Elm və texnikanın sürətli inkişafı bəşəriyyət qarşısında dünənə qədər həlli mümkün olmayan problemlərin həlli üçün geniş imkanlar açır. Son illər dünya elminin əsas istiqamətlərindən biri sayılan nanotexnologiya çox böyük sürətlə inkişaf edir. Hazırda nanotexnologiyanı informasiya texnologiyasından sonra üçüncü elmi-texniki inqilab adlandırırlar. Ekspertlərin rəyinə görə, dünya bazarında nanotexnologiyanın sənayedə tətbiqi üçün çəkilən xərclər 2015-ci ildə 1-2 trilyon ABŞ dolları məbləğində olacaqdır.
ARDNŞ-in birinci vitse-prezidentinin müşaviri, Ukrayna Neft və Qaz Akademiyasının həqiqi üzvü, texnika elmləri doktoru, professor Eldar Şahbazovun professorlar H.Mirələmov və Ç.Məmmədovun yenicə çapdan çıxmış "Nanotexnologiya və nanokimyanın əsasları" adlı dərsliyi haqqında AzərTAc-a verdiyi şərhdə də nanotexnologiyanın elmi və praktiki əhəmiyyətindən söhbət açılır:
- Bu elmi-texniki istiqamətin əsasını yeni nanoquruluşlu materialların alınması, tədqiqi və tətbiqi təşkil edir. Nanotexnologiyanın həll etdiyi problemlər fundamental və texnoloji həllə bağlı olduğu üçün burada elmi və mühəndis biliklərin sintezi mühüm şərtdir.
Nanotexnologiya, nanohissəcik deyilən səviyyədə yeni texnologiyalar üzrə məmulatların alınması kimi keyfiyyətcə öz analoqunu təkrar etməyən misli görünməmiş nailiyyətdir. Bu gün nanotexnologiya bir sıra mühüm sahələrdə - metallurgiyada, təbabətdə, kibernetikada, informasiya texnologiyalarında və bir çox başqa sahələrdə uzun illərlə açılmamış problemlərin həllinə cavab tapmağa imkan yaratmışdır.
Hazırda neft sənayesinin mühüm problemlərindən biri neftçıxarmanın, qazma prosesinin səmərəliliyinin artırılmasını təmin edən, ekotarazlığı bərpa edən elmi tutumlu yeni texnologiyaların işlənməsidir. Nanotexnologiyanın bu istiqamətdə tətbiqinin böyük elmi, praktiki əhəmiyyəti var və bu, çox böyük iqtisadi səmərə verər.
Yaxın gələcəkdə nanotexnologiyanın dünyada elm və istehsalatın bütün sahələrinin inkişafında mühüm rol oynayacağını nəzərə alaraq, bu istiqamətin Azərbaycanda da inkişaf etdirilməsi ön plana çəkilmişdir.
Prezident İlham Əliyevin çıxışlarında neft kapitalının insan kapitalına çevrilməsi, təhsil sisteminin keyfiyyətinin dünya standartları səviyyəsinə çatdırılması, Azərbaycanın yeni yüksək texnologiyalar ölkəsi olması dəfələrlə səslənmişdir.
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) nanotexnologiyanın tədrisi ilə əlaqədar yeni cığırın açılmasını ölkənin təhsil sistemində, sözün əsl mənasında, hadisə kimi qiymətləndirmək olar. Yeni nəsilə nanotexnologiyanın elmi əsaslarının aşılanması strateji əhəmiyyət kəsb edir. Bu baxımdan ADNA-nın kafedra müdiri professor Hüseynbala Mirələmovun ideyası və bilavasitə rəhbərliyi ilə hazırlanmış "Nanotexnologiyanın və nanokimyanın əsasları" dərsliyi neft-kimya, neft-mədən, neft mexanikası fakültələrində və digər fakültələrdə hazırlanan mütəxəssislərdə nano səviyyədə düşüncənin formalaşmasında əvəzsiz rol oynayacaqdır.
Yeni dərslik müvafiq beynəlxalq proqramlar əsasında tərtib olunmuşdur. Dərslik nanotexnologiya fəninin əsaslarına, nanokimyanın problemlərinə, nanohissəciklərin və nanokompozitlərin alınma üsullarına, nanomaterialların tədqiqi metodlarına, nanoborucuqların işlənməsi və müxtəlif elmi-texniki sahələrdə tədbiqinə həsr olunmuşdur.
Ali məktəb tələbələri üçün yazılan dərslik on fəsildən ibarətdir. Kitabda forma və məzmun etibarı ilə yetkin, elmi-sistemli qaydada ən qabaqcıl təcrübəyə əsaslanan konkret tövsiyələr verilmişdir. Müəlliflər, əvvəlcə problemin ümumi xüsusiyyətlərini, termin və kateqoriyalarını, bu sahədə anlayışları məharətlə göstərə bilmişlər. Onlar nanohissəciklərin, klasterlərin, nanokompozitlərin, nanosistemlərin və nanoquruluşların alınması və onların davamlı hala gətirilməsi təcrübələrinə geniş şərh vermiş, həmçinin nanohissəciklərin və nanokompozitlərin tədqiqi üsullarını açıqlamış, elektron mikroskopiyasına xeyli yer vermişlər.
Dərslikdə fiziki və kimyəvi xassələrin geniş tədqiqi əsasında bir sıra nanoxassələrin öyrənilməsi və tətbiqinə xeyli yer verilmişdir. Kitabda diqqəti daha çox cəlb edən bölmələdən biri karbonlu nanoburucuqlar fəslidir. Burada karbon rabitələrinin təbiəti, yeni karbon quruluşları, karbon klasterlərinin işlənməsinə həsr olunmuş elmi nəticələr yer almışdır. Nanotexnologiya elminin mühüm nəticələrindən biri olan 60 karbon atomlarından ibarət olan fülleren və onların quruluşuna xeyli yer verilmişdir.
Bu baxımdan son illər ARDNŞ-in neftçi alimləri tərəfindən işlənmiş yeni nanotexnologiyalar haqqında şərh vermək yerinə düşərdi. Neftçi alimlərimiz məhz karbohidrogen mühitində 0,1 - 100 mm intervalında metal nanohissəcikləri tədqiq etmiş, onun lay-quyu, qaldırıcı lift sistemlərində nadir reoloji xüsusiyyətlərini öyrənmişlər. Karbohidrogen mühitində belə bir nəticənin alınması dünya praktikasında ilk dəfədir. "NANONEFT" və "NANOBITUM" sistemləri ARDNŞ-in neftçi alimləri tərəfindən kəşf olunmuş və qazma prosesində uğurla istifadə edilmişdir. Hazırda karbohidrogen rabitələrinin təbiəti öyrənilir və bunun əsasında hasilatda və qazmada yeni reoloji xüsusiyyətlər əldə edilir.
Dərsliyin mühüm əhəmiyyətindən birini də qeyd etmək istəyirəm. Neft-mədən avadanlığının, quyuiçi və quyuüstü mexanizmlərin etibarlılığının artırılması sayəsində nanotexnologiya işlərinin tətbiq olunmasının xüsüsi əhəmiyyəti vardır. Tezyeyilən və tezdağılan karbohidrogen mühitli cütlüklərdə yeyilmənin və dağılmanın müddətinin bir neçə dəfə artırılması və bununla ehtiyat hissələrinə xeyli qənaət edilməsi bu gün neft sənayesi üçün ən aktual məsələlərdən biridir. Neft sənayesində nanotexnologiyanın tətbiqi iki ən mühüm problem məsələnin həllinə imkan vermişdir. Birincisi, az və orta hasilatlı sulaşmış quyularda hasilat artırılmışdır. İkincisi isə, neft sənayesində işlədilən külli miqdarda kimyəvi elementlərin sərfi azaldılmış, qazmada mühüm reoloji parametrlər yaxşılaşdırılmışdır. Bununla da hasil olunan neftin maya dəyərinin xeyli aşağı salınmasına şərait yaranmışdır. Bu isə nanotexnologiyanın sinergetik səmərə verməsinin bariz nümunəsidir.
Qazma prosesində gil məhlulunda nanobitum- nanoneft sistemlərinin tətbiqi dünyada ilk dəfə nanoyaddaş prinsipinin aşkar edilməsinə imkan vermişdir ki, bu isə bu gün və gələcəkdə lay-quyu sistemində nanoyaddaş prinsipinə əsaslanan idarəetmə üsulunun elmi əsaslarını qoymuşdur.
Amerika tədqiqatçıları tərəfindən əbəs yerə deyilməmişdi ki, üçüncü yüzillikdə nanotexnologiyalarla zənginləşmiş ölkə "favorit" ölkələr sırasında olacaqdır.
Professor H.Mirələmovun rəhbərliyi ilə yazılan ilk tədris vəsaiti yuxarıda sadalanan mühüm elmi istiqamətlərin inkişafında və bu sahədə mütəxəssislərin formalaşmasında əvəzsiz rol oynayacaqdır.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.