Şriftin ölçüsü:
19.06.2010 04:25 | Oxunma sayı: 972
Son illər ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində imtahanların obyektiv və şəffaf şəkildə keçirilməsi üçün mühüm tədbirlər həyata keçirilir. Semestr və buraxılış imtahanlarına ictimai nəzarətin gücləndirilməsi üçün imtahan qərargahları fəaliyyət göstərir, tələbələrin üzləşdikləri hər hansı bir çətinliyin operativ şəkildə araşdırılması üçün ayrı-ayrı fakültələr üzrə münaqişə komissiyaları təşkil olunur. Bundan əlavə, imtahan sessiyası zamanı baş verə biləcək neqativ halların aradan qaldırılması məqsədilə ali və orta ixtisas təhsili müəssisələrində "qaynar xətt" fəaliyyət göstərir. Bütün bunlar isə imtahan prosesində şəffaflığı və obyektivliyi təmin etmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Hazırda ölkəmizin qocaman ali təhsil müəssisələrindən sayılan Azərbaycan Dövlət Pedaqoji Universitetində də yay imtahan sessiyasının qızğın çağıdır. Ölkənin müəllim kadrlarına olan tələbatının ödənilməsində mühüm rol oynayan bu təhsil ocağında növbəti imtahan sessiyasının gedişi, son illər universitetdə bu sahədə həyata keçirilən geniş miqyaslı tədbirlər barədə məlumat almaq üçün universitetin tədris-metodika şöbəsinin müdiri, dosent Namiq Hacıyevə müraciət etdik. O dedi:
- Hazırda universitetimizdə ən çox diqqət yetirilən məsələlərdən biri imtahanların şəffaf və obyektiv keçirilməsidir. Universitetin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Məmmədov bu işi ciddi nəzarətdə saxlayır. İmtahan sessiyası dövründə bütün müəllimlərdən, eləcə də tələbələrdən prosesə obyektiv və yüksək məsuliyyətlə yanaşılması tələb olunur. Məhz bunun nəticəsidir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində imtahan prosesi ildən-ilə təkmilləşir, obyektivlik tam təmin olunur.
Məlumat üçün bildirim ki, universitetimizin əyani şöbəsində artıq dörd ildir ki, həm semestr, həm də aralıq (kollokvium) imtahanları kompyuter vasitəsilə keçirilir. Əyani şöbə üzrə 10 fakültədə imtahanların yüksək səviyyədə təşkili üçün beş kompyuter mərkəzi yaradılmışdır. Həmin mərkəzlərdə 200-ə yaxın kompyuterin köməyi ilə gün ərzində 1200-1250 nəfər imtahan verir ki, bu da vaxt və tələbələrin biliyinin yoxlanılması baxımından olduqca əlverişlidir. Hər bir tələbənin kompyuterə müraciəti üçün şəxsi kodu var. Tələbə əvvəlcə imtahan verəcəyi fənni və proqramı seçir, bu zaman hər birinin beş cavab variantı olan 25 sual monitorda əks olunur. 40 dəqiqə ərzində tələbə düzgün variantları seçdikdən sonra cavabları bir daha nəzərdən keçirərək "təsdiq edirəm" düyməsini basır. Bu zaman tələbə test suallarına verdiyi cavaba görə topladığı balı dərhal bilir. Sonra isə kompyuter balı ilə tələbənin semestr balı cəmlənərək yekun qiymət müəyyənləşdirilir.
Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, imtahanların kompyuter vasitəsilə keçirilməsi rektor Yusif Məmmədovun təşəbbüsü ilə ilk dəfə Dövlət Pedaqoji Universitetində tətbiq olunmuşdur. İmtahanların şəffaf və obyektiv keçirilməsini təmin etmək baxımından müstəsna əhəmiyyəti olan bu təşəbbüsün təhsil naziri Misir Mərdanov tərəfindən dəstəklənməsi də prosesin uğurla tətbiq edilməsinə xüsusi təkan vermişdir.
Son illər Azərbaycanın təhsili sistemində beynəlxalq təcrübənin tətbiqi, inteqrasiya sahəsində mühüm tədbirlər həyata keçirilir. Bu baxımdan ali təhsilin kredit (Boloniya) sisteminə keçməsi diqqəti xüsusilə cəlb edir. Dörd ildir ki, universitetimizin əyani şöbəsində təhsilin çoxballı sistemdən kredit sisteminə keçilməsinə başlanılmışdır. Artıq bu il filologiya və biologiya fakültələrinin sonuncu kurs tələbələri dövlət imtahanlarını da kredit sistemi əsasında verəcəklər.
Universitetin qiyabi şöbəsində isə imtahanlar hələlik əvvəlki qayda ilə, yəni beş ballıq sistem əsasında keçirilir. Məlumat üçün bildirim ki, qiyabi şöbə üzrə imtahanlar 8 fakültədə keçirilir. Bu zaman tələbə 90 dəqiqə ərzində biletində olan üç suala yazılı şəkildə cavab verir. Sonra nəzarətçi tərəfindən tələbənin yazılı cavabı dərhal kodlaşdırılaraq yoxlanmaya təqdim edilir. Cavablar isə bir neçə saat ərzində yoxlanılaraq tələbələrin qiymətləri elan olunur.
İstər əyani, istərsə də qiyabi şöbəsi üzrə imtahanlara nəzarət olduqca yüksək səviyyədə təşkil olunmuşdur. Bu zaman nəzarətçilər qeyri-ixtisas sahələrinin müəllimləri arasından seçilir ki, bu da imtahan prosesinə mümkün müdaxilə hallarının qarşısını tam almağa imkan verir.
N. Hacıyev onu da bildirdi ki, imtahanlara ictimai nəzarəti gücləndirmək, həmçinin obyektivliyi təmin etmək üçün rəhbərliyin müvafiq əmri ilə hər bir fakültədə münaqişə komissiyası təşkil olunmuş, universitet üzrə "qaynar xətt" yaradılmışdır. Qiymətindən narazı qalan tələbə münaqişə komissiyasına müvafiq ərizə ilə müraciət etdikdən sonra onun şikayəti komissiya üzvləri tərəfindən dərhal araşdırılaraq obyektiv qərar qəbul olunur. Bundan əlavə, imtahan prosesi zamanı qarşıya çıxan çətinliklərin, neqativ halların araşdırılması məqsədilə universitetdə "qaynar xətt" yaradılmışdır. Yeri gəlmişkən, "qaynar xəttə" əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Süleyman Məmmədov rəhbərlik edir. İmtahanların gedişini nəzarətdə saxlayan bu komissiyada ümumi psixologiya kafedrasının müdiri, professor Əbdül Əlizadə kimi tanınmış alim və pedaqoqlar təmsil olunurlar.
Universitetin tədris-metodika şöbəsinin müdiri, dosent N. Hacıyevlə imtahanların keçirildiyi otaqlara baş çəkdik. İstər əyani şöbəsi üzrə imtahanların keçirildiyi kompyuter zallarında, istərsə də qiyabiçi tələbələrin imtahan verdikləri auditoriyalarda, sözün əsl mənasında, imtahan ab-havası, imtahan əhval-ruhiyyəsi hökm sürürdü. Elə bu otaqlardan çıxan hər bir tələbənin də durumundan, üz-gözündən Dövlət Pedaqoji Universitetində imtahanların təşkilindən razılıq, məmnunluq hissi aydın sezilirdi.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.