15 sentyabr - Bilik Günü Culfa rayonunda yeni məktəb, məktəbəqədər və məktəbdənkənar tədris müəssisələrinin istifadəyə verilməsi ilə qeyd edildi

Sentyabrın 15-də Culfada Bilik Günü 540 yerlik 2 nömrəli, 980 şagird yerlik 3 nömrəli orta məktəblərin, 240 yerlik uşaq bağçasının, şagirdlərin asudə vaxtının səmərəli təşkili və onların intellektual səviyyələrinin yüksəldilməsinə xidmət edən Ekoloji Tərbiyə, Texniki Yaradıcılıq, Uşaq Yaradıcılıq, Gənc Turist və Diyarşünaslıq mərkəzləri üçün yeni binaların istifadəyə verilməsi ilə qeyd edilmişdir.
Culfa şəhər 3 nömrəli orta məktəbinin yeni binasının açılış mərasimində çıxış edən Naxçıvan MR təhsil naziri Piri Nağıyev son 15 ildə muxtar respublikanın şəhər, kənd və qəsəbələrində dünya standartlarına tam cavab verən 161 təhsil müəssisəsinin tikilərək və ya yenidən qurularaq şagirdlərin istifadəsinə verildiyini bildirmişdir.
Məktəbin riyaziyyat müəlliməsi Günay Quliyeva dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğıya müəllimlərimizin yalnız yaxşı işləri, şagirdlərin əla oxumaları ilə cavab verə biləcəklərini qeyd etmiş, bunun üçün yaradılmış şəraitə görə pedaqoji kollektiv adından minnətdarlığını bildirmişdir.
Şagirdlər ulu öndərə, doğma Vətənə həsr olunmuş şeirlər söyləmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müəllim və şagirdləri Bilik Günü münasibəti ilə təbrik edərək demişdir: Bu gün əlamətdar bir gündür. Artıq 7-ci ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanına uyğun olaraq ölkəmizdə yeni dərs ili sentyabrın 15-də başlanır və bu tarix Bilik Günü kimi geniş şəkildə qeyd olunur. Əgər biz ölkələrin və cəmiyyətlərin inkişaf tarixinə diqqət yetirsək, aydın görmək mümkündür ki, bütün dövrlərdə inkişafın yalnız bir hərəkətverici qüvvəsi olub. O da təhsildir. Hər bir dövlətin, xalqın gələcək inkişafının göstəricisi xeyli dərəcədə onun malik olduğu elmi-intellektual və mənəvi potensialdan asılıdır. Azərbaycanda təhsilin inkişafı ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Xalqımızın böyük oğlunun 1969-cu ildə hakimiyyətə gəlişindən sonra elm, mədəniyyət və təhsil sahəsində əsl intibah baş verdi. Dahi rəhbərimizin rəhbərliyi altında Azərbaycanda, o cümlədən muxtar respublikada təhsil sahəsində görülən işlər öz bəhrəsini vermiş, elliklə maariflənmə uğurla başa çatmışdır. Əgər 1939-cu ildə Naxçıvan Muxtar Respublikasında əhalinin hər 10 min nəfərinə 47 ali təhsilli düşürdüsə, bu rəqəm 1995-ci ildə 554, 2005-ci ildə 640 olmuşdur. Hazırda bu göstərici artaraq 1000 nəfəri keçmişdir.
Ümummilli liderimizin təhsil sahəsində həyata keçirdiyi tədbirlər bu gün öz məntiqi davamını Azərbaycan Prezidenti cənab İlham Əliyevin səmərəli quruculuq fəaliyyətində tapmışdır. Təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ilbəil artırılması, müəllimlərin əməkhaqlarında, tələbə və peşə-ixtisas təhsili müəssisələri şagirdlərinin təqaüdlərində özünü göstərən dinamik artım, məktəblərin pulsuz dərslik və latın qrafikalı yeni nəşrlərlə təmin edilməsi ölkə rəhbərinin bu vacib sahəyə diqqət və qayğısının bariz ifadəsidir. Bu qayğı Naxçıvan Muxtar Respublikasında da özünü göstərir. Muxtar respublikanın blokada şəraitində yaşamasına, bununla bağlı bir sıra çətinliklərin mövcud olmasına baxmayaraq, məktəb işi bu çətinliklərin fövqündə saxlanmış, blokada vəziyyətinin təhsil sahəsinə təsiri minimuma endirilmişdir. Qeyd olunanları belə bir fakt da sübut edir ki, son 15 ildə Naxçıvan Muxtar Respublikasında 64 min 698 şagird yerlik 161 ümumtəhsil məktəb binası, 1346 yerlik 13 uşaq bağçası, 18 musiqi məktəbi, 9 məktəbdənkənar tədris müəssisəsi tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Bu o deməkdir ki, muxtar respublikada mövcud orta məktəblərin 73, musiqi məktəblərinin 67, məktəbəqədər təhsil müəssisələrinin 87, məktəbdənkənar müəssisələrin isə 21 faizi yenidən qurulmuşdur. Burada bir məsələ də nəzərə alınmalıdır ki, istifadəyə verilmiş bütün təhsil müəssisələrində müəllim və şagirdlər üçün nümunəvi şərait yaradılmış, fənn kabinələri, laboratoriyalar, açıq və örtülü idman qurğuları, zallar müasir dünya standartları nəzərə alınaraq hazırlanmış, ən yeni informasiya və kommunikasiya texnologiyaları tətbiq olunmuşdur. Bu günədək muxtar respublikanın ümumtəhsil məktəblərinə 2712 kompyuter verilmişdir ki, bu da hər 19 şagirdin 1 kompyuterlə təmin olunması deməkdir. Bu kompyuterlərin 2124-ü və ya 78 faizi internetə birləşdirilmiş, təhsil müəssisələrimizin informasiya məkanına çıxışına geniş imkanlar açılmışdır. Bundan başqa, 220 məktəbdən 197-si və ya 89 faizi elektron lövhələrlə təmin olunmuşdur. Bu, tədrisin keyfiyyətinin daha da yaxşılaşmasına öz təsirini göstərmişdir.
Ali Məclisin sədri məlumat vermişdir ki, əgər ötən il orta məktəbi bitirən şagirdlərin 129-u fərqlənmə attestatı almışdırsa, bu il orta məktəbi 137 şagird fərqlənmə ilə bitirmişdir. 5 il bundan əvvəl ali məktəblərə qəbul üçün sənəd verənlərin 33 faizi tələbə adını qazana bilmişdirsə, ötən il sənəd verən abituriyentlərdən 44, bu il isə 49 faizdən çoxu ali məktəblərə qəbul olunmuşdur. Bu dövrdə ali məktəblərə qəbulda yüksək bal toplayanların da sayı artmışdır. Əgər 2005-ci ildə ali məktəblərə qəbul olanların 87, ötən il isə 232 nəfəri 500 baldan yuxarı nəticə göstərmişdirsə, cari ildə məzunlarımızdan 280 nəfəri qəbul imtahanlarında ən yüksək bal toplamışdır. Bu il də yüksək bal toplayan tələbələrdən 9 nəfəri Prezident təqaüdünə layiq görülmüşdür.
Qeyd olunanlar onu göstərir ki, gənclərimiz yaradılmış nümunəvi şəraitdən səmərəli istifadə edirlər, təhsil işçilərimiz, müəllimlərimiz isə cəmiyyət qarşısında öz məsuliyyətlərini düzgün başa düşürlər. Ölkə rəhbəri İlham Əliyev demişdir ki, təhsil gələcək deməkdir, təhsil intellektdir, təhsil inkişafdır. Dünyanın heç bir ölkəsi öz intellektual potensialını reallaşdırmadan uğurla inkişaf edə bilməz. Çalışmalıyıq ki, Azərbaycanın gəncləri keyfiyyətli təhsil alsınlar, yaxşı mütəxəssis kimi yetişsinlər, öz əməli işləri ilə ölkəmizin inkişafına töhfə versinlər.
Ali Məclisin sədri bu məsul vəzifənin həyata keçirilməsində təhsil işçilərinə uğurlar arzulamışdır.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra məktəb binasına baxış keçirilmişdir.
Sonra Ali Məclisin sədri digər təhsil müəssisələrini açılışında da iştirak etmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında