdən gələni əsirgəməyək. Bu tədbirləri təşkil etməklə həm də biz Azərbaycanda gənclər siyasətinə dəstək vermək istəyirik.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, həm ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı, həm də Respublika Universiadası ATİAHİ Respublika Komitəsinin gənclərlə bağlı həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir. Respublika Komitəsi tərəfindən vaxtaşırı olaraq gənclər arasında bu kimi yarışlar keçirilir. Festivalda 23 ali məktəbin tələbələrindən ibarət özfəaliyyət kollektivi iştirak edib. Bəzi ali məktəblər isə bu festivalda ilk dəfədir iştirak edir. Bu il festivalın yekun konsertində ümumilikdə 250-ə yaxın tələbə iştirak edib. Birinci və ikinci mərhələnin iştirakçılarının sayı isə 1000-ə yaxın olub.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, bədən tərbiyəsinin inkişafını, gənc nəslin sağlam böyüməsini təmin etmək məqsədilə Prezident İlham Əliyev tərəfindən bir çox fərman və sərəncamlar, dövlət proqramları imzalanıb. Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Vaxtilə başlanmış layihələrin bir çoxu başa çatıb. Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilib. Artıq bu yarışların başlanmasına bir aydan da az vaxt qalıb. Ölkəmiz Oyunları yüksək səviyyədə keçirmək üçün tam hazırdır.

Tədbirin sonunda qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim edilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında