Zərdabilər ailəsinin xalqsevər yetirməsi
{nl}
Azərbaycanın ilk fizik alimi, tanınmış publisist və teatrşünas, milli ali təhsil qurucularından biri olmuş Rəhim bəy Mehrəli bəy oğlu Məlikovun anadan olmasının 125 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Yazıçılar Birliyində keçirilən yubiley mərasimində unudulmaz alim-pedaqoqun həyat və fəaliyyətindən, bağlı olduğu milli-məfkurəvi dəyərlərdən ətraflı söhbət açıldı.
Həsən bəy Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin prezidenti, "Güzgü" qəzetinin baş redaktoru Səttar Zərdablı Rəhim bəy Məlikovun böyüyüb-tərbiyə aldığı mühit, maarifçilik fəaliyyəti, milli fizika məktəbini formalaşdırması barədə geniş məlumat verdi. Natiq bildirdi ki, milli mətbuatımızın və teatrımızın banisi, ölkəmizdə bir sıra elmi-mədəni fəaliyyət sahələrində əsaslar yaratmış Həsən bəy Zərdabinin qardaşı oğlu Rəhim bəy Məlikov onun layiqli varislərindən biri kimi tanınır. Böyük xalq xadimi, milli ziyalılarımızın mənəvi atası Həsən bəy yaxın gələcəkdə Azərbaycan elmini, təhsilini, mədəniyyətini inkişaf etdirəcək nəslin yetişdirilməsini fəaliyyətinin əsas istiqamətlərindən biri kimi ömrünün sonunadək davam etdirmişdir. Onun ailə pansionunda qızları Pərisoltan və Qəribsoltan, oğlanları Midhət və Siffətlə bir yerdə tərbiyə alanların hamısı sonralar tanınmış ziyalılar oldular. Zərdabinin Bakı real gimnaziyasında dərs dediyi və geniş maarifçilik fəaliyyəti ilə milli oyanış prosesinə qoşduğu soydaşlarımız mədəni həyatın müxtəlif sahələrində yeni yönlər açdılar.
Həsən bəyin öz övladları ilə birlikdə böyüdüb-tərbiyələndirdiyi qardaşı oğlu Rəhim bəy də əmisinin məfkurə və əməl məktəbinin layiqli davamçılarından biri olmuşdur.
1986-cı il mayın 2-də Göyçay qəzasının Zərdab kəndində anadan olmuş Rəhim bəy 7 yaşında olanda atası Mehrəli bəyi ermənilər öldürmüşlər. O illərdə hakim və yerli irticanın Zərdab kəndində yaşamağa məcbur etdiyi Həsən bəy qardaşı oğlunu öz uşaqları ilə birlikdə tərbiyələndirməyə başlamış, 1895-ci ildə Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıya gələndə də ailəsi ilə gətirmişdi. Rəhim bəy əmisinin himayəsi ilə 1906-cı ildə Bakı real gimnaziyasını bitirmiş, onun tövsiyəsi ilə həmin il Rusiya imperiyasının məşhur ali məktəblərindən olan Kazan Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdu.
Həsən bəy və onun ətrafında cəmləşmiş milli ziyalılar hələ gimnaziya illərində Rəhim bəyin xalq işinə səfərbər olunmasında mütləq rol oynamışdılar. O, yeniyetmə yaşlarından milli ədəbiyyatı dərindən öyrənmiş, yeni yaranan teatr həyatı ilə bağlanmış, bu mövzularda dövri mətbuatda silsilə çıxışları olmuşdur. M.F.Axundovun və H.Zərdabinin maarifçilik ideyaları onu milli-mədəni hərəkatın fəallarından biri kimi formalaşdırmışdır. Rəhim bəy tələbəlik illərində publisistik fəaliyyətini genişləndirmiş, xalqın taleyinə biganə qalan mətbuatı pisləyərək, "Əkinçi" yolunu davam etdirən "Molla Nəsrəddin" cəbhəsinin məfkurə yönünü müdafiə etmişdir.
1912-ci ildə ali təhsilini başa vuran Rəhim bəy Şimali Qafqazın bir sıra şəhərlərində fəal pedaqoji iş aparmış, Azərbaycanda gedən milli-mədəni oyanış, məfkurəvi toparlanma ilə sıx bağlı olmuşdur. Bu illərdə Rəhim bəy əmisinin məramına və qələminə xas olan bir qeyrətlə gündəmdə olan mövzularda aydın, kəskin çıxışlar etmiş, liberal-irticaçı qüvvələrin tənqidlərinə tuş olmuşdur. Nəriman Nərimanov kimi demokrat ziyalılar Zərdabilər ailəsinin bu vətənsevər, xalqsevər balasını müdafiə etmişlər.
Sovet dövrünün ilk illərində də doktor Nəriman Nərimanovun təşəbbüsü ilə Rəhim bəy Məlikov Bakıya dəvət olunmuş, milli ali təhsil quruculuğu işinə cəlb olunmuşdur. Bu illərdə o, ana dilində fizika və riyaziyyat proqramları, dərslikləri, tədris vəsaitləri yaradılması işinin önündə getmiş, ilk professional fizika məktəbinin əsasını qoymuşdur. Rəhim bəy bir sıra ali və orta ixtisas məktəblərində fizika və riyaziyyatdan dərs demiş, tədris prosesini qaydaya salmışdır. Azərbaycanın ilk fizika professoru 1930-1936-cı illərdə Pedaqoji İnstitutun fizika kafedrasının müdiri olmuşdur.
Həmin illərdə start götürən repressiya Rəhim bəydən də yan keçməmiş, Zərdabilər ailəsinin digər üzvləri kimi o da bu amansız prosesin qurbanı olmuşdur. Təzyiq və ittihamlara dözə bilməyən Rəhim bəyin ürəyi 1936-cı il fevralın 23-də iş başında dayanmışdır. Onun itkisi ilə milli təhsil sahəsində böyük bir boşluq yaranmışdır. Bir il sonra ardıcıllarından biri yazmışdı: "Rəhim bəyin zəhməti bəhrə verməyə başlamışdır. Hazırda bizim bir sıra azərbaycanlı fiziklərimiz yetişmişdir ki, onların hamısı R.Məlikovun tələbəsi hesab olunur".
Mərasimdə çıxış edən tanınmış Zərdabi tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Vəli Məmmədov Rəhim bəy Məlikovu Həsən bəyin yaratdığı milli mətbuatımızın sonrakı dəyərli yazarlarından biri kimi səciyyələndirdi, onun publisistika irsini öyrənib nəşr etməyin vacibliyini vurğuladı.
Azərbaycan Dillər Universitetinin professoru Məhəmməd Teymurlu Rəhim bəydən Zərdabilər ailəsinin xalqımıza bəxş etdiyi görkəmli bir ziyalı kimi söz açdı, onun pedaqoji fəaliyyəti üzərində ətraflı dayandı. O, belə bir nurlu soydaşımızı çağdaş nəslin kifayət qədər tanımadığını təəssüflə qeyd etdi, bu sahədə hərəkətə gəlməyin vaxtı olduğunu söylədi. S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin müdiri Maarif Teymur, Məlikovlar nəslinin təmsilçisi, "Sumqayıt" qəzetinin baş redaktoru Qüdrət Məlikov və digər natiqlər də Rəhim bəy Məlikovun həyat və fəaliyyətinin diqqətdən kənar qalmış yönlərinə nəzər saldılar.
Mərasim iştirakçıları yubiley tədbirlərinin elm və təhsil sahələrində, Rəhim bəyin doğulduğu Zərdabda da davam etdirilməsi, onun elmi-pedaqoji və publisistik fəaliyyətinin dərindən öyrənilməsi ilə bağlı arzularını da dilə gətirdilər.
{nl}
Tahir AYDINOĞLU, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.