Sumqayıtlı alimin növbəti uğurları

İqtisad elmləri namizədi, Sumqayıt Dövlət Universitetinin dosenti, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin doktorantı Şəfa Əliyev əmək fəaliyyətinə gənclik şəhərinin kimya müəssisələrindən birində fəhlə kimi başlamış və keçmiş "Azərikimya" Dövlət Şirkətinin vitse-prezidenti vəzifəsinədək pillə-pillə ucalmışdır. Onun elmi fəaliyyəti xüsusilə diqqətəlayiqdir: 130-dan artıq elmi nəşrin, monoqrafiya və kitabların müəllifidir.
Ticarət-iqtisadi əlaqələr, xüsusi iqtisadi zonaların inkişafı kimi mövzularda tədqiqatlar aparır. Təkcə son iki ildə dünyanın 10-dan çox ölkəsində keçirilən 30-dan yuxarı elmi konfransda uğurla iştirak etmişdir. Hazırda Şəfa Əliyev Azərbaycanda innovasiya iqtisadiyyatına keçidin problemləri sahəsində çalışan ən məhsuldar tədqiqatçılardandır.
Bir neçə ay öncə ABŞ-ın "Unibook" nəşriyyatında həmyerlimizin "Müasir şəraitdə Azərbaycan iqtisadi modelinin aktual məsələləri və perspektivləri" adlı sanballı kitabı nəşr olunmuşdur. Çeşidli diaqram, sxem, statistik müqayisə və xəritələrlə zəngin olan bu əsərdə müstəqillik illərində ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar və müstəqil iqtisadi siyasətin formalaşması prosesləri tədqiq olunmuşdur. Bu kitab Corciya ştatındakı korporativ ofisdə çapa hazırlanmış və onlayn sisteminə salınmışdır. Nəşriyyat kitabın bütün dünyada marketinqini də təşkil etmişdir.
Bu yaxınlarda isə Moskvada yanacaq-energetika kompleksinin problemləri ilə bağlı keçirilən beynəlxalq PEQAZ müsabiqəsində sumqayıtlı alimin təqdim etdiyi işlər fərqlənmişdir. Sayca 16-cı olan həmin müsabiqəni Energetika Jurnalistikası üzrə Ümumrusiya İctimai Akademiyası təşkil edir. Enerji təhlükəsizliyi və enerjidaşıyıcılarından səmərəli istifadə problemlərinə dünyada ciddi yanaşıldığı hazırkı vaxtda Rusiya hökuməti də elmi və ictimai təşkilatların müvafiq irimiqyaslı tədbirlər keçirmələrini hər vasitə ilə dəstəkləyir. Elə Moskvadakı PEQAZ müsabiqəsində Rusiya Federasiyası Dövlət Duması, Energetika Nazirliyi, Atom Enerjisi üzrə Dövlət Korporasiyası, Teleradioyayım Milli Assosiasiyası, "Qazprom", "Tatneft", "Lukoyl" şirkətləri və çoxsaylı ictimai təşkilatların fəal iştirakı da bununla bağlıdır.
Ötən ilin yekunlarına görə 16-cı beynəlxalq PEQAZ müsabiqəsi laureatlarının təltifedilmə mərasimini mötəbər münsiflər heyəti təşkil etmişdir. Sevindirici haldır ki, nüfuzlu beynəlxalq müsabiqənin laureatları arasında həmyerlimiz Şəfa Əliyevin də adı açıqlanmışdır. Münsiflər heyətinin yekdil qərarına əsasən, Azərbaycan alimi "Mətbuatda silsilə analitik və problematik materiallar üzrə" 1-ci nominasiyada qalib gələrək Fəxri Diploma layiq görülmüşdür. Müsabiqədə bütövlükdə 13 nominasiya üzrə laureatlar seçilmişlər. Onu da qeyd edək ki, Şəfa Əliyev bu müsabiqədə artıq ikinci dəfədir ki, laureat adını qazanır. Ötən il də o, müsabiqənin xüsusi prizini almışdı.
Yeri gəlmişkən, həmyerlimiz Rusiyanın elmi dairələrində geniş nüfuz qazanmışdır. Təkcə son iki ildə onun Rusiyanın mötəbər elmi jurnallarında və elmi konfransların material toplularında 20-dən çox məqalə və məruzəsi dərc olunmuşdur. Bu əsərlərdə iqtisad elminin aktual problemləri, makroiqtisadi proseslər, innovasiya iqtisadiyyatı və Azərbaycanın iqtisadi modelinin zənginləşdirilməsi məsələləri öz əksini tapmışdır.
Şəfa Əliyevin fikrincə, qloballaşma və iqtisadi inteqrasiyaların genişləndiyi hazırkı şəraitdə hər bir vətəndaş-alimin vəzifəsi beynəlxalq elmi və intellektual mübadilələrdə fəal iştirak etməkdən, təmsil etdiyi ölkənin iqtisadi inkişaf modelinin gücləndirilməsinə töhfələr verməkdən ibarətdir. Alimə görə, Azərbaycan güclü elmi-texniki potensiala və təbii ehtiyatlara malik olduğundan, bu ehtiyatlardan səmərəli istifadə etməklə ölkəmizin rəqabət qabiliyyətini daha da gücləndirmək, onun regionda, Avropada və bütövlükdə dünyada nüfuzunu daha da qaldırmaq, həmçinin enerji təhlükəsizliyi məsələlərində ölkəmizin rolunu əhəmiyyətli dərəcədə artırmaq mümkündür. Bu proseslər Azərbaycanın dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələr sırasına çıxmasına əlavə və tarixi stimullar verəcəkdir.
Həmyerlimizin ünvanına daha bir fərəhli xəbər bu günlərdə Londondan gəlmişdir: iqtisadçı alim Şəfa Əliyev Avropa İqtisadi Cəmiyyətinə üzv qəbul edilmişdir. Bu beynəlxalq elmi təşkilat dünya iqtisadi proseslərinin öyrənilməsi, xüsusilə də Avropa ilə digər regionlar arasında iqtisadi inteqrasiyaların effektivliyinin araşdırılması ilə məşğul olur. Həmin məqsədlə hər il beynəlxalq konqreslər, konfranslar və simpoziumlar keçirilir. Şəfa Əliyev üzv seçildiyi nüfuzlu beynəlxalq təşkilatın 2010-cu il avqust ayının 23-26-da Şotlandiyanın Qlazqo Universitetində təşkil ediləcək 25-ci konqresində iştirak üçün dəvət almışdır.
İnanırıq ki, sumqayıtlı alim həmişə olduğu kimi, yenə də ölkəmizi layiqincə təmsil edəcək və bizi yeni uğurları ilə sevindirəcəkdir.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında