ADU ilə Avstriyanın Azərbaycandakı səfirliyi arasında müqavilə imzalandı

Dünən Azərbaycan Dillər Universitetində bu ali təhsil müəssisəsi ilə Avstriya səfirliyi arasında ADU-da Avstriya kitabxanasının açılması ilə bağlı imzalanma mərasimi keçirildi. Tədbirdən öncə çıxış edən ADU-nun rektoru, professor Səməd Seyidov universitetdə Avstriya kitabxanasının fəaliyyətə başlamasının əlamətdar hadisə olduğunu bildirdi.
Ölkələrimiz arasında təhsil və digər sahələrdə mövcud münasibətlərdən danışan rektor ADU-da bir sıra aparıcı Avropa ölkələrinin mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini mərasim iştirakçılarının diqqətinə çatdırdı: "Universitetimizdə Fransa, Almaniya, İtaliya, Norveç, Skandinaviya mərkəzləri fəaliyyət göstərir. Bu gün Avropa ölkələrinin mədəniyyət mərkəzləri sırasına Avstriya kitabxanasının da qoşulması təqdirəlayiq haldır."
Açılacaq kitabxananın əsas fəaliyyət istiqamətlərinə toxunan ADU-nun rektoru bildirdi ki, kitabxananın imkanlarından yalnız ADU tələbələri deyil, eləcə də bütün Azərbaycan vətəndaşları, əcnəbilər də yararlana bilər. O, Avstriyanın bir sıra universitetləri ilə ADU arasında təcrübə mübadiləsi aparıldığını qeyd etdi:
" Qratz və İnsburq universitetləri ilə sıx əlaqələrimiz var. Bunun nəticəsidir ki, universitetimizin 2 tələbəsi həmin təhsil ocaqlarında təhsil alır. Biz bununla kifayətlənmək fikrində deyilik. Avstriya kitabxanası da bu əlaqələrimizin daha da genişləndirilməsində yardımçı olacaq".
S.Seyidov Avstriya kitabxanası vasitəsi ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyini də önə çəkdi: "Bu kitabxana ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından da önəmli rol oynamalıdır."
Daha sonra çıxış edən Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Silvia Mayer Kaybiç ADU-da Avstriya kitabxanasının açılmasını ölkələrimiz arasında olan münasibətlərə töhfə verəcəyini bildirdi. Ölkəsinin zəngin mədəniyyət irsinə malik olduğunu deyən xanım səfir, bu irsin təbliğində kitabxananın ən yaxşı vasitə olduğunu mərasim iştirakçılarının nəzərinə çatdırdı. Diplomat bir sıra dünya ölkələrində Avstriya kitabxanasının olduğunu dedi:
"Hazırda dünyada 56 Avstriya kitabxanası fəaliyyət göstərir. Bu kitabxanalardan hər il 150 min oxucu istifadə edir."
Avstriya kitabxanasının iyunun 23-də rəsmi açılışının keçiriləcəyini deyən Silvia Mayer Kaybiç mərasimə Avstriyanın xarici işlər nazirinin qatılacağını da bildirdi:
"İyunun 23-də Avstriya xarici işlər nazirinin başçılıq etdiyi 50 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək. Xarici işlər naziri kitabxananın açılış mərasimində iştirak edəcək." Səfir sözlərinə onu da əlavə etdi ki, iyunun 23-də Avstriyanın Azərbaycandakı diplomatik korpusunun da rəsmi açılış mərasimi keçiriləcək.
Sonda tərəflər ADU-da Avstriya kitabxanasının açılışını nəzərdə tutan müqaviləyə imza atdılar. Müqaviləni ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov və Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Silvia Mayer Kaybiç imzaladılar.
Qeyd edək ki, açılacaq Avstriya kitabxanasının fonduna alman dilində 3000-dək kitab, müxtəlif materiallar daxil edilib. Avstriya kitabxanasından tələbələr, diplomatlar, doktorluq işi yazanlar yararlana bilərlər. Qeyd edək ki, Avstriyanın Avropa və Beynəlxalq Məsələlər üzrə Federal Nazirliyi hər il Avstriya kitabxanasının əməkdaşlarını təcrübə keçmək məqsədi ilə dörd həftəlik Vyana səfərini maliyyələşdirir. Bu təqaüdü kitabxana, germanistika sahəsində çalışanlar, Avstriyanın tarixi ilə məşğul olanlar ala bilərlər.
Xatırladaq ki, ADU-da Avstriya mərkəzi də fəaliyyət göstərir.

{nl}

Mahmud QƏZƏNFƏROĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında