Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Amerika-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi tədbirdə çıxış etmişdir

Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) təşkilatçılığı ilə “Hyatt Regency” otelinin “Quba” zalında işgüzar tədbir keçirilmişdir.  Tədbirdə çıxış edən Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov iştirakçıları salamlamış, təhsil sahəsi ilə biznes dünyası arasındakı əlaqələrin gələcək inkişafına dair fikirlərini bildirmişdir. Nazir bildirmişdir ki, təhsilin bütün pillə və səviyyələr üzrə inkişafı Təhsil Nazirliyinin qarşısında duran əsas vəzifələrdəndir. İnsanların gələcək karyerası üçün əlverişli zəmin yaradılması təhsil sisteminin prioritet hədəfləri sırasındadır. Bu səbəbdən təhsil müəssisələri ilə biznes qurumları arasında əlaqələrin genişləndirilməsi olduqca əhəmiyyətlidir. Biznes dünyası sosial məsuliyyətlilik prinsiplərinə sadiq qalaraq gənclərin gələcək professional inkişafına dəstək vermək məsələsində də fəal olarsa, daha yaxşı nəticələr əldə etmək mümkündür.

Nazir təhsil müəssisələrinin fəaliyyətinin əsasən, nəzəri biliklər, biznes qurumlarının isə təcrübə qazanmaq baxımından əhəmiyyətinə toxunmuş, yalnız nəzəriyyə ilə praktikanın vəhdətinin uğura apardığını bildirmişdir. AMCHAM üzvləri olan biznes qurumlarını tələbələrə təqaüd verilməsi, yay təcrübə proqramlarının təşkili məsələlərində xüsusilə fəal olmağa səsləyən təhsil naziri tələbələrin təlim imkanlarının artırılması, işləməsi və məzun olduqdan sonra məşğulluğunun təmin olunması prosesinin dəstəklənməsi təşəbbüsü ilə çıxış etmişdir.

Təhsil Nazirliyinin ilk peşə-ixtisas təhsilinin müasir tələblər səviyyəsində inkişafına nail olmaq üçün kompleks tədbirlər həyata keçirdiyini bildirən Mikayıl Cabbarov bu baxımdan Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirildiyini vurğulamışdır. Onun sözlərinə görə, ilk peşə-ixtisas təhsil sahəsində qabaqcıl təcrübəyə malik bir sıra ölkələrlə əməkdaşlığın nəticəsi olaraq peşə təhsili müəssisələrində mühüm yeniliklərin tətbiqinə başlanmışdır. Təhsil Nazirliyi biznes dünyasının da bu layihələrə qoşulmasının və texniki-maliyyə dəstəyi verməsinin tərəfdarıdır.

Daha sonra Mikayıl Cabbarov biznes qurumları ilə əməkdaşlığa cəlb olunmuş insanların, ilk növbədə, təhsilinə yardım edilməsi ənənəsinin genişləndirilməsinin əhəmiyyətinə toxunaraq bildirmişdir ki, nazirlik biznes qurumlarından gələn təşəbbüsləri dəstəkləyir və hər zaman qarşılıqlı əməkdaşlığa hazır olduğunu bəyan edir.

Tədbirdə AMCHAM-ın prezidenti İlqar Vəliyev, ölkəmizdə fəaliyyət göstərən şirkət və biznes qurumlarının nümayəndələri də iştirak etmişlər.

 

İbrahim Nizamioğlu, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında