"Çağ"ın medallar estafeti davam edir

"Çağ" Öyrətim Şirkəti Azərbaycan-Türkiyə liseyləri yetirmələrinin beynəlxalq bilik-bacarıq yarışmalarında medalqazanma estafeti uğurla davam edir.
Son bir ayda "çağ"çılar müxtəlif beynəlxalq olimpiadalarda 15 qələbə qazanaraq medalların sayını 378-ə çatdırmışlar. Son illərdə şirkətin "Dədə Qorqud" liseyinin şagirdləri "medal ovu"nda xüsusi fərqlənirlər. Onlar 2008-2009-cu tədris ilində ölkəmizdə, ABŞ-da, Türkiyədə, Koreyada, Rumıniya və Türkmənistanda keçirilən beynəlxalq fənn olimpiadalarında 17 medal qazanmışlar. Bu il isə "Dədə Qorqud" şagirdləri hələlik 10 medala sahib olmuşlar.
Dərs ilinin sonunadək Türkiyədə, Kanadada, Yaponiyada, Koreyada və Hollandiyada təşkil olunacaq olimpiadalarda liseyin təmsilçilərinin daha 15 medal qazanacağına böyük inam var.
Aprelin sonunda Rumıniyada 32 ölkənin iştirakı ilə keçirilən informatika olimpiadasında "Dədə Qorqud" liseyinin şagirdləri Nurbaxış və Nurəhməd Süleymanzadələr qızıl, Kamal Səfərli, Cavid Hacıyev və Ruslan Eminov bürünc medallara layiq görülmüşlər. Xatırladaq ki, Nurbaxış və Nurəhməd ötən il Rumıniyadan gümüş medalla qayıtmışdılar.
"Çağ" Öyrətim Şirkəti prezidentinin müşaviri Ağarəsul Məmmədov "medallar estafeti"nin sirrini belə açıqladı:
- Əvvəla, şirkətimizdə beynəlxalq olimpiadalarda qalib gəlməyi qarşımıza proqram məqsədi kimi qoymuşuq. Bu, təhsil sahəsində dünyaya uğurlu çıxış, üstəlik, müstəqil dövlətimizi dünyada tanıtmaq imkanıdır. İkincisi, Olimpiadalara yaxşıların-yaxşıları seçilib hazırlaşdırılır. Bütün liseylərimizdə bu işə böyük diqqət yetirilir, məsuliyyətlə yanaşılır. Elə bir liseyimiz yoxdur ki, onun medallar hesabı olmasın.
Göründüyü kimi, "Dədə Qorqud" liseyinin müəllifləri və şagirdləri son 2 ildə bilik-bacarıq yarışlarında xeyli irəli çıxmışlar. Onlar bu 2 ildə 27 medala sahib olmuşlar. May-iyun aylarında bu hesabı birdən-birə 43-ə çatdırmaq şansı real görünür. Gəlin, qarşıdakı beynəlxalq olimpiadalarda Azərbaycanın yeniyetmə iddiaçılarına uğurlar arzulayaq.
"Dədə Qorqud" liseyinin adını ucaldan medallı şagirdlərdən Tural Qədimbəyov, Samir Nəsirli, Kamal Həsənli, Emin Əhmədli, Nəsimi Hətəmli, Məmməd Zeynallı, Fariz Hüseynli, İslam Kazımlı, Aqil Səfərəlizadə, Vasif Məmmədov, Ayxan Siyahov, Nihat Əliyev, Ceyhun Kesesov, Elvin Hacıyev, Eyvaz Əlizadə bütün şirkətimizin sevimlisinə çevrilmişlər. Biz onların parlaq gələcəyinə inanırıq. Belə yetirmələrimiz öz çalışqanlıqları, yüksək tərbiyələri ilə sübut edirlər ki, istənilən qələbəni qazanmaq mümkündür. Belə yetirmələrimizin əzmkarlığı ilə növbəti dərs ilində medallarımızın sayı 400-ü ötəcək.

{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında