Neft Akademiyasında builki məzunlarla görüş keçirildi

Dünən Azərbaycan Dövlət Neft Akademiyasında 2010-2011-ci tədris ilinin məzunları ilə görüş keçirildi. Tədbirdə akademiyanın rəhbərliyi, müəllim və tələbə kollektivi, eləcə də qonaq qismində dəvət olunmuş Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, bp şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti, Milli Elmlər Akademiyasının müxbir üzvü Rəşid Cavanşir, "Azərkimya" İstehsalat Birliyi Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev iştirak edirdilər. 
Akademiya ilə vida görüşünə toplaşmış məzunlarla görüşü ADNA rektoru, akademik Siyavuş Qarayev açaraq bildirdi ki, bu gün akademiyanı bitirən hər bir məzun üçün həyəcanlı və məsuliyyətli bir gündür. Rektor 2010-2011-ci ilin məzunlarını bu əlamətdar gün münasibətilə təbrik etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. "Əminəm ki, bu görüşümüz sizin yaddaşınıza əbədi həkk olunacaq, irəliyə doğru atdığınız hər bir addıma stimul verəcək, vətəndaşlıq məsuliyyətinizi daha da artıracaq".
Bu il 1486 nəfərin, o cümlədən 42 nəfər xarici ölkə vətəndaşının və 181 nəfər magistrin akademiyanı bitirdiyini deyən akademik Siyavuş Qarayev qeyd etdi ki, bu ilin məzunları üçün təhsil illəri və maraqlı tələbə həyatı artıq arxada qalmışdır. Onun sözlərinə görə, bu akademiyada ümummilli liderimiz Heydər Əliyev təhsil almışdır. Ona görə də Neft Akademiyasının məzunları bundan qürur duymalı, bəşəri ideyaları layiqincə qiymətləndirməli və müstəqil Azərbaycan dövləti üçün gənc mütəxəssislər olaraq neft sənayesinin inkişafına çalışmalıdırlar. Rektor bildirdi ki, əzmkarlığı, yüksək intellekti, şəxsi intizamı və məsuliyyəti ilə seçilən 206 bakalavr və 124 magistr akademiyanı fərqlənmə diplomu ilə bitirmişdir.
"Ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı və onun layiqli davamçısı, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyasının əfsanədən reallığa çevrilməsi, Azərbaycanın qüdrətli dövlət səviyyəsinə yüksəlməsi və ölkəmizin Avropanın yanacaq-enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətindəki fəaliyyəti gənclər arasında neft-qaz sektoruna və bu sahədə elmi biliklərə marağı daha da artırmışdır. Neft Akademiyasında tədrisin beynəlxalq standartlar səviyyəsində təşkili, keyfiyyət göstəricilərinin ildən-ilə yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi və təhsil ocağında sağlam psixoloji iqlimin yaradılması istiqamətində həyata keçirilən sistem xarakterli tədbirlər müsbət nəticələr verməkdədir. Məhz bu səbəbdəndir ki, məzunlarımız arasında sərbəst iqtisadi münasibətlərin tələblərinə cavab verən, xarici dilləri bilən, kompyuter texnikası ilə işləməyi bacaran, müasir idarəçilik metodlarına bələd olan istedadlı gənclər çoxdur. Onların böyük əksəriyyəti mükəmməl bilik qazanmış, yüksək ixtisaslı və müasir təfəkkürlü mütəxəssis kimi fomalaşmışlar", - deyə rektor əlavə etdi.
Akademik Siyavuş Qarayev əmin olduğunu bildirdi ki, builki məzunlar da, əvvəlki illərin məzunları kimi, bu qədim elm məbədinin şərəfli adını doğrultmağa çalışacaq, neft sənayesinin ayrı-ayrı sahələrində ölkəmizin tərəqqisi və çiçəklənməsi naminə fəaliyyət göstərəcək, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən geniş miqyaslı sosial-iqtisadi inkişaf proqramlarının reallaşmasına öz töhfələrini verəcəklər.
Akademik Xoşbəxt Yusifzadə də çıxışına məzunları təbrik etməklə başladı, özünün də Neft Akademiyasının məzunu olduğunu və bundan fəxr duyduğunu bildirdi. ARDNŞ-nin birinci vitse-prezidenti təhsilini fərqlənmə diplomu ilə bitirənləri xüsusilə təbrik etdi və dedi ki, 1953-cü ildən bəri çalışdığı neft sənayesində qazandığı təcrübəyə əsasən əmindir ki, yaxşı oxuyan insanlar sonralar həm də yaxşı işçi olurlar. Onun sözlərinə görə, Neft Akademiyasının məzunları keçmiş SSRİ-nin və Azərbaycanın dövlət və hökumət strukturlarında qabaqcıl mövqelərə çıxa, yüksək vəzifələr tuta biliblər. Məsələn, ADNA məzunlarından Sabit Orucov SSRİ hökumətində nazir vəzifəsinə qədər yüksəlib, Fərman Salmanov Sovet İttifaqının ən böyük neft yataqlarını kəşf edib. Azərbaycanın hazırkı baş naziri Artur Rasizadə də Neft Akademiyasının məzunudur. Eyni zamanda, Azərbaycanın neft-qaz sənayesi son illərdə böyük sıçrayışla inkişaf etmiş, keçən il 50 milyon ton neft, 26 milyard kubmetr qaz istehsal edilmişdir. İndi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin hər yerində böyük tikinti-quruculuq işləri görülür. Bu işlərdə neft sənayesinin də payı var. ARDNŞ artıq dünya səviyyəli şirkət olaraq dünyanın bir sıra ölkələrində, o cümlədən Türkiyədə, Gürcüstanda, Rumıniyada, Macarıstanda özünün fəaliyyət sahələrini yaradıb. Şirkətin Neft Akademiyası ilə əlaqələri də get-gedə genişlənir. 2006-cı ildən bəri ADNA-nın 543 nəfər tələbəsinə təqaüd verilir. 122 tələbənin xarici ölkələrdə təhsil almasına maliyyə ayrılır. Artıq onlardan 40 nəfəri təhsilini başa vuraraq ölkəyə qayıdıb. X.Yusifzadə arzu etdiyini bildirdi ki, bugünkü məzunlar da neft sahəsində çalışan yaşlı nəslin yolunu uğurla davam etdirsinlər.
bp şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir də məzunları və müəllimləri təbrik edərək bildirdi ki, o da Neft Akademiyasının məzunudur, təhsil illərində tələbə həmkarlar təşkilatının sədri olub. Onun dediyinə görə, şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə ərazisində gördüyü işlərin analoqu dünyanın heç bir yerində yoxdur. Şirkətdə yerli kadrların da sayı ilbəil artmaqdadır. Artıq onların sayı 90 faizə çatıb. Rəşid Cavanşir qapılarının Neft Akademiyası məzunlarının üzünə həmişə açıq olduğunu da əlavə etdi. Əgər əvvəllər təkcə geoloji kəşfiyyat və neft-mədən fakültəsinin məzunları işə qəbul edilirdisə, indi bütün fakültələri bitirənlər şirkətdə iş tapa bilər.
"Azərkimya" İstehsalat Birliyi Müşahidə Şurasının sədri Muxtar Babayev də Sumqayıt kimyaçıları adından məzunları təbrik etdi, onların işləməsi üçün kimya kompleksində böyük imkanlar olduğunu bildirdi.
Sonra məzunlardan Sabrina Alıyeva, Həmidağa Bayramov, İlkin Cəfərov, Həsən İsmayılov, Həmidə Əliyeva, məzunların valideynlərindən Xanlar Həmzəyev, Şəmsiyyə Sadıqova çıxış edərək akademiya rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Akademiyanı fərqlənmə diplomu ilə bitirən məzunlara diplomlar təqdim edildi. Yekun sözü ilə çıxış edən rektor, akademik Siyavuş Qarayev Azərbaycanın neftçi kadrlara böyük ümidlər bəslədiyini qeyd etdi.
Tədbir respublikanın populyar müğənnilərinin və ADNA-nın tələbə özfəaliyyət kollektivinin ifasında maraqlı konsert proqramı ilə davam etdirildi.

{nl}

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında