Akademik Əhməd Mahmudovun anadan olmasının 87-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir

Mayın 26-da "Odlar Yurdu" Universiteti Azərbaycan İqtisadçılar İttifaqı ilə birgə görkəmli alim, akademik Əhməd Mahmudovun anadan olmasının 87-ci ildönümünə həsr olunmuş "Azərbaycan müasir dünya iqtisadiyyatı sistemində" mövzusunda elmi-praktiki konfrans keçirmişdir.
Tədbir iştirakçıları əvvəlcə universitetdə yaradılmış akademik Ə.Mahmudovun xatirə otağına baxmışlar.
Konfransı açan universitetin rektoru, Milli Məclisin deputatı Əhməd Vəliyev görkəmli alim Əhməd Mahmudovun zəngin elmi yaradıcılığından, bu ali məktəbdə onun adının əbədiləşdirilməsi üçün görülən işlərdən danışmışdır. Bildirmişdir ki, təhsil müəssisəsində ilin ən yaxşı müəllimi akademik Ə.Mahmudov adına mükafata layiq görülür. Bütün əmək fəaliyyəti Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə bağlı olan Əhməd Mahmudov kiçik elmi işçidən akademiyanın həqiqi üzvlüyünə qədər şərəfli yol keçmişdir.
Konfransda akademik Asəf Nadirov, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri akademik Ziyad Səmədzadə, AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor İsa Alıyev və digər natiqlər Ə.Mahmudovun həyat və fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən, iqtisad elminə verdiyi töhfələrdən danışmış, onunla bağlı xatirələrini söyləmişlər.
Tədbirdə "Ə.Mahmudov və Azərbaycanın iqtisad elmi", "Müasir Azərbaycan iqtisadiyyatının inkişaf meyilləri və onun dünya iqtisadiyyatına inteqrasiyası", "Müasir dövrdə kənd təsərrüfatı istehsalının səmərəliliyinin yüksəldilməsi yolları" və digər mövzularda məruzələr dinlənilmişdir.
Akademik Əhməd Mahmudov 1958-1964-cü illərdə İqtisadiyyat İnstitutu direktorunun elmi işlər üzrə müavini, 1964-cü ildən ömrünün sonunadək bu elm mərkəzinin direktoru olmuşdur. Ə.Mahmudov 1956-cı ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1972-ci ildə AMEA-nın müxbir üzvü, 1983-cü ildə həqiqi üzvü seçilmişdir. Alimin qayğı və himayəsi ilə çoxsaylı elmlər namizədləri və doktorlar yetişmişdir. Akademikin AMEA-nın İqtisadiyyat İnstitutunun elmi istiqamətlərinin müəyyənləşdirilməsində də əvəzsiz xidmətləri olmuşdur. Ə.Mahmudov 200-dən artıq elmi əsərin, monoqrafiya və dərsliyin, elmi məqalələrin müəllifi olmuşdur.
Diqqətə çatdırılmışdır ki, İqtisadiyyat İnstitutuna rəhbərlik etdiyi 25 il müddətində Ə.Mahmudov özünü qayğıkeş rəhbər, fədakar alim, mehriban insan kimi tanıtmış, yüksək səviyyəli elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. Gənclərə qayğı, ətrafdakılara mehriban münasibət, özünə və başqalarına qarşı tələbkarlıq bu xeyirxah insanı səciyyələndirən xüsusiyyətlərdən idi.
Vurğulanmışdır ki, görkəmli alim və elm təşkilatçısı olan Ə.Mahmudov institutun elmi istiqamətləri hazırlanarkən Azərbaycan xalq təsərrüfatının inkişafı ilə bağlı problemlərə üstünlük vermiş, iqtisad elminin Azərbaycan xalqının mənafeyinə uyğunlaşdırılması istiqamətində cəsarətli addımlar atmışdır.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında