Professor Nizami Tağısoy (Məmmədov) yaradıcılıq diapazonu geniş olan alimlərimizdəndir. Tərcümə nəzəriyyəsi, türk xalqlarının epos yaradıcılığı, yazılı ədəbiyyatı və s. onun məşğul olduğu sahələrdir. Səmimi şeirlər müəllifi olan Nizami Tağısoyun ədəbi tənqid və bədii tərcümə sahəsində də uğurları danılmazdır.
Ədəbi prosesdə maraqlı yazılarla çıxış edən alimin yorulmaz iş enerjisi, millət sevgisi, istedad və səmimiyyət onun ziyalı portretini tamamlayan cizgilərdir. Nizami Tağısoyun səbr və sevgi ilə araya-ərsəyə gətirdiyi bu kitabı Şilyan elinin etnik-folklor obrazı adlandırsaq, yəqin ki, yanılmarıq. Müəllif qədim türk ellərimizdən olan Şilyan (Ucar rayonu) haqqında qısa tarixi-etnoqrafik oçerk verdikdən sonra, burada Şilyanın arxaik inanc dünyasını, alqışları və qarğışları, andları və inamları, sınamaları, müqəddəs ocaqlarını və ziyarətgahlarını təqdim edir. Kitabdakı Şilyan hazırcavablarının lətifələri, şilyanlıların ayamaları və ləqəbləri, şilyanlı şivəsi - şilyanlı işvəsi və s. nümunələr maraqla oxunur. Toplayıcının Şilyanın söz landşaftından yazılı və şifahi sözün hədləri və sərhədləri müstəvisində olan el şairlərinin - şair Adıgözəl, Səftər Həsənzadə, Rəhim Rəvan, Nizami Tağısoy, Rəfi Haqsəs Şilyanlı yaradıcılığından nümunələr verməsi həm metodoloji baxımdan, həm də folklor estetikası baxımından təqdirəlayiqdir.
El şairləri etnik-mədəni hadisədir. Yazılı ədəbiyyatla şifahi sözün arasında yerləşən bu şairlərin yaradıcılıq poetikası, təəssüf ki, yetərincə öyrənilməmişdir. Şilyanın el şairləri doğma yurdun gözəlliklərini, insanlarını vəsf etməklə yanaşı, Azərbaycanın sosial problemlərini, Qarabağ ağrısı, torpaqlarımızın itkisini səmimiyyətlə dilə gətirirlər. El şairlərinin öz auditoriyası, poetik potensialı vardır. El şairlərinin sözü tarixi-mədəni perspektivdə anonimləşə də, mədəni ənənəyə qoşulub (daxil edilib) "mətn" statusu da qazana bilər. Nizami Tağısoy Şilyan şairlərinin yaradıcılığını yazıya alıb kitaba daxil etməklə, onlara mətn statusu verə bilmişdir. Nizami Tağısoy uşaqlıqdan Şilyan aşıqlarını eşitmiş, el şairlərini dinləmiş, yaddaşa-yazıya köçürmüşdür. Onların ömür və söz yaradıcılığını qələmə almaq üçün gərək el sözünün urvatını, ətrini və qədrini biləsən.
Nizami Tağısoy türk xalq təhkiyəsinin, söyləmə ənənəsinin daşıyıcısıdır. Şəhər mədəniyyəti, kitab yazı ənənəsi, iki dil (rus-Azərbaycan) konteksti onun genetik təhkiyə yaddaşını qətiyyən zədələyə bilməmişdir. Onun müəllif - toplayıcı - tədqiqatçı kimi üstünlüyü ondadır ki, eşitdiyi, özünün söylədiyi əhvalatları olduğu kimi (az itkilərlə) yazıya gətirə bilir, hətta mən deyərdim ki, söyləmə intonasiyası, jesti-mimikası da bu mətnlərdə görünür və eşidilir. Nizami müəllim dolamaları, lətifələri adi gündəlik nitq axarından seçilən bədii sistem kimi təqdim edir,bu mətnlərin başqa keyfiyyətlərini - kompozisiyasını, süjetin nisbi sabitliyini, üslub vasitələrini qoruyub saxlaya bilir.
Sakral, yaxud ritual xarakterli mətnlər Şilyanın mərasim situasiyalarını, "ritual fonunu" (Y.Lotman) bərpa etməyə imkan verir. Alqış və qarğışlar, andlar və inamlar Şilyan insanının mifoloji düşüncəsinin sınama və inanc dünyasını göstərir. Bu sıraya pirlər və ocaqlar haqqında məlumatların daxil edilməsi də özünü doğruldur. Minimal folklor mətnləri: atalar sözləri, məsəllər, sabit frazeoloji vahidlər kitabda geniş yer alır. Nitq janrları adlandırılan bu minimal mətnlər nitq davranışının stereotipləridir. Azərbaycanın hər mahalının, elinin, kəndinin, obasının söz sərvətinin öyrənilməsi folklor elminin qarşısında duran vacib məsələlərdəndir. Millətin folklor bütövlüyü, etnoqrafik "sifəti" məhz bu yolla bərpa oluna bilər. Bu kitab dəyərli bir alimin, ləyaqətli bir oğulun və vətəndaşın öz Ata Yurduna sevgi töhvəsi və etirafıdır.{nl}
Rüstəm KAMAL, Bakı Slavyan Universiteti "Folklor araşdırmaları" elmi-tədqiqat laboratoriyasının müdiri
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.