Üçüncü ildir ki, Azərbaycan Dövlət Neft Akademiyasının bakalavr pilləsini başa vuran tələbələr diplom işlərini bilavasitə gələcəkdə çalışacaqları istehsalat müəssisələrində, müxtəlif profillərdə on illərlə iş stajı olan peşəkar müxətəssislər qarşısında müdafiə edirlər. Bu gün yenə də, ilk dəfə bu ideya ilə çıxış edib təşəbbüs irəli sürmüş ADNA-nın neftin, qazın nəqli və saxlanması kafedrası bütün professor-müəllim heyətilə bu kafedradan olan diplom müdafiəçilərini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin akt zalına toplamışdı.
İdarənin rəisi Zöhrab Quliyevin, baş mühəndis Şamil Cəfərzadənin və bir neçə təcrübəli mütəxəssisin də iştirak etdiyi bu tədbiri müdafiə komissiyasının rəhbəri, ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyinin Qaz Nəqli İdarəsinin rəisi Aydın Amanov açdı. A.Amanov bu ideyanın təsəbbüskarlarına təşəkkür edərək bildirdi ki, belə tədbirlər ilk növbədə Azərbaycan iqtisadiyyatının inkişafına xidmət edəcək kadrların yetişməsinə imkan açır. 1994-cü ildə ümummilli lider Heydər Əliyev neft strategiyasının əsaslarını işləyib hazırlayarkən qələbəsinə son dərəcə böyük inamla yanaşdığı bu işdə Azərbaycandakı yüksək hazırlıqlı və peşəsinin ustası olan təcrübəli mütəxəssis kadrların gücünə də güvənirdi. Çünki bu peşəkarlar onun qayğısı ilə və onun gözünün qarşısında yetişmişdilər. Ulu öndər onların bir çoxunu şəxsən tanıyırdı.
Sonra natiq Azərbaycan Respublikasının dövlət müstəqilliyində, iqtisadi inkişafında və bu günki rifah halının əldə olunmasında müstəsna rol oynayan, ümummilli lider Heydər Əliyevin banisi olduğu neft strategiyasından və ölkəmizin istər siyasi, istər iqtisadi həyatında böyük dönüş nöqtəsi olan "Əsrin müqaviləsi"ndən söhbət açdı. A.Amanov sabah bakalavr dərəcəsi alacaq hər bir tələbənin bu strategiyanın məram və məqsədlərinə dərindən bələd olmasının həmin gəncin karyerasında mühüm rol oynayacağını söylədi.
Sonra ARDNŞ-in Neft Kəmərləri İdarəsinin rəisi Zöhrab Quliyev üzünü tələbələrə tutub bildirdi ki, bazar iqtisadiyyatının qarşıya qoyduğu əsas tələblərdən biri yüksək təhsilli, bacarıqlı və hazırlıqlı kadr seçimidir. Bizə, Azərbaycanın sürətlə inkişaf etməkdə olan neft-qaz sənayesinə ilk növbədə bu sahədə zəngin elmi biliklərə yiyələnməklə yanaşı, həm də bu elmi bilikləri təcrübədə tətbiq etməyi bacaran kadrlar lazımdır.
Z.Quliyev də öz növbəsində Azərbaycan Dövlət Neft Akademiyasının və onun "neftin, qazın nəqli və saxlanması" kafedrasının rəhbərliyinin tələbələri istehsalatla bu şəkildə bağlamasını alqışladı və bildirdi ki, bu, bizə öz sahəmizə yeni kadr seçimi üçün böyük imkan verir. Bu gün mütəxəssislərimizin diplom müdafiəsində yaxından iştirak etməsinin bir əsas səbəbi də məhz budur.
ADNA-nın "neftin, qazın nəqli və saxlanması" kafedrasının müdiri, millət vəkili Hüseynbala Mirələmov isə çıxışında ali təhsil məktəblərində kadr hazırlığında istehsalat təcrübələrinə geniş yer verilməsinin əhəmiyyətindən danışaraq dedi:
- Azərbaycanda ali təhsil bütövlükdə milli ruhda tərbiyə olunmuş yüksək peşə hazırlığına malik kadrların yetişdirilməsinə istiqamətlənməlidir. Ali məktəb məzunları təkcə öz ixtisaslarına uyğun fundamental biliklərə yiyələnməklə kifayətlənməməli, həmçinin təcrübi biliklərə, ixtisaslarına uyğun peşə incəliklərinə də yiyələnməli və təbii ki, kamil insan olmaq üçün geniş dünyagörüşünə malik olmalıdırlar. Tələbələr zəngin humanitar mədəni bazaya malik olmalı, ölkəmizin milli-mənəvi və mədəni ənənələrini bilməli, bununla yanaşı varislik prinsipini unutmamalıdırlar. Siz məzunlar - gələcəyin alimləri, biznes adamları, idarə və müəssisə rəhbərləri, siyasi və ictimai xadimləri, müəllimləri vətənimizi daim tərəqqiyə və inkişafa çəkib aparan, Azərbaycanın ictimai, siyasi və iqtisadi elitasının əsasını formalaşdırmalısınız. Elmə, biliyə məhz bu məsuliyyətlə yanaşmalısınız.
Professor H.Mirələmov onu da bildirdi ki, bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 90 illiyini qeyd edəcək, dünyanın neft-qaz sənayesi üçün mütəxəssislər hazırlayan ilk təhsil ocağının Azərbaycan Dövlət Neft Akademiyasının məzunu olmaq məsuliyyətini də heç zaman unutmaq olmaz. Çünki bu qocaman ali məktəb dünyanın neft-qaz sənayesinə bir çox nəhəng alimlər, tanınmış neftçi mütəxəssislər və rəhbər işçilər vermişdir.
Kafedra müdiri ARDNŞ-in Neft Kəmərləri İdarəsinin rəhbərinə akademiyanın tələbələrinin burada istehsalat təcrübəsi keçmələri və eyni zamanda diplom müdafiəsi üçün yaratdığı şəraitə görə təşəkkür edərək bildirdi ki, təcrübəsiz nəzəriyyənin heç bir səmərəsi ola bilməz. Son illər ARDNŞ-in bir çox idarələrinin mütəxəssislərinin iştirakı ilə keçirdiyimiz diplom müdafiələri zamanı belə nəticəyə gəlmişəm ki, tələbələrə ayrılan istehsalat təcrübəsinin müddəti çox azdır və əksər hallarda istənilən nəticəni vermir. Mütəxəssislər də etiraf edirlər ki, ali məktəbi bitirmiş məzunlar işə götürüldükdən sonra müəssisələrdə yenidən hazırlıq keçməli olur və bu da uzun vaxt aparır.
Gəlin unutmayaq ki, neft-qaz sənayesinin elə sahələri var ki, orada mühəndisin, texniki mütəxəssisin hər hansı səhvi çox böyük faciə və itkilərə səbəb ola bilər. Bunu biz istər Azərbaycanın, istər dünyanın neft qaz sənayesi tarixində az görməmişik. Bunun ən müasir faktlarından biri Meksika körfəzində neft quyusunda baş vermiş qəzadır. Dəyən ziyanın miqyası, ekoloji fəlakətin dairəsi o qədər böyükdür ki, bütün dünya ictimaiyyətində böyük narahatlıq doğurmuşdur.
Təbii ki, belə halların istisna olması üçün kadrların ali məktəb hazırlığı kurslarında istehsalat təcrübələrinin tətbiqini genişləndirməyə böyük ehtiyac var. Niyə bizə elə gəlir ki, insan sağlamlığının keşiyində duracaq Tibb Universitetinin tələbəsi təhsilini başa vurub bir il təcrübə keçdikdən sonra diplom almalıdır, amma ADNA-nın gələcəkdə magistral neft kəmərləri üzrə mütəxəssis və ya Neftayırma Zavodunda mühəndis işləyəcək məzunu institutu bitirən kimi diplom almalıdır?
Ali məktəb istehsalat üçün öz ixtisasının nəzəri-təcrübi problemlərini kamil öyrənən, peşəsinin məsuliyyətini tam dərk edən, yüksək hazırlıqlı kadr hazırlamalıdır. Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsili qarşısında qoyduğu əsas vəzifə məhz bundan ibarət idi. Çox fərəhli haldır ki, neft kapitalını intellektual kapitala çevirmək üçün Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev xalqımızın istedadlı gənclərini xarici ölkələrin ən qabaqcıl təhsil ocaqlarına göndərir. Bunun uğurları qısa bir zamandan sonra özünü ölkə sənayesinin bütün sahələrində göstərəcək. Ancaq əsas kadr potensialı bizim ali məktəblərdə hazırlanır. Ona görə də məsuliyyətin böyük hissəsi bizim üzərimizə düşür.
Sonra müdafiə komissiyası bakalavrların diplom işlərinin müdafiəsinə başladı. ADNA-nın IV kurs tələbəsi Rasim Əhmədovun "Ləki neft bazasının layihələndirilməsi" mövzusunda yazdığı diplom işinin müdafiəsi elmi diskussiya şəraitində keçdi. Lakin müəyyən suallardan sonra "neftin, qazın nəqli və saxlanması" kafedrasının müdiri professor H.Mirələmov tələbinin praktik məsələlərə diqqət yetirməsindən və nəzəri biliyinin təcrübi izahından razı qalmadığını bildirdi.
Daha sonra IV kurs tələbələri Rəcəb Hümbətov "Suraxanı - Bakı neft kəmərinin istismarı", İlqar Məhərrəmov "Bulla-dəniz yatağı Daşğil məhsul kəmərinin istismarı", Fatih Orhan Öziticin "Qalmaz yeraltı qaz ambarının layihələndirilməsi" və Hüseyn Gökü "Qaradağ" yeraltı qaz anbarının istismarı" mövzularında diplom işlərinin müdafiəsi də diskussiya şəraitində keçdi və peşəkarlar gələcək həmkarlarının nəzəri biliklərlə bərabər praktik məsələlərə də diqqət ayırmağı məsləhət gördülər.
{nl}
İlqar RÜSTƏMOV, Rafiq SALMANOV(foto), "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.