Rəsul Rzanın 100 illiyinə həsr olunmuş elmi sessiya

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında xalq şairi, SSRİ Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 100 illiyi ilə əlaqədar elmi sessiya keçirilmişdir.
Sessiya iştirakçılarına akademiyanın foyesində yubilyarın həyat və yaradıcılığına həsr olunmuş foto və kitab sərgisi təqdim olunmuşdur.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov sessiyanı açaraq, dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Rəsul Rzanın anadan olmasının 100 illik yubileyinin ölkəmizin hər yerində təntənə ilə qeyd edildiyini vurğulamışdır. Diqqətə çatdırmışdır ki, XX əsr dünya ədəbiyyatında öz dəst-xətti, orijinal üslubu, müdrik poeziyası ilə seçilən sənətkarın əsərləri Azərbaycan və müxtəlif xalqların dilində təkrar-təkrar nəşr olunmuş, yaradıcılığı barədə ölkəmizdə və xaricdə də tədqiqat işləri yazılmışdır.
Rəsul Rzanın yeni dövr Azərbaycan ədəbiyyatının inkişafında, böyük xidmətlərini qeyd edən natiq demişdir ki, onun zaman və insan haqqında poetik fəlsəfi düşüncələri ötən əsrin 60-70-ci illərində özünü daha qabarıq göstərmişdir. Şairin bədii yaradıcılığını onun ədəbi publisistikası tamamlayır. Ədəbi irsi bu gün Azərbaycan dövləti və cəmiyyəti tərəfindən yüksək qiymətləndirilən Rəsul Rzanın əsərləri xalqımızın qəlbində əbədi yer tutacaq, öyrəniləcək, gələcək nəsillərə ərməğan ediləcəkdir.
Tədbirdə akademiklər Bəkir Nəbiyev "Şeirimizin klassiki və müasiri Rəsul Rza", Ağamusa Axundov "Rəsul Rza və ana dili" mövzusunda məruzə etmişlər. Bildirilmişdir ki, Rəsul Rza original dəst-xətti, fərdi yaradıcılıq siması, qeyri-adi yazı manerası ilə fərqlənmişdir. Poeziyasındakı xəlqilik, böyük ehtirasla tərənnüm etdiyi təzə həyat, yüksək vətəndaşlıq idealları, bəşəri duyğular, yenilik hissi şairin yaradıcılığının ayrılmaz tərkib hissəsidir. Rəsul Rzanın yaradıcılığı və ictimai fəaliyyəti çoxqatlı, çoxşaxəli ensiklopedik mahiyyət daşıyır. Azərbaycan həyatının elə bir problemi olmamışdır ki, o, şairin yaradıcılığında öz əksini tapmasın.
Sessiyada vurğulanmışdır ki, xalqımız Rəsul Rzanın anadan olmasının 100 illiyini xüsusi minnətdarlıq hissi ilə qeyd edir. Bu təkcə şair Rəsul Rzanın deyil, "Mənim fikrimcə" kimi sanballı kitabın müəllifi olan tənqidçinin, ədəbi prosesə həmişə həssaslıq və tələbkarlıqla yanaşan, gənc istedadlara atalıq qayğısı göstərən bir insanın, uzaq ellərdən kövrək Kərkük bayatılarını ölkəmizə gətirən, rus klassiklərinin, xüsusən Mayakovski kimi görkəmli şairin əsərlərini Azərbaycan oxucusuna layiqincə təqdim edən mütərcim, nəhayət, yorulmaz ictimai xadim Rəsul Rzanın yubileyidir.
Tədbirdə şairin böyüyüb boya-başa çatdığı Göyçaydan, onun ailəsindən, Bakıya ilk gəlişindən, təhsil illərindən, rəhbərlik etdiyi kollektivlərdən, Azərbaycan dilinin qorunması, saflığı uğrunda mübarizəsindən, Qobustandakı qayaüstü abidələrin bizə gəlib çatmasındakı xidmətlərindən ətraflı söz açılmışdır.
AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov Azərbaycan Ensiklopediyasının yaradıcısı və baş redaktoru Rəsul Rzanın həmin kollektivə rəhbərliyindən, orada yaranmış problemlərin aradan qaldırılması uğrunda mübarizəsindən, ona qarşı çoxsaylı təzyiqlərdən bəhs edən "Özümüz" kitabını iştirakçılara təqdim etmiş, uzun müddət birgə çalışdıqları böyük sənətkarla bağlı xatirələrini söyləmişdir.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar ailələri adından atasının xatirəsinə göstərilən diqqətə görə dövlətimizin başçısı İlham Əliyevə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında