Şriftin ölçüsü:
03.06.2010 06:07 | Oxunma sayı: 709
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə birlikdə muxtar respublikanın ali təhsil müəssisələri arasında ilk milli Konstitusiyamızın qəbulunun 15 illiyinə həsr olunmuş "Heydər Əliyev və hüquqi dövlət" mövzusunda hüquq olimpiadası keçirmişdir.
Konstitusiya Məhkəməsinin təşkil etdiyi olimpiada Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən də dəstəklənmişdir.
Olimpiadanın keçirilməsi üçün Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tərəfindən Konstitusiya Məhkəməsi Aparatının 6 nəfər məsul əməkdaşı mayın 24-dən 27-dək Naxçıvan Muxtar Respublikasına ezam olunmuşdur.
Olimpiadada Naxçıvan Dövlət Universiteti, Müəllimlər İnstitutu və Naxçıvan Özəl Universitetinin tələbələri iştirak etmişlər.
Tədbirin açılışında Konstitusiya Məhkəməsinin şöbə müdiri Dürdanə Məmmədova iştirakçılara olimpiadanın keçirilməsi haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" 2006-cı il 28 dekabr tarixli sərəncamına uyğun olaraq, Konstitusiya Məhkəməsində nəzərdə tutulan tədbirlər çərçivəsində keçirilən olimpiadanın məqsədi ali məktəblərin qeyri-hüquq fakültələrində təhsil alan gənclərin Konstitusiyada təsbit olunmuş əsas müddəaları, xüsusilə insan hüquq və azadlıqlarının təmin edilməsinə aid maddələri daha da dərindən öyrənmələridir. Eyni zamanda, konstitusiya nəzarətinin mahiyyəti, prinsipləri barədə onların məlumatlandırılması, ölkəmizin qanunvericilik aktları haqqında biliklərinin artırılması, dövlət quruculuğu prosesində daha fəal iştirakının təmin olunmasından ibarətdir.
Olimpiadada iştirak edən tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
Növbəti gün test üsulu ilə keçirilən olimpiadanın nəticələri yoxlanılaraq qaliblər müəyyən edilmişdir. Nəticədə 1-ci yeri Naxçıvan Dövlət Universiteti, 2-ci yeri Naxçıvan Müəllimlər İnstitutu, 3-cü yeri isə Naxçıvan Özəl Universiteti tutmuşdur.
İkinci mərhələdə 1-ci yeri beynəlxalq münasibətlər və xarici dillər, 2-ci yeri tarix-filologiya, 3-cü yeri isə iqtisadiyyat fakültəsi tutmuşdur. Təqdirəlayiq haldır ki, iştirakçılar arasında hər biri 2 balla qiymətləndirilən 50 sualı cavablandıraraq 96,94 bal toplayan tələbələr də olmuşdur.
Olimpiadanın nəticələrinə həsr olunmuş tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin prorektoru Hüseyn Həşimli Əsas Qanunun hazırlanmasında ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətini yüksək qiymətləndirmiş, dünyanın ən mütərəqqi konstitusiyalarından geri qalmayan milli Konstitusiyamızın müddəalarından və vətəndaş cəmiyyəti quruculuğunda Əsas Qanunun rolundan bəhs etmiş, tələbələr arasında bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyətini vurğulamışdır.
Konstitusiya Məhkəməsinin nümayəndələri tələbələrin hüquqi biliklərə kifayət qədər sahib olduqlarını və onu yüksək səviyyədə nümayiş etdirmək bacarıqlarını qeyd etmişlər. Ümumrespublika tədbiri kimi nəzərdə tutulan olimpiadanın ilk dəfə paytaxtdan kənarda məhz Naxçıvan MR-də keçirilməsinin böyük əhəmiyyəti vurğulanmış, onun yüksək səviyyədə keçirilməsinə görə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə minnətdarlıq bildirilmişdir.
Naxçıvan MR Ali Məclisinin qanunçuluq və hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov Azərbaycan Konstitusiyasının hazırlanmasında ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərindən, ilk milli Konstitusiyamızın demokratikliyindən, bəşəri dəyərlərə söykənməsindən, xüsusi ilə insan hüquqları və azadlıqlarının önə çəkilməsindən danışmış, Prezident İlham Əliyevin uğurlu siyasətindən bəhs etmişdir. O, həmçinin Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova və tədbirin təşkil olunmasında iştirak edən Konstitusiya Məhkəməsinin nümayəndə heyətinə minnətdarlığını bildirmişdir.
Tədbirin sonunda olimpiadanın qaliblərinə hüquqa aid kitablar hədiyyə edilmişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.