Akademik Ziyad Səmədzadənin 70 illik yubileyinə həsr edilmiş elmi-praktiki konfrans

İyunun 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadənin 70 illik yubileyinə həsr edilmiş "Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması: təhlil və nəticələr, milli inkişaf modelinin formalaşması problemləri" mövzusunda respublika elmi-praktiki konfransı keçirilmişdir.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Mahmud Kərimov yubilyarın keçdiyi şərəfli və mənalı ömür yolundan, Azərbaycan elminə verdiyi töhfələrdən geniş söz açmışdır.
Diqqətə çatdırılmışdır ki, Ziyad Səmədzadə 1940-cı il iyunın 25-də Bakı şəhərinin Buzovna kəndində dünyaya göz açmışdır. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962-1965-ci illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil almış və elə həmin institutda namizədlik dissertasiyası müdafiə etmişdir.
1971-ci ildə Ziyad Səmədzadə 31 yaşında iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş və keçmiş SSRİ məkanında ictimai elmlər sahəsində bu yüksək elmi ada layiq görülən ilk alimlərdən biri olmuşdur.
Vurğulanmışdır ki, Ziyad Səmədzadə Azərbaycan iqtisadiyyatının inkişafına bir alim kimi dəyərli töhfələr vermiş və bir çox vəzifələrdə, elm ocaqlarında şərəflə, ləyaqətlə işləmişdir.
AMEA-nın Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə Z.Səmədzadənin həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış etmişdir.
Bildirilmişdir ki, Z.Səmədzadənin iqtisad elminə verdiyi töhfələr dünya alimləri tərəfindən birmənalı olaraq qəbul edilir. Azərbaycan iqtisad elmində bir çox dəyərli tədqiqat işləri vardır ki, onlar məhz Ziyad Səmədzadənin adı ilə bağlıdır. O, iqtisadi təhlükəsizlik problemini ilk dəfə milli səviyyədə elmi dövriyyəyə gətirmişdir.
Ziyad Səmədzadə iqtisadi inkişaf, struktur, demoqrafiya, məşğulluq, effektlilik kimi aktual problemlərə dair 500-dən çox əsərin, o cümlədən çoxsaylı monoqrafiyaların müəllifidir. Akademikin onlarla yetirməsi bu gün ölkəmizdə və onun sərhədlərindən kənarda səmərəli fəaliyyət göstərir. Z.Səmədzadənin çoxcəhətli elmi fəaliyyətində həmçinin respublika regionlarının sosial-iqtisadi inkişafının mühüm problemlərinin tədqiqi öz əksini tapmışdır. Onun elmi axtarışlarında Azərbaycan paytaxtının iqtisadi və sosial inkişafı ilə bağlı mülahizələri də mühüm yer tutur. Bu araşdırmalar əsasında Bakının iqtisadi, sosial inkişafına dair 45 çap vərəqi həcmində monoqrafiya dərc edilmiş, konkret tövsiyələr hazırlanaraq ali idarəetmə orqanlarına təqdim edilmişdir.
Vurğulanmışdır ki, Ziyad Səmədzadə Milli Məclisin deputatı kimi daim ölkəmizin iqtisadi yüksəlişi, inkişafı və tərəqqisi naminə yorulmadan çalışır.
Tədbirdə Milli Məclisin sədri Oqtay Əsədovun yubiley münasibətilə Z.Səmədzadəyə ünvanladığı təbrik məktubu oxunmuşdur.
Mərasimdə çıxış edən akademik Teymur Bünyadov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, sənaye və energetika naziri Natiq Əliyev, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və başqaları yubilyar haqqında danışmış, xoş arzularını dilə gətirmişlər.
Z.Səmədzadənin gördüyü işlər dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmişdir. Azərbaycan iqtisadiyyat elminin inkişafındakı xidmətlərinə görə akademik bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Bu, bir daha sübut edir ki, ölkəmizdə elm adamlarına, yaradıcı insanlara yüksək diqqət və qayğı göstərilir.
Natiqlər Ziyad Səmədzadənin insani keyfiyyətlərindən danışmış, yubilyara yeni-yeni uğurlar və səmərəli fəaliyyət arzulamışlar.
Sonda Ziyad Səmədzadə bütün iştirakçılara minnətdarlıq edərək bundan sonra da əzmlə, yorulmadan çalışacağını və müstəqil dövlətimizin iqtisadi cəhətdən yüksəlişi üçün üzərinə düşən vəzifələrin öhdəsindən şərəflə gələcəyini söyləmişdir.
Tədbir iştirakçıları Z.Səmədzadənin həyat və yaradıcılığını əks etdirən kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olmuşlar.
Elmi-praktiki konfrans işini bölmə iclaslarında davam etdirmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında