Şriftin ölçüsü:
08.07.2010 06:55 | Oxunma sayı: 913
{nl}
Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetində respublikamızda aqrar iqtisad elminin inkişafında xüsusi xidmətləri olmuş akademik Əhməd Mahmudovun xatirəsini anma mərasimi keçirilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AzərTAc-a bildirmişlər ki, mərasim iştirakçıları universitetdə yeni yaradılmış aqrar təhsil muzeyində təşkil olunmuş "Akademik Əhməd Mahmudov" guşəsinə böyük maraqla baxmışlar. Universitetin müasir üslubda, əsaslı şəkildə təmir edilmiş tədris korpusları, zəngin fənn kabinetləri, auditoriyaları, elektron kitabxana iştirakçılara xoş təsir bağışlamışdır.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tədbiri açaraq ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkədə elmə, təhsilə, ziyalılara, ümumən yaradıcı insanlara verdiyi yüksək qiymətdən minnətdarlıqla söz açmışdır.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor Mirdaməd Sadıqov akademik Əhməd Mahmudovun zəngin elmi-ictimai fəaliyyətindən, onun aqrar iqtisadi elmin inkişafındakı əvəzsiz rolundan və böyük alimin Gəncə ilə bağlı gördüyü işlərdən danışmışdır.
Uzun illər Əhməd Mahmudovla birgə işləmiş akademik Asəf Nadirov görkəmli alim, qayğıkeş insan barədə xatirələrini söyləmişdir. Digər çıxış edənlər də Əhməd Mahmudovun Azərbaycan elminin inkişafındakı xidmətlərindən geniş söhbət açmışlar. Qeyd olunmuşdur ki, Əhməd Mahmudov Azərbaycan və rus dillərində iki yüzdən çox monoqrafiyanın, elmi əsərin, kitabın və müxtəlif məqalələrin müəllifidir. Qayğıkeş alim on dörd namizədlik dissertasiyasının elmi rəhbəri və məsləhətçisi, iki doktorluq dissertasiyasının rəhbəri olmuşdur.
Sonda Azər Qeybullayev görkəmli alim Əhməd Mahmudovun elmi fəaliyyətinə göstərilən diqqət və qayğıya görə mərasim iştirakçılarına akademikin ailəsi adından dərin təşəkkürünü bildirmişdir.
{nl}
{nl}
{nl}
{nl}
{nl}
{nl}
Böyük Britaniya kraliçası BMT-də çıxış edib
Böyük Britaniya kraliçası II Elizaveta çərşənbə axşamı günü 53 ildən sonra ikinci dəfə BMT tribunasından çıxış edərək son onillər ərzində dünyada bir sıra pozitiv dəyişikliklərin baş verdiyini bildirib. O hesab edir ki, BMT öz ali hədəflərinə uyğun olaraq Yer kürəsində sülh və tərəqqinin əldə olunması üçün çox iş görüb: "Dünyada çox şey dəyişib, əsasən yaxşılığa doğru dəyişib".
Böyük Britaniya taxt-tacının sahibi 7 dəqiqəlik müraciəti zamanı BMT-də 1957-ci ildəki ilk çıxışını xatırlayıb. Qeyd edib ki, o zaman bu beynəlxalq təşkilat gənc və təcrübəsiz idi, onun özü də gənc idi. O dövrdə BMT dünyanın yalnız üç ölkəsində humanitar aksiyalar həyata keçirirdi. İndi isə bu nüfuzlu qurumun köməyi ilə planetimizdə 26 humanitar missiya icra olunur. Bu xeyirxah prosesə isə 120 mindən çox insan qatılıb.
Kraliça öz çıxışında həmçinin BMT-nin dövlətlərarası münasibətlərin ədalətli nizamlanması üçün çox iş gördüyünü söyləyib. O, dünyada insan haqlarının qorunmasında bu qurumun artan rolunu dəyərləndirməyə çalışıb. II Elizavetanın fikrincə, BMT dünyada konfliktlərin azalmasına nail olur, milyonlarla insana humanitar yardım göstərir, yoxsulluğun azaldılması üçün çalışır. Buna görədir ki, dünya xalqları bu quruma rəğbət bəsləyir.
II Elizaveta BMT rəhbərliyi qarşısında bundan sonra da çox mühüm vəzifələrin durduğunu qeyd edib. Deyib ki, hazırda terrorla mübarizə çox önəmlidir, iqlim dəyişiklikləri ilə bağlı vaxt itirmədən zəruri işlər görülməlidir. Kraliça vurğulayıb ki, hazırkı qlobal iqtisadi böhran dönəmində kasıb və zəif inkişaf etmiş dövlətlərin əhalisinə mərhəmət hissi ilə yanaşmaq lazımdır.
II Elizaveta BMT -nin ünvanına xoş sözlər söyləməklə bərabər, dünya birliyi qarşısında duran bir sıra problemlərin uğurlu həlli üçün gərgin işləməyin vacib olduğunu xatırladıb. Deyib ki, dünya liderləri birgə səmimi və düzgün işlər görməyə borcludurlar ki, xalqlar əmin-amanlıq və rifah içində yaşasınlar.
BMT-nin Baş katibi Pan Gi Mun öz növbəsində kraliçanı məzmunlu çıxışına görə tərifləyib, onu böyük bir epoxanın rəmzi adlandırıb. Xatırladaq ki, Nyu-Yorka gəlməzdən əvvəl kraliça Edinburq hersoqu olan həyat yoldaşı ilə birlikdə Kanadanı ziyarət etmişdir.
{nl}
Məsaim ABDULLAYEV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.