Dövlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin kitabının təqdimat mərasimi keçirilmişdir
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin məqalə və kitabları ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Çünki bu əsərlərdə ölkəmizin inkişaf istiqamətləri müəyyənləşdirilir, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı ilə əlaqədar dəyərli tövsiyələr, məsləhətlər verilir, mövcud nöqsanlar qeyd olunur, dövlət idarəçiliyində qabaqcıl və beynəlxalq təcrübədən yararlanmağın əhəmiyyəti açıqlanır. Bu günlərdə çapdan çıxmış "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" kitabında ictimai və humanitar elmlərin inkişaf təmayüllərinin müasir dövrə uyğun müəyyənləşdirilməsi, bu sahədə mövcud problemlərin həlli, elmlə idarəçiliyin səmərəli vəhdəti və digər mühüm məsələlər alimlərin qarşısında ciddi vəzifə kimi qoyulmuşdur.
Akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində dərc olunmuş "İctimai və humanitar elmlər: zaman konteksində baxış" məqaləsi və bu məqalə ilə bağlı yazılmış rəylər kitab halında işıq üzü görmüşdür. İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında həmin kitabın təqdimat mərasimi keçirilmişdir.
Tədbiri akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq dedi ki, bu gün elmi ictimaiyyətimiz, təhsil işçilərimiz çox yaxşı başa düşür və həm də yüksək qiymətləndirirlər ki, Azərbaycan elminin inkişafı, təhsilimizin dünya standartlarına uyğun yenidən qurulması Prezident İlham Əliyevin daim diqqət mərkəzində və nəzarətindədir.
Bu gün ölkəmiz yüksək sürətlə inkişaf edir və artıq öz inkişafında keyfiyyətcə yeni mərhələyə daxil olmuşdur. Ümumiyyətlə, hazırda cəmiyyət həyatının bütün sahələrində sürətli inkişaf, yeniləşmə, yüksəliş özünü çox bariz şəkildə göstərməkdədir. Dövlət ziyalılardan, ictimai və humanitar elmlər sahəsində çalışan alimlərdən inkişafımızın indiki mərhələsini elmi cəhətdən təhlil edərək yeni fikirlər, proqnozlar və təkliflər irəli sürməyi gözləyir. Təəssüf ki, uzun illərdən bəri çətinliklər məngənəsində çırpınan ictimai və humanitar elmlər hələ ki, bu tələblər səviyyəsində deyildir.
Məhz buna görə də son bir neçə ay ərzində ictimai və humanitar elmlərlə əlaqədar keçirilən müşavirələrdə bu sahədəki vəziyyət ciddi tənqid olunur.
Respublikamızın ictimai-siyasi və elmi həyatının müxtəlif sahələrinə dair çox dəyərli kitabların müəllifi olan akademik Ramiz Mehdiyevin bu kitabı da ictimai-siyasi və elmi həyatımızda xüsusi əhəmiyyət kəsb edən bir hadisədir. Bu kitab, eyni zamanda, ictimai-siyasi fikrimizin, elmi, fəlsəfi düşüncəmizin zamanın ruhuna uyğun inkişafına bizi istiqamətləndirən vacib, əhəmiyyətli bir əsərdir.
Məlum olduğu kimi, hələ bir neçə ay bundan əvvəl, keçən ilin noyabrında Prezident İlham Əliyevin məsləhət və tapşırığı ilə akademik Ramiz Mehdiyev tərəfindən ictimai və humanitar elmlərin ölkəmizdəki vəziyyətinə dair geniş müşavirə olmuşdu. Dövlət İdarəçilik Akademiyasında keçirilən həmin müşavirədə akademik Ramiz Mehdiyevin məruzəsində ictimai və humanitar elmlər sahəsindəki real vəziyyət geniş təhlil edilmiş, ciddi tənqidi mülahizələr söylənilmiş, dəyərli tövsiyələr irəli sürülmüşdür.
İctimai və humanitar elmlər sahəsində çalışan alimlərimizin və mütəxəssislərin çox böyük marağına səbəb olmuş həmin müşavirədən və akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı geniş məqaləsindən sonra son 15-20 il ərzində bu elmlər sahəsində mövcud olan sükut aradan qalxmış, şüurlarda, baxışlarda bir canlanma başlamış, elmi-tədqiqat institutlarında, ali məktəblərdə və Ali Attestasiya Komissiyasında yığıncaqlar keçirilmiş, İdarəçilik Akademiyasında, AMEA-da, "Azərbaycan" qəzetinin redaksiyasında dəyirmi masalar, müzakirələr təşkil edilmiş, mətbuatda xeyli sanballı məqalələr dərc edilmiş, qiymətli fikirlər, mülahizələr irəli sürülmüşdür.Bu fikirlərin, mülahizə və təkliflərin əksəriyyəti yeni kitabda cəmləşmişdir.
Natiq qeyd etdi ki, ABŞ, Yaponiya, Cənubi Koreya və digər inkişaf etmiş ölkələr malik olduqları maddi resurslardan daha çox təhsil sisteminin yetişdirdiyi insan kapitalından böyük gəlir əldə etmişlər. Belə bir şəraitdə hesab edirəm ki, ictimai elmlərin inkişafını sürətləndirmək məqsədi ilə "İctimai elmlərə dəstək fondunun" yaradılması faydalı olardı. Həmçinin ictimai və humanitar elmlərin mükəmməl inkişaf konsepsiyasını hazırlamaq məqsədi ilə bir ümumrespublika forumunun keçirilməsi də məqsədəuyğun olardı.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov çıxış edərək təqdim olunan əsəri müasir ictimai, mədəni həyatımızın mühüm hadisəsi kimi dəyərləndirdi. Qeyd etdi ki, dərin elmi araşdırmaların nəticəsi kimi ərsəyə gəlmiş akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman konteksində baxış" əsərində milli humanitariyanın ideya əsasları, ictimai şüura təsir edən estetik-humanitar texnologiyalar, milli mədəni-mənəvi oriyentasiya məsələləri, əski ideologiya və milli məfkurə kimi ciddi problemlər qaldırılmış, ilk növbədə, humanitar və ictimai elmlərin qarşısında duran prioritet vəzifələr müəyyənləşdirilmişdir. Azərbaycan cəmiyyətinin ən müxtəlif problemləri ilə bağlı çoxsaylı sanballı əsərlərin müəllifi olan akademik Ramiz Mehdiyevin təqdim olunan bu əsəri ictimai və humanitar elmlərin real mənzərəsini konseptual şəkildə şərh etməklə yanaşı, onların cəmiyyət həyatına fəal nüfuz etmə və təsir imkanlarını da dəyərləndirmişdir.
Eyni zamanda, yüksək dövlətçilik, vətənpərvərlik və milli intellektual, təəssübkeşlik baxımından bu sahədə müşahidə olunan əsas nöqsanları göstərmiş, müvafiq elmi-tədqiqat institutlarının yeni dövr üçün vəzifələrinə diqqət çəkmiş, bununla da ölkənin intellektual kəsimini açıq fikir mübadiləsinə, müzakirəsinə dəvət etmişdir. İctimaiyyətdə böyük rezonans doğuran, elmi mühiti yaxşı mənada silkələyən əsərdə irəli sürülən tezis və prinsiplər əsasında qələmə alınan ayrı-ayrı məqalələr cəmiyyətdə Azərbaycan elminin real vəziyyəti, gerçək potensialı ilə bağlı dolğun və obyektiv təsəvvürün formalaşması baxımından əhəmiyyətlidir.
M.Kərimov çıxışının sonunda dedi: "Biz inanır və ümid edirik ki, humanitar və ictimai elmlər də daxil olmaqla, Azərbaycanın mövcud elmi potensialı bir tərəfdən dövlətin günü-gündən elmə artan diqqət və qayğısı, digər tərəfdən də özünün daxili intellektual səfərbərliyi sayəsində yeni dövrün tələbləri baxımından daha mütəşəkkil konsolidasiya olunacaq, respublikanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafında bundan sonra da yaxından iştirak edəcəkdir".
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev akademik Ramiz Mehdiyevin bu əsərini müasir Azərbaycanda ictimai və humanitar elmlərin inkişafı baxımından çox əhəmiyyətli hesab etdiyini xüsusi vurğuladı. O diqqətə çatdırdı ki, akademik R.Mehliyev bu sahədə yaranmış vəziyyəti ciddi təhlil etmiş və bildirmişdir ki, indi elm sahəsinə üz tutan bəzi insanların şəxsi keyfiyyətləri və analitik təhlil qabiliyyətləri müasir tələblərdən xeyli aşağıdır. A.Mehdiyev bu əsərin ictimai və humanitar elmlərin inkişafında, bu sahədəki mövcud nöqsanların aradan qaldırılmasında böyük rol oynayacağını qeyd etdi.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin elm və təhsil məsələləri komitəsinin sədri Şəmsəddin Hacıyev, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, professor Səlahəddin Xəlilov, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov və təhsil naziri Misir Mərdanov təqdim olunan əsərlə əlaqədar öz fikirlərini bildirdilər.
Tədbirdə Milli Məclisin deputatları, ali məktəblərin rəhbərləri və tanınmış alimlər iştirak edirdilər.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.