Azərbaycan mühacirət ədəbiyyatının tədqiqi

Azərbaycan elmi-ədəbi fikrində öz dəst-xətti olan filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı Nikpur Cabbarlı uzun illərdir ki, mühacirət ədəbiyyatının tədqiqi ilə məşğuldur.  
"Azərbaycan mühacirət nəsri" kitabı mühacirət ədəbiyyatının araşdırılması istiqamətində müəllifin sayca dördüncü əsəridir. "Əhməd Cəfəroğlunun ədəbiyyatşünaslıq irsi" (2001),"Mühacirət və klassik ədəbi irs" (2003), "Abay Dağlının mühacirət dövrü yaradıcılığı" (2009) alimin əvvəlki əsərləridir.
Qeyd etmək yerinə düşər ki, istedadlı alim 1998-ci ildə "Azərbaycan mühacirət ədəbiyyatşünaslığında klassik irs problemi" mövzusunda filologiya üzrə fəlsəfə doktorluğu işi müdafiə etmişdir. Akademik Bəkir Nəbiyevin kitaba yazdığı giriş sözündə deyildiyi kimi, təqdim olunan "Azərbaycan mühacirət nəsri" əsərində "çağdaş emiqrantologiyanın prinsipləri baxımından mühacirət ədəbiyyatımızın statusu, xronoloji sərhədləri müəyyənləşdirilmiş, bununla bağlı bəzi tədqiqatlardakı yanlış, dolaşıq, ziddiyyətli fikirlərə münasibət bildirilmişdir".
Əsərin "Giriş"indən sonra "Azərbaycan mühacirət ədəbiyyatı: elmi-nəzəri statusu və xronoloji sərhədləri", "Milli istiqlal hərəkatının inikası", "Azərbaycanlıların soyqırımı ümumbəşəri faciə kimi", "Totalitar sovet rejiminin ifşası", "Vətəndaş cəmiyyəti probleminin bədii-fəlsəfi dərki", "Atatürkün bədii-sənədli obrazı" bölmələri mövzu aktuallığı, elmi yenilikləri, tarixi faktlarla zənginliyi, ədəbi material baxımından diqqəti cəlb edir. Xeyli sayda ədəbiyyatdan istifadə edən müəllif "Son söz əvəzi"ndə yazır: "Araşdırmaya cəlb etdiyimiz bədii örnəklərin timsalında gördüyümüz kimi, mühacirət nəsri yalnız ideoloji-siyasi tutumu ilə deyil, bədii-estetik dəyəri ilə də milli ədəbiyyatımızın qızıl fondu"na daxil olmuş, burada özünə seçkin bir yer təmin etmişdir. Azərbaycan milli hərəkatının müxtəlif mənbələrinin ən önəmli hadisələri ədəbiyyatımızda ilk dəfə olaraq məhz bu əsərlərdə canlandırılmış, istiqlal mücahidlərimizin dolğun bədii obrazları da ilk dəfə bu əsərlərdə yaradılmışdır. Bolşevik rejiminin, stalinizmin törətdiyi cinayətlərin, soydaşlarımıza qarşı yönəldilmiş soyqırım siyasətinin epik vüsətli ifşası yönümündə də birincilik, təbii ki, sovet dövrü nəsrimizə deyil, mühacir nəsrimizə məxsusdur".
Əsərdə ilk olaraq "mühacir" və "mühacirət" sözlərinin məna və məzmunu aydınlaşdırılır. Azərbaycan mühacir ədəbiyyatını XX əsrin hadisəsi adlandıran müəllif özünün spesifik cəhətləri ilə seçilən bu ədəbiyyatı konkret tarixi xronoloji sərhədlər müstəvisində araşdırmaya cəlb edir: 1920-1991-ci illər arasında (AXC-nin süqutundan Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasına qədər olan dövrü əhatə edir) yazılmış ədəbi nümunələr.
"Milli istiqlal hərəkatının inikası" bölməsində "Qəzetəçi Seyyid", "İntiqam alan kölgə", "Vətən qaldı", "Azərbaycan istiqlal mücadiləsi xatirələri", "Azərbaycan istiqlal savaşından səhnələr" və "Stalinqrad cəhənnəmində 95 gün döyüşən türk" kimi nəsr əsərləri təhlilə cəlb edilibdir. Bu əsərlərin müəllifləri istiqlal mücadiləsinin bilavasitə fəal iştirakçısı olmuş ziyalılardır.
"Azərbaycanlıların soyqırımı ümumbəşəri faciə kimi" başlıqlı bölməni isə həyəcansız oxumaq mümkün deyil. Tarixi faktlar, gerçək qanlı olaylar sənədli şahidin dili ilə ədəbiyyatın mövzusuna çevrilmişdir. Əsrin əvvəllərində mənfur daşnakların Bakıda törətdiyi faciələrin acı xatirələrə dönərək qələmə alınması qəlbləri göynədir. Eyni zamanda, ədəbi nümunə olaraq təqdim olunan elmi əsərdə ictimai-siyasi motiv zəminində təhlil olunur: xüsusən, Məhəmməd Altunbayın "Hürriyətə uçan türk" xatirələri misalında.
"Totalitar sovet rejiminin ifşası"nda istiqlal mücahidlərinin sürgün xatirələrinin elmi-nəzəri şərhi diqqətdədir.
"Vətəndaş cəmiyyəti probleminin bədii-fəlsəfi dərki"ndə Əhməd Ağaoğlunun "Sərbəst insanlar ölkəsində" əsərindən bəhs edilir. Müəllifin təbirincə desək, "bu əsər M.F.Axundzadənin "Kəmalüddövlə məktublarını"nı xatırladır. Hər iki əsər müəlliflərinin fəlsəfi, siyasi, sosioloji baxışlarının bədii ifadəsi kimi ədəbiyyatşünaslarla yanaşı, filosof və sosioloqların da araşdırmalarının predmeti olmuşdur". Əhməd Ağaoğlunun "Sərbəst firqə xatirələri"ndə "Atatürkün bədii-sənədli obrazı" - bütün ömürlüyü tarixi səciyyə daşıyan bu obrazın istiqlal məfkurəsi təhlil olunur və müasir dövrümüzdə aktual əhəmiyyəti qeyd olunur.
Müəllif "Son söz əvəzi"ndə qeyd edir ki, araşdırmaya cəlb edilmiş əsərlər ideya-məzmunu ilə bərabər, bədii-estetik dəyəri ilə də milli ədəbiyyatımızın "qızıl fond"unda yer almışdır.
Bütün bunlar isə, təbii ki, əsərin həm məzmun, həm də elmi-nəzəri baxımdan aktuallığını təmin edir. Filologiya üzrə fəlsəfə doktoru Nikbur Cabbarlı ciddi alim əməyi və milli vətəndaşlıq mövqeyi ilə mühacirət ədəbiyyatımıza dair elmi-nəzəri tədqiqatları ilə ədəbiyyatşünaslığımızda sanballı sözünü deyə bilmişdir.
Almaz ÜLVİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında