Şriftin ölçüsü:
20.05.2010 03:47 | Oxunma sayı: 828
"Region ölkələrinin əsatirlərini, tarixini və tarixi şəxsiyyətlərini dərindən öyrənmək baxımından böyük əhəmiyyət kəsb edən "Şahnamə" əsəri indiyədək Azərbaycan oxucusuna tam şəkildə təqdm edilməmişdi. Doğrudur, sovet dövründə mərhum professor Məmmədmübariz Əlizadə bu əsəri ana dilmizə tam şəkildə tərcümə etmişdi.
Ancaq kitab şəklində oxuculara təqdim edilən bütöv əsər deyil, müəyyən parçalar idi. Son dörd ildə əsərin tam mətnini əhatə edən iki cildliyin latın qrafikası ilə çap edilməsi üzərində işləyən mütəxəssislər bu işi uğurla başa çatdırmışlar. Üç il əvvəl kitabın birinci cildi eynilə bu şəkildə tərtib edilərək oxuculara təqdim edilmişdi. Bu gün isə nəfis şəkildə tərtib edilmiş 1008 səhifədən ibarət ikinci cild oxuculara təqdim edilir".
Bu fikirlər İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət mərkəzində keçirilmiş görkəmli şərq şairi Əbülqasim Firdovsinin "Şahnamə" əsərinin təqdimat mərasimində səsləndirildi. Tədbirdə beşi universitet rektoru olmaqla 12 nəfər iranlı alim, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasını, Bakı Dövlət Universitetini, Musiqi Akademiyasını, Pedaqoji Universiteti və bir sıra yaradıcılıq təşkilatlarını təmsil edən çoxsaylı Azərbaycan ziyalıları, diplomatlar, mətbuat nümayəndələri iştirak edirdilər.
Kitabın bu şəkildə tərtib edilməsini və yüksək səviyyəli təqdimatın keçirilməsini böyük qədrşünaslıq nümunəsi kimi qiymətdəndirən akademik Vasim Məmmədəliyev qeyd etdi ki, Şərqin ulu mütəfəkkirlərindən olan Əbülqasim Firdovsi "Şahnamə"ni 30 ilə yazmışdı. Azərbaycan şərqşünaslarının ən görkəmli nümayəndələrindən olan mərhum professor Məmmədmübariz Əlizadə isə həmin əsəri 30 ilə ana dilimizə çevirdi. Özü də böyük peşəkarlıqla - bədii-fəlsəsi və elmi-tarixi məqamların məhz orijinalda olduğu kimi saxlanılması şərtiylə. Biz çox şadıq ki, "Şahnamə" bu gün Azərbaycan oxucusuna tam mətnlə, ana dilimizdə, latın qrafikası ilə təqdim edilir. Akademik qeyd etdi ki, kitabın tərtibçisi mərhum professorun qızı, filologiya elmləri namizədi Lalə Əlizadə, redaktoru tarix elmləri doktoru, professor Şahin Fazil, kitabı Məmmədmübariz Əlizadənin əl yazısından - əski əlifbadan latın qrafikasına çevirən və tənzimləyən fəlsəfə elmləri doktoru Aygün Əlizadə (o, tərcüməçinin qohumlarından deyil, tələbəsidir - red.) bu tarixi - fəlsəfi epopeyanı indiki şəkildə Azərbaycan oxucusuna çatdırmaqla Şərq ədəbiyyatı tarixində böyük xidmətə imza atmış oldular. Çünki bu kitab həm Əbülqasim Firdovsinin yaradıcılığının öyrənilməsi baxımından, həm də Məmmədmübariz Əlizadənin peşəkar tərcüməçiliyinin təqdim olunması baxımından çox yüksək əhəmiyyət kəsb edir.
İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, doktor Məmmədbaqir Bəhramzadə, görkəmli şərqşünas və ilahiyyatçı alim Əli Əkbər Seyid Ocaqnejat, Tehrandakı "Əz Zəhra" Humanitar Universitetinin (dünyanın ən böyük qızlar universitetidir) rektoru, doktor Xanım Mübaşiri, Mədəniyyət Mərkəzinin direktoru, doktor İbrahim Nuri, AMEA Tarix İnstitutunun professoru Şahin Fazil (o, kitabın redaktoru və təqdimat mərasiminin aparıcısı idi), Bakı Musiqi Akademiyasının professoru, xalq artisti Tofiq Bakıxanov, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin dosenti Tofiq Cahangirov, fəlsəfə elmləri doktoru Aygün Əlizadə, BDU fars dili kafedrasının müdiri Mehdi Kazımov, mərhum tərcüməçinin qızı Nüşabə Əlizadə, "Say" qəzetinin redaktoru Hacı Rafiq və başqa natiqlər "Şahnamə"nin bədii-fəlsəfi məziyyətlərindən, Azərbaycan dilinə uğurlu tərcüməsindən və bu qəbildən olan tədbirlərin Azərbaycan - İran dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsindəki rolundan əhatəli şəkildə söz açdılar. Tədbirdə Şərq müdrikliyini özündə əks etdirən çoxlu sayda kəlamlar və şeir parçaları səsləndirildi.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.