Həmin gün Vahid İsmayılov adına Cəbrayıl rayonunun Çərəkən kənd orta məktəbində böyük bir canlanma var idi. Biləsuvar rayonundan bir qədər kənarda salınmış Cəbrayıl rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları qəsəbələrdə ümumilikdə 22 mindən çox əhali yaşayır.
11-ci qəsəbə sonuncu yaşayış məntəqəsi hesab olunur. Mərkəzdən uzaq ərazidə yerləşsə də, həmin gün Çərəkən kənd orta məktəbinə Beyləqan, Ağcabədi, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından xeyli ziyalı toplaşmışdı. Onlar uzun müddət dövlət orqanlarında çalışmış, ümummilli lider Heydər Əliyev siyasi məktəbinin yetirməsi, öz işi ilə ulu öndərin etimadını qazanmış iki dəfə Lenin, bir dəfə Oktyabr inqilabı, iki dəfə Qırmızı Əmək Bayrağı ordenləri və bir neçə medallarla təltif olunmuş, 1960-1970-ci illər Azərbaycan SSR Ali Sovetinin deputatı, habelə digər mükafatlara layiq görülmüş Vahid İsmayılovun xatirəsini yad etmək üçün məhz onun adını daşıyan Çərəkən kənd orta məktəbinə toplaşmışdılar.
Məktəbin direktoru, şair Əziz Musa dedi ki, müxtəlif illərdə Zəngilan, Ağcabədi və Jdanov (indiki Beyləqan) rayonlarına rəhbərlik etmiş V. İsmayılovun adını daşıyan təhsil ocağında 300 nəfər şagird oxuyur. Sonra mərasimə toplaşanları məktəbin girişində düzəldilmiş "Vahid İsmayılov guşəsi" ilə tanış etdi. Bildirdi ki, şagirdlər ziyalılarımızın, tanınmış şəxslərin, qurub-yaradan, özlərindən sonra iz buraxan insanların həyatları, keçdikləri yollarla yaxından tanış olduqca gələcəkdə daha vətənpərvər olur, özlərini onlara oxşatmağa çalışırlar. Şagirdlər çox yaxşı bilirlər ki, onların təhsil aldıqları orta məktəb Vahid İsmayılovun adını heç də təsadüfən daşımır. O, ömrünü işlədiyi bölgələrin inkişafına, çiçəklənməsinə həsr edib. Qurub-yaradıb, özündən sonra iz buraxıb. Bax bu gün həmin o xidmətlərdir Vahid İsmayılovu yaşadan...
Çərəkən kənd mədəniyyət evində davam etdirilən tədbirdə iştirak edənlər də, bir vaxtlar Vahid İsmayılovla çiyin-çiyinə çalışanlar da onun həyat yolundan, fəaliyyətindən söhbət açdılar.
Tədbirin aparıcısı Yaqub Abdullayevin ətraflı məlumatından sonra Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev V. İsmayılov haqqında xatirələrindən danışdı. Dedi ki, rayonda hamı V. İsmayılovu ziyalı, ulu öndərə sədaqətli, etibarlı şəxs kimi tanıyır. Onun bacarığı, qabiliyyəti hələ gənc yaşlarından diqqəti cəlb edib. Ona görə də ölkə rəhbərliyinin yüksək etimadını qazanıb. Hansı rayonda işləyibsə, yerli əhali ilə tez bir zamanda ünsiyyət qurub. Ədalətli olması, qayğıkeşliyi, daim quruculuqla məşğul olması onu hörmətli-izzətli edib. Ona görə də bu gün adı böyük hörmətlə, ehtiramla yad edilir. Rayonda yaradılmış Heydər Əliyev Mərkəzində ümummilli liderlə təsərrüfat sahələrində, habelə digər ərazilərdəki birgə şəkilləri də onun əməksevərliyinə görə rəhbərlik yanında nüfuz qazanmasından xəbər verir. Bu gün Cəbrayıldan olan məcburi köçkünlər üçun salınmış səliqəli, hər cür infrastruktura malik qəsəbədə hər bir şəraiti olan məktəblər, kitabxanalar, mədəniyyət evləri var. Bütün bunlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məcburi köçkünlərə göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir.
Jdanov Rayon (indiki Beyləqan) Partiya Komitəsində V. İsmayılovla çiyin-çiyinə işləmiş Nizami Məmmədov dedi ki, o, obyektiv və prinsipiallığına görə hamının hörmətini qazanmışdı. Kadrları seçib yerləşdirəndə də ilk növbədə gənclərə üstünlük verərdi. Özü də işgüzar, savadlı, geniş dünyagörüşünə malik gəncləri irəli çəkərdi. V. İsmayılov deyərdi ki, böyük siyasi xadim Heydər Əliyev daim gənclərə üstünlük verir, onlara güvənir. Nizami Məmmədov da o vaxtlar ona üstünlük verilməsini V. İsmayılovun obyektivliyi və yaradıcı gənclərə diqqət göstərməsi ilə əlaqələndirdi. Qeyd etdi ki, bu gün Beyləqanda bütün tədbirlərin keçirilməsinin mərkəzinə çevrilmiş rayon mədəniyyət sarayı məhz Vahid İsmayılovun yadigarıdır.
Çıxış edənlərdən Mətləb Həziyev, Mustafa Məhərrəmov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Sözün işığı" jurnalının baş redaktoru, şair Ədalət Salman, Respublika Vəkillər Kollegiyasının üzvü Ağakişi Nağıyev və başqaları V. İsmayılov haqqında öz ürək sözlərini söylədilər.
Sonda Çərəkən kənd orta məktəbinin şagirdləri şair Əziz Musanın V. İsmayılova həsr etdiyi poemadan parçalar söylədilər.
V. İsmayılovun oğlu Mobil İsmayılov tədbirdə iştirak edənlərə minnətdarlığını bildirdi. O, belə bir rahat evləri olan səliqəli qəsəbənin salınmasından dövlətimizin məcburi köçkünlərə göstərdiyi qayğıdan qürur hissi keçirdiyini bildirdi və əminliklə dedi ki, məhz ümummilli liderin siyasi kursu və bu siyasəti layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin məntiqli daxili və xarici siyasəti sayəsində məcburi köçkünlər öz doğma ev-eşiklərinə qayıdacaqlar.
... Özündən sonra iz qoyan, qurub-yaradan insanlar daim yaşayır, həmişə ehtiramla yad edilirlər. Vahid İsmayılov da belə unudulmaz insanlardandır.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.