Azərbaycan Dövlət Pedaqoji Universiteti 90-cı ildönümünə böyük uğurlarla gedir. Universitetdə 2010/2011-ci tədris ilinin yay imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq və digər müvafiq tədbirləri həyata keçirmək məqsədilə ADPU-da xeyli iş görülmüşdür. Bununla əlaqədar təhsil naziri Misir Mərdanovun "Ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin yay imtahan sessiyasının təşkili və keçirilməsi barədə" əmri diqqət mərkəzində saxlanılır.
Diqqəti cəlb edən odur ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov ötən müddət ərzində universitetdə tələbələrin müəllimlərə olan inamını bərpa edə bilmişdir. Beş ildir bu iş davam etdirilir və daha da təkmilləşdirilir. Aydındır ki, ali məktəbin ən vacib işlərindən biri də imtahanların uğurla keçirilməsi prosesidir. Son illər bu iş çox ciddi nəzarət altında aparılır. Bu məqsədlə hər fakültədə və ümumən universitetdə münaqişə komissiyası yaradılmış, həmçinin universitet üzrə "Qaynar xətt" fəaliyyət göstərir.
Universitetin ən obyektiv, təcrübəli, ağsaqqal müəllimləri, psixoloqlar bu komissiyalarda iştirak edirlər. İmtahanlar qiyabi şöbədə yazılı, əyani şöbədə isə test üsulu ilə aparılır. Əvvəlki illərdən fərqli olaraq bu tədris ilindən tələbələrə kömək məqsədilə testlər və onların cavab variantlarının qabaqcadan verilməsi məqsədəuyğun hesab edilmişdir. Hətta bu ildən etibarən qiyabi şöbənin I kurs tələbələri də test üsulu ilə imtahana cəlb edilmişlər.
Qeyd edim ki, cari tədris ilində orta balı 4,5-dən yüksək olan tələbələrə buraxılış işi yazmağa icazə verilmişdir. Təkcə tarix fakültəsinin nümunəsində onu deyə bilərəm ki, iyunun 28-də akademik N.M.Vəlixanlının sədrliyi ilə tarix fakültəsinin IV kursunda buraxılış işi yazan 8 nəfər tələbə dinlənilmiş, onlardan 2 nəfəri "4"; 4-ü "3"; 2-i isə "qeyri-kafi" qiymət almışdır. Tarix fakültəsində yekun Attestasiyasına buraxılan 119 nəfər tələbə müvəffəqiyyətlə imtahan vermişdir. Onlardan: 60 nəfər - "5", 44 nəfər "4", 15 nəfər "3", 3 nəfər isə "2" qiymət almışdır. Kompyüterlə imtahan verən tələbələrin isə bir-biri ilə əlaqə saxlamaq və kömək etmək şansı olmur. Çünki kompyuter otağında yanaşı oturan tələbə ixtisasca ayrı olur. Onların başqasına kömək etmək imkanları da məhduddur. Üç saatdan sonra tələbənin cavabı kompyuterin ekranında görünür. Nəzarətçilər kompyuter zalında nizam-intizamı gözləyirlər. Yazılı imtahan prosesində isə tələbələr "koordinator" adlanan iki nəfərin nəzarəti altında 90 dəqiqə ərzində biletindəki suallara cavab yazır. Fənn müəllimi də imtahanda həm nəzarətçi, həm də biletdəki sualların izahını vermək məqsədilə iştirak edir. İmtahan üçün ayrılmış otaqlara kamera ilə də nəzarət edilir. Yazılar koordinatorlar otağında şifrələnərək fənn müəlliminə verilir, müəllim kimin yazısını yoxladığını bilmir. Qiymətlər isə imtahan gününün səhərisi elan edilir. Qiymətindən narazı qalan tələbələr dərhal münaqişə komissiyasına müraciət edirlər. Bəzən tələbənin arzuladığı qiyməti alması üçün 1-2 balı çatışmadıqda, tələbə ilə müəllimin görüşündə tələbənin şifahi izahı qənaətbəxş olarsa, komissiya ortaya çıxan narazılığı tələbənin xeyrinə həll edir. Komissiya tərəfindən imtahan suallarının proqramla uyğunsuzluğu, təkrar suallar, texniki qüsurlar aradan qaldırılır. Müəllimin yazını obyektiv yoxlamaması aşkar edilirsə, yerindəcə düzəlir. Müəllimin tələbənin cavabını qiymətləndirməsində kəskin fərq olarsa, məsələn, 4-dən çox bal fərqi yaranarsa, yazı digər ixtisasçı tərəfindən təkrar yoxlanılır. Müəllimin qeyri-obyektivliyi aşkar edilərsə, onda müəllim tənbeh edilir.
Məhz bunun nəticəsidir ki, imtahan vərəqində heç bir suala cavab yazmayan tələbə başa düşür ki, heç kəs ona kömək edə bilməz. Deməli, biletdə olan beş sualdan ən azı ikisinə, üçünə cavab yazmaq üçün tələbə hökmən oxumalıdır. Biliyin yeganə meyar olmasını tələbə dərk edir. Müsbət qiymət alan tələbə başa düşür ki, o yalnız oxuduğuna görə yaxşı qiymət alır, yəni oxumaq vacibdir. Əks halda, heç nəyə nail olmaq mümkün deyil.
Tələbələrin tapşırıqla qiymət alması halı da mümkün deyil, çünki tələbə cavab vərəqində iki suala dolğun cavab yazmalıdır.
Bu proses hər semestr təkmilləşir. Buraxılan nöqsanlar növbəti semestrlərdə aradan qaldırılır. Məsələn, əvvəlki imtahanlarda bəzi tələbələrin biletdəki suaları dəyişmələri hallarına təsadüf edilmişdir. Bu sessiyada bu da yoxlanılır, yəni tələbə dəyişdiyi suala yox, biletindəki suallara cavab yazmalıdır. Əks halda, həmin suala bal verilmir.
Sevindirici hal odur ki, universitetin ən çox yüksək bal almaq istəyən tələbələri komissiyaya inamla müraciət edirlər. Sessiya müddətində 270 nəfər tələbə bu və ya digər səbəbdən komissiyaya müraciət etmişdir. Onlardan 79 nəfəri qənaətbəxş cavab almışdır: 25 nəfər yazılı (qiyabi), 54 nəfər isə (əyani) kompyuterlə imtahan vermişdir, 7 nəfər magistrin müraciəti müsbət həll olunmuşdur.
Arzulayan valideynlərin imtahanlarda iştirakı təmin edilmişdir. Onlar imtahanların gedişindən razı qalmışlar. Tələbələr və valideynlər kompyuter imtahanlarından razıdırlar. Təcrübə göstərir ki, hər qrupda olan 25 nəfər tələbənin əksəriyyəti sessiyanı müvəffəqiyyətlə başa vurur. Əcnəbi tələbələrin imtahanlarının müvəffəq keçməsi həmişə universitet rəhbərliyinin diqqət mərkəzindədir.
Əlavə edim ki, universitetdə kəsrləri ləğv etmək istəyən tələbələr üçün münbit şərait vardır. "Qaynar xətt"in üzvləri hər gün imtahan otaqlarını gəzərək tələbələrə neqativ hallar haqqında dərhal anonim və ya imza ilə qərargaha məlumat vermələri bildirilir.
Əlbəttə, dediklərimizə inanmaq üçün istənilən valideyn müvafiq dekanlığa, habelə "Qaynar xətt"ə müraciət edə bilir, yəni imtahandan kəsilən tələbənin sözünə inanmağa ehtiyac qalmır. Aydındır ki, oxumayan tələbə özünə haqq qazandırmaq üçün istənilən fikrə əl ata bilər. Valideyn isə bu deyilənin doğru olub-olmadığını yoxlaya bilər.
Yay imtahan sessiyasında qeyri-kafi qiymət alan tələbə təqribən oktyabrın 1-dən akademik borcların ləğvinə gələ bilər. Üç turdan ibarət olacaq imtahanlarda qeyri-kafi qiymət alan tələbələrə, öz biliklərini bir daha nümayiş etdirmək üçün şərait yaradılacaqdır.
Göründüyü kimi, Azərbaycan Dövlət Pedaqoji Universiteti özünün qarşıdakı 90 illik yubileyinə böyük nailiyyətlərlə gedir. Universitetdə yaranmış sağlam mühiti saxlamaq üçün hamıdan - həm müəllimlərdən, həm də tələbələrdən obyektivliyin qorunması tələb olunmuşdur. Bu da müsbət nəticələrə gətirib çıxarmışdır.
{nl}
Süleyman MƏMMƏDOV ADPU "Qaynar xətt"qərargahının sədri, əməkdar elm xadimi, professor
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.