Şriftin ölçüsü:
09.07.2011 11:39 | Oxunma sayı: 723
Qurtarsa müharibələr,
Gəlsə sevinc, getsə kədər,
Dost olsa bütün ölkələr
Nələr olar dünyamızda.
Bu misralar Rəşid Ramazanovun "Nələr olar dünyamızda" şeirinin bir bəndidir. Rəşid bu şeiri yazanda onun cəmi 12 yaşı olub. İndi Rəşidin 19 yaşı var və o, Qafqaz Universitetinin 1-ci kurs tələbəsidir. Amma özünün də dediyi kimi, 3 bənddən ibarət bu şeir onun həyatını kökündən dəyişib. Baş verən bu hadisələr doğrudan da həm Rəşid, həm də onun ailəsi üçün gözlənilməz olub. Doğrudan da nələr olur dünyamızda?
Hər şey doğrudan da balaca Rəşidın "Nələr olar dünyamızda" şeirindən başlayıb. Daha doğrusu, "Azercell"in 2004-cü ilin dekabr ayında uşaqlar arasında elan etdiyi "DE!" şeir və hekayə müsabiqəsindən başlayıb. Qeyd edək ki, "DE!" layihəsinin əsas məqsədi istedadlı uşaqları üzə çıxarmaq idi. Bu məqsədə nail olmaq üçün Azercell bütün bölgələrdən olan uşaqların iştirakını təmin etdi. Ona görə də ölkəmizin hansı bölgəsində, ailədə və yaxud internatda yaşamasından asılı olmayaraq, bütün uşaqlara bu müsabiqədə iştirak etmək üçün lazımi şərait yaradıldı. "Azercell Telekom" respublikamızın 19 müxtəlıf bölgəsinin 64 uşaq evləri və internat məktəblərində, eləcə də "Azercell Ekspres" ofislərində xüsusi qutular yerləşdirmişdi. Uşaqlar isə sanki bunu gözləyirdilər. Onlar kövrək qəlblərindən süzülən sözləri kağıza köçürərək qutulara atırdılar. Müsabiqəyə 2 min nəfərdən çox uşaq qoşularaq, öz əsərlərini göndərmişdi. Onların içində Rəşidın da şeiri var idi.
Əsərlərin sayı çox olduğundan müsabiqəyə yekun vurmaq üçün bir il vaxt tələb olundu. Münsiflər heyəti onları oxuyub qiymətləndirməli idi. Rəşid və onun ailəsi bəlkə də artıq bu şeiri unutmuşdular. Onlar öz gündəlik həyatları və qayğıları ilə yaşayırdılar. Amma bir gün onların qapısı döyüldü. Bunlar "Azercell"in əməkdaşları idi. Xoş xəbərlə gəlmişdilər. Rəşidın şeiri öz yaş qrupu üzrə 3-cü yerə layiq görülmüşdü. İndi isə onun valideynlərindən Rəşidın şeirinin "De!" kitabında dərc olunmasına razılıq istəyirdilər. Yaşın nə fərqi var ki, axı o müəllifdir, onun müəlliflik hüququ var. Valideynləri təbii ki, öz razılıqlarını verdilər. Gələn əməkdaşlar həmçinin Rəşidi 10 yanvar 2006-cı ildə "DE!" kitabının təqdimatına dəvət etdilər. Təqdimatda ona həm kitab, həm də kompyuter hədiyyə edildi.
Rəşid məktəbdə həmişə yaxşı oxuyurdu, əlaçı idi. Amma bütün bunlardan sonra daha da həvəslənmişdi və oxuyub çalışmağa eşqi daha da artmışdı. Altıncı sinif şagirdi özünü bir daha sınamaq qərarına gəldi. Sınadı və yenə də uğur qazandı. O, Bakı Özəl Türk Liseyinin Dədə Qorqud filialına yüksək balla qəbul oldu. Rəşid yüksək bal toplasa da təhsil haqqını ödəmək imkanı yox idi. Qeyd edək ki, onun atası Sahib Ramazanov "Qaya" mətbuat yayımı firmasının əməkdaşı, anası Sevinc xanım isə orta məktəb müəlliməsidir. Onlar xeyli düşündükdən sonra "Azercell"ə müraciət etmək qərarına gəldilər və yanılmadılar. "Azercell" istedadlı Rəşidə hə dedi. Onun 5 illik təhsil xərclərini şirkət öz üzərinə götürdü. Rəşid də borclu qalmadı. Hər dərs ilinin sonunda öz qiymət cədvəlini şirkətə təqdim edirdi. Qiymət cədvəlində isə necə deyərlər, bir qiymət var idi, o da "əla". Deməli, hər şey qaydasında idi.
Rəşid liseydən sonra daha bir uğura imza atdı. O, ötən il 675 balla Qafqaz Universitetinin ingilis dilli "Kompyuter Mühəndislik" ixtisasına qəbul oldu. Rəşid qış imtahanlarına da əla qiymətlə yekun vurdu. O, əlaçıdır. Yüksək bal topladığı və əlaçı olduğuna görə təhsil haqqından azaddır. Həm də Prezident təqaüdçüsüdür.
Rəşid öz uğurlarını bundan sonra da davam etdirəcəyini deyir. Çünki həyat dayanmır, davam edir və insanı müxtəlif sınaqlara çəkir. Rəşid deyir ki, kimsə ona belə bir əhvalat danışsaydı ona heç vaxt inanmazdı. O, "Azercell"in bu addımını öz gələcəyinə bir sərmayə kimi qiymətləndirir. Özü də təəccüblə soruşur: "Axı bu bir rabitə şirkətidir. Mənə dəstək verməkdə isə heç bir maddi marağı, mənfəəti yoxdur!". Sonra fikirləşib deyir: "Yəqin bölüşür. Ətrafa, insanlara dəstək verir ki, onlar da başqasına bunu etsinlər. İndi mən də bu haqda çox fikirləşirəm. Gərək uğurlarımı davam etdirim ki, mən də insanlara xeyir verə bilim. Əlbəttə, mən maddi köməyi nəzərdə tutmuram".
Rəşid Ramazanov artıq Qafqaz Universitetinin 1 kursunu bitirir. Amma onun "Azercell"ə əlaqələri itməyib. O, yayda bu şirkətdə təcrübə keçəcək. Axı, Rəşid universiteti bitirdikdən sonra "Azercell"də çalışmaq istəyir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.