Şriftin ölçüsü:
13.09.2011 11:24 | Oxunma sayı: 837
Hər il olduğu kimi, bu il də Xətai Rayon İcra Hakimiyyətində rayonun orta təhsil məktəblərini bitirərək 2011-ci ildə respublikanın ali təhsil ocaqlarına yüksək balla qəbul olmuş tələbələr ilə görüş keçirilmişdir.
Görüşdən əvvəl Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov başda olmaqla orta ümumtəhsil məktəblərinin rəhbərləri və bu il tələbə adı almış gənclər ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət etmiş və önünə gül-çiçək dəstələri qoymuşlar.
Akt zalında davam edən görüşü Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirmişdir ki, ötən il təhsildə qazandığımız uğurlar növbəti - 2011-2012-ci tədris ilinin başlanğıcı ərəfəsində bizi daha böyük əzmlə işə başlamağa səfərbər edir. Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilin strateji sahə elan olunduğunu diqqətə çatdıran R.Məmmədov Xətai rayon təhsil işçilərinin bu mənada qarşıya qoyulan vəzifə və tapşırıqlara uğurla əməl etdiyini bildirdi. Natiq konkret faktlara istinad edərək göstərdi ki, ötən il olduğu kimi bu il də Xətai rayon orta ümumtəhsil məktəblərinin məzunları ali məktəblərə tələbə qəbulu üzrə göstəricilərə görə həm respublikada, həm də Bakı şəhəri üzrə yenə də birinci olmuşlar. Ali məktəblərə qəbul üçün sənəd vermiş 2688 məzunumuzun 1422 nəfəri yüksək bal toplayaraq tələbə adı qazanmışdır. Bu isə nəinki Bakı şəhəri, ümumilikdə respublika üzrə ən yüksək nəticədir.
Natiq xüsusi vurğuladı ki, bu ilk növbədə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin, bu strategiyada prioritet sahələrdən biri olan təhsilə xüsusi önəm verildiyinin bariz göstəricisidir. Bu gün adı sürətlə inkişaf edən ölkələr sırasında çəkilən Azərbaycanda ölkə rəhbəri təhsilə xüsusi önəm verməklə bu inkişafın davamlılığının möhkəm bünövrəsini qoyur desək, heç də yanılmarıq.
R.Məmmədov respublikada təhsil müəssisələrinin yeniləşdirilməsi, onların informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması, maddi-texniki bazalarının gücləndirilməsinə dövlət qayğısı ilə yanaşı, bu sahənin inkişafında Heydər Əliyev Fondunun və onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın da xüsusi əməyi olduğunu qeyd etdi.
Sonra yığıncaq iştirakçılarına məlumat verildi ki, 2010- 2011-ci tədris ilində rayonda fəaliyyət göstərən 38 orta ümumtəhsil məktəbini müvəffəqiyyətlə bitirən 2860 məzundan 2688 nəfəri ali məktəbə qəbul üçün sənəd vermiş və onlardan 1422 nəfəri, yəni 52,9 faizi tələbə adını qazanmışdır. Ali məktəblərə qəbul olunmuş məzunlardan 324 nəfəri 500-600, 117 nəfəri 600-650, 37 nəfəri 650-700-ə yaxın bal toplamışdır. Sevindirici haldır ki, 2 məzun maksimum nəticə göstərib 700 bal toplayaraq Qafqaz Universitetinə qəbul olunmuşdur. Rayonun qızıl medala layiq görülmüş 2 məzunu da yüksək nəticə göstərərək Azərbaycan Dövlət Neft Akademiyasına və Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunmaqla ümidləri doğrultmuşdur.
Həmçinin o da vurğulandı ki, Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüş 102 tələbədən 10 nəfəri Xətai rayon məktəblərinin məzunlarıdır. Bakı şəhəri üzrə ali məktəblərə qəbul olunmuş 8862 tələbənin 1422 nəfəri, 600-dən yuxarı bal toplayan 545 məzundan 117 nəfəri məhz bu rayonun orta ümumtəhsil məktəblərinin payına düşür.
Məlumatda bu işdə xüsusi payı olan rayonun orta məktəblərinin də adı çəkildi və onların müəllim kollektivlərinə minnətdarlıq ifadə olundu.
Toplantıda çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov da öz növbəsində dövlətin inkişaf strategiyasında təhsilin prioritet sahə kimi daim respublika Prezidentinin diqqət mərkəzində olduğunu vurğuladı və bildirdi ki, təhsil yüksək olan yerdə inkişaf və tərəqqi var. "Yeniləşən Azərbaycana yeni məktəb" devizi ilə artıq neçə ildir ki, Heydər Əliyev Fondu və onun prezidenti, ölkəmizin birinci xanımı Mehriban xanım Əliyeva bu prioritet sahənin inkişafına yeni-yeni töhfələr verir.
S.Seyidov Milli Məclisə deputat seçildiyi Xətai rayonunun bugünkü uğurlarına qəlbən sevindiyini bildirərək qeyd etdi ki, burada zəhməti olan hər bir insanın ilk növbədə Vətəninə və xalqına xidmət göstərdiyini unutmaq olmaz.
Rəsmi hissəyə yekun vuran R.Məmmədov sadalanan uğurlarda ilk növbədə müəllimlərin böyük zəhməti olduğunu dilə gətirdi və qeyd etdi ki, məhz bu zəhmətkeş müəllimlərin əməyi dövlət başçısı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Bu il möhtərəm Prezidentimizin sərəncamı ilə 9 müəllimimiz ilin ən yaxşı müəllimi, bir məktəbimiz isə ilin ən yaxşı məktəbi müsabiqəsinin qalibi kimi mükafatlandırılmışdır.
Tələbələrlə görüş 600-dən yuxarı bal toplamış 40-dan artıq gəncin mükafatlandırılması mərasimi ilə başa çatdı.
{nl}
İlqar RÜSTƏMOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.