Şriftin ölçüsü:
16.07.2011 11:05 | Oxunma sayı: 700
Beynəlxalq Muğam mərkəzində Azərbaycan Turizm İnstitutunun (ATİ) "Məzun 2001" adlı ikinci buraxılış mərasimi keçirildi. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ATİ-nun rektoru Cəfər Cəfərov, ATİ-nin tərəfdaşı olan Avstriyanın Krems Texniki Elmlər Universitetinin rektoru Eva Verner, ölkəmizdə akkreditə olunan diplomatik korpusun nümayəndələri, Milli Məclisin üzvləri, ali məktəblərin rektorları, elm və mədəniyyət xadimləri və müxtəlif dövlət qurumlarının təmsilçiləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan institutun rektoru Cəfər Cəfərov ötən 5 ilə nəzər saldı, bildirdi ki, Azərbaycan Turizm İnstitutu 2006-cı ildə 200 tələbə, 1 fakültə, 2 kafedra, 3 ixtisasla fəaliyyətə başlayıb: "Bu gün isə artıq 8 ixtisas üzrə 193 tələbə məzun olur. 2010-2011-ci ildən fəaliyyətə başlayan magistratura pilləsində 3 ixtisas üzrə 19 tələbə təhsil alır. Bu il isə instituta bakalavr üzrə 320, magistraturaya 37, doktoranturaya isə 16 nəfərin qəbulu planlaşdırılıb".
Rektor dedi ki, hazırda ölkə ərazisində turizm prioritet sahə kimi gündəmdədir. Turizm sektorunun keyfiyyətli kadrlarla təmin etmək üçün institutun məzunlarından yararlanmaq lazımdır. Tədris proqramına uyğun olaraq tələbələrin müxtəlif turizm obyektlərində tanışlıq və istehsalat təcrübəsi keçmələrini xüsusi qeyd edən Cəfər müəllim bildirdi ki, ölkədə ilk dəfə ATİ tələbələri üçün nəzərdə tutulan 22 həftəlik istehsalat təcrübəsi semestrinin tətbiqi sayəsində tələbələr təkcə Azərbaycanda deyil, Türkiyə, Şimali Kipr, Yunanıstan, Malta, Ukrayna, Rusiya və İsrailin turizm müəssisələrində təcrübə keçirlər. Eyni zamanda, tələbələrin praktiki biliklərinin artırılması məqsədilə yay tanışlıq təcrübəsi də təşkil edilir. "Hazırda ATİ-nin 200-dən çox tələbəsi Azərbaycanda və xarici ölkələrdə istehsalat təcrübəsindədir. Məzunlarımız "Park İNN", "Hyatt Regency", "Kempinski", kimi otellərdə çalışırlar. Əminəm ki, yaxınlarda "Hilton-Bakı"da da bizim məzunları görə biləcəyik. Ölkədə turizm sahəsinin peşə təhsili ilə bağlı peşə məktəbləri şəbəkəsi yaradılır. Bugünkü məzunların uğurları göstərir ki, fəaliyyətimiz hədər getməyib, onların layiqli vətəndaş olmalarına çalışmışıq. Hər il Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının açıqladığı nəticələrdə institutun ilk beşlikdə yer alması yeni yaranan ali təhsil müəssisəsi üçün böyük uğurdur. ATİ Dünya Turizm Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib. Gələcək üçün ən mühüm məqsədimiz inkişaf edən ölkələrin universitetləri səviyyəsində olmaq, regionda mühüm təhsil mərkəzinə çevrilməkdən ibarətdir".
Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ATİ-nin bu məzunlarının buraxılışının turizm sənayesi üçün çox önəmli və əlamətdar hadisə olduğunu bildirdi. Nazir Azərbaycanda ilk dəfə olaraq ikili diplom sisteminin məhz Turizm İnstitutunda həyata keçirildiyini və məzunların təyinatının azad olduğunu qeyd etdi: "Bu uşaqların böyük əksəriyyəti artıq özünə iş tapıb. Onlara bu gün tələbat var. İnstitutun nəzdində yaradılacaq turizm peşə məktəbinin kollektivinin formalaşması üçün məzunların potensialından istifadə etmək nəzərdə tutulur. Azərbaycan Turizm İnstitutunun məzunları sənayeyə çox vaxtında daxil olurlar. İndi xidmətlərin keyfiyyətlərinin artırılmasına xüsusi önəm veririk. Əminəm ki, bizim institutda ali təhsil almış peşəkarlar turizm sənayesinin inkişafı üçün var gücü ilə çalışacaqlar".
Avstriyanın Krems TEU-nin rektoru Eva Verner də öz növbəsində məzunları təbrik etdi və onlara gələcək iş həyatlarında uğurlar arzuladı. Sonra Avstriyanın Krems TEU-ni uğurla bitirən 19 tələbəyə ikili diplom təqdim olundu.
Sonda tədbir iştirakçıları milli rəqslərimiz, muğam ifaları və digər musiqi nömrələri ilə süslənmiş konsert proqramını məmnuniyyətlə seyr etdilər.
{nl}
Z. BƏŞİRQIZI, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.