Biləsuvarda peşə təhsilinə diqqət artır

Ölkəmizin davamlı sosial-iqtisadi tərəqqisi bütün sahələrdə yüksək ixtisaslı kadrların hazırlanmasına tələbatı artırır. Buna görə də Azərbaycan rəhbərliyi təhsilin inkişafına böyük önəm verir, onu dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi önə çəkir və bu sahədə mühüm dövlət proqramları həyata keçirir. Təsadüfi deyil ki, hazırda milli təhsil tariximizdə ilk dəfə olaraq on altı inkişafyönümlü dövlət proqramı uğurla icra olunmaqdadır.
Təhsil sahəsində qazanılan uğurlar Biləsuvar rayonu üçün də xarakterikdir. Bu rayonda 26 orta, 10 əsas, 10 məktəbəqədər və 3 məktəbdənkənar tədris müəssisəsi fəaliyyət göstərir. Son illərdə rayonun təhsil ocaqlarının maddi-texniki bazası xeyli möhkəmlənib, neçə-neçə yeni məktəb binası tikilərək istifadəyə verilib. Biləsuvarın bütün məktəbləri kompyuter avadanlığı ilə təchiz edilib: hər 33 şagirdə bir kompyuter düşür ki, bu da arzu edilən göstəricidir. Ötən dərs ilində 62 müəllim və tərbiyəçi ixtisasartırma kursunda, 18 nəfər "Öyrədənlərin öyrədilməsi" kursunda təlim keçib, 645 müəllim İKT treninqlərinə cəlb olunub. İstedadlı şagirdlərin aşkarlanması, onların olimpiadalarda iştirakı müntəzəm təmin edilir. Ənənəvi olaraq hər il keçirilən "Mənim gələcək peşəm" müsabiqəsi müsbət nəticələr verir. Test imtahanlarının nəticələri də ürəkaçan olur.
Təhsil infrastrukturunun müasir tələblərə uyğun təkmilləşdirilməsi, təhsilin məzmununun yeniləşdirilməsi, uğurların qiymətləndirilməsi üzrə yeni mexanizmlərin tətbiqi, əmək bazarının tələblərinə müvafiq kadr hazırlığı və təminatının yaxşılaşdırılması məsələlərinə də Biləsuvarda ciddi yanaşılır.
Prezident İlham Əliyevin 2007-ci il iyul ayının 3-də imzaladığı sərəncamla "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı" təsdiqləndikdən sonra Biləsuvarda da bu sahənin yenidən qurulması üçün imkanlar yaranıb. Bu rayondakı peşə liseyi 1975-ci ildə 146 saylı texniki peşə məktəbi kimi yaradılıb. Burada xidmət, emal və kənd təsərrüfatı sahələri üçün ixtisaslı mütəxəssislər hazırlanırdı. Təəssüf ki, 90-cı illərin təbəddülatları hər sahədə olduğu kimi, texniki peşə təhsilində də durğunluq yaratdı, onu da diqqət və qayğıdan kənarda qoydu. Ənənələr pozuldu, təcrübəli mühəndis-pedaqoji işçilər TPM-ləri tərk etdilər. Biləsuvarın peşə məktəbi də, demək olar, formal şəkildə fəaliyyət göstərdi. Yaxşı ki, son illərdə texniki peşə təhsilinin nizama salınması prosesi gücləndirildi. Peşə liseyinə çevrilən TPM-də işlər tədricən qaydaya salındı.
Liseyin direktoru Teymur Poladovun dedikləri:
-Bazar iqtisadiyyatı şəraitində peşə təhsilinə diqqətin artırılması, ali təhsillilərlə yanaşı, ixtisaslı fəhlə kadrlarının işlə təminatı yüksək effekt verir. Ölkə rəhbərliyi səviyyəsində bu sahəyə qayğı göstərilməsi Azərbaycanın gələcək inkişafı baxımından əhəmiyyətlidir. Bizim liseydə geniş profilli traktorçu-maşinist, təmirçi çilingər, modelçi dərzi, baytarlıq xidməti üzrə operator və qaynaqçı-çilingər ixtisasları üzrə kadrlar hazırlanır. On dörd ixtisas müəllimi, 13 ümumtəhsil fənn müəllimi çalışır. Mövcud müqavilələrə əsasən şagirdlərimiz Biləsuvar baytarlıq-diaqnostika kabinetində, "Aqroservis" və "Məişət xidməti" səhmdar cəmiyyətlərində istehsalat təcrübəsi keçirlər. Doqquz kabinetimiz var. Təhsil nazirliyinin dəstəyi ilə liseyimizə inlernet xətti çəkilib. Yeni dərs ilinə kimi müasir modelçi dərzi kabineti və kompyuter kabineti də yaratmaq istəyirik.
Maraqlı fakt: Təhsil Nazirliyi ilə "Azərsun Holdinq" Şirkətlər Qrupu arasında əməkdaşlıq layihəsi çərçivəsində razılaşmaya əsasən, əmək bazarı ehtiyaclarına uyğun kadr hazırlığının tənzimlənməsi istiqamətində birgə fəaliyyət nəzərdə tutulur. İlkin olaraq Biləsuvar peşə liseyində çalışan mühəndis-pedaqoji heyətin ixtisas səviyyəsinin artırılması, təhsil alan şagirdlərin peşə hazırlığının yüksəldilməsi məqsədilə onların "Azərsun Holdinq"in Muğan bölgəsindəki istehsalat müəssisələrində istehsalat təcrübəsi keçməsinə şərait yaradılacaq. Bununla yanaşı, peşə təhsili müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və oranı müvəffəqiyyətlə bitirən şagirdlərin işlə təmin olunması da nəzərdə tutulub. Tərəflər müəyyən edilən ixtisaslar üzrə şagird qəbulunda, mütəmadi şəkildə onların bilik və bacarıqlarının monitorinqi və qiymətləndirilməsində, yekun attestasiyasının keçirilməsində şirkət mütəxəssislərinin də iştirakını təmin edəcəklər. İxtisaslar üzrə təhsil və peşə standartları, fənn kurrikulumları birgə hazırlanacaq. Layihə çərçivəsində tədris proqramları, dərsliklər və dərs vəsaitlərinin hazırlanması zamanı liseylərin və şirkət mütəxəssislərinin birgə iştirakı təmin ediləcək.
Artıq "Azərsun Holdinq" tərəfindən Biləsuvar peşə liseyinə yeni peşələr üzrə ixtisasların da ilkin siyahısı təqdim olunub. Bu isə yeni emalatxanaların yaradılması ilə müşayiət ediləcək, təhsilin təcrübə ilə qarşılıqlı mənimsənilməsinə müvafiq şərait yaradacaq.
Bəli, iqtisadiyyatın müasir inkişafı, əmək bazarının dəyişən tələbləri, bazar münasibətləri ilə bağlı olaraq yaradıcı düşünən, təşəbbüs və yenilikləri qiymətləndirməyi bacaran səriştəli ustalara olan ehtiyac peşə təhsilinin əsaslı surətdə yenidən qurulmasını zəruri edir. İnanmaq istərdik ki, ilkin olaraq Biləsuvar peşə liseyində tətbiqi nəzərdə tutulan yenilik tezliklə reallaşdırılacaq və daha geniş coğrafiyanı əhatə edəcək.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında